23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində Azərbaycanın milli rəsm sənətinin görkəmli simalarından biri olan, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir keçirildi. 

Əvvəlcə naxçıvanlı rəssamlar və sənətsevərlər Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Naxçıvan şəhərindəki binasından başlayaraq Bəhruz Kəngərlinin şəhərdəki məzarınadək yürüş etdilər, ilk realist fırça ustasının məzarüstü abidəsinin önünə gül dəstələri düzdülər.
Bəhruz Kəngərli Muzeyində davam etdirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirdi ki, qısa həyat yaşamasına baxmayaraq, rəssam yaradıcılığı boyu çox zəngin və rəngarəng bir irs qoyub. Onun istər portret, istər mənzərə, istərsə də natürmort janrlarında yaratdığı çoxsaylı əsərləri rəssamın son dərəcə həssas və dərin düşüncə tərzindən xəbər verir. Sənətkarın 2 mindən çox əsərinin mövcudluğu məlumdur.

Natəvan Qədimova vurğuladı ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb. Həmyerlimiz olan Bəhruz Kəngərlinin də yaradıcılıq irsi dövlətimiz tərəfindən qayğı ilə əhatə olunaraq qorunmaqdadır. 2002-ci ilin yayında doğma Naxçıvanımızda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bəhruz Kəngərli Muzeyinin açılışı olub. Ulu öndər rəssamın yaradıcılığına böyük dəyər verib. Naxçıvanda fəaliyyət göstərən Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib. 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” və elə həmin il Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında sərəncamları bu irsə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı, həmin sərəncama əsasən muxtar respublika Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı, Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması rəssamın yaradıcılıq irsinin təbliği üçün geniş imkanlar yaradıb. Onun Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanan 195 əsərinin surəti çıxarılaraq muzeyə gətirilib. İlk dəfə olaraq onun əsərlərindən ibarət albom-kataloq hazır­lanıb, rəssamın məzarüstü abidəsi abadlaşdırılıb, poçt markası buraxılıb, onun adını daşıyan sərgi salonunda əsərlərindən ibarət sərgi təşkil edilib və digər işlər görülüb.
“Düşünürəm ki, rəssamın yaradıcılığı öz mahiyyəti etibarı ilə bu gün müasir gəncliyimiz üçün də nümunədir”, – deyən mədəniyyət və turizm naziri bildirdi ki, Bəhruz Kəngərli irsi daim yaşayacaq, onun bir-birindən maraqlı əsərləri öz mahiyyəti və məzmunu ilə insanların mənəvi aləminə təsir edəcəkdir.
“Azərbaycan rəssamlıq məktəbində Bəhruz Kəngərli yaradıcılığının rolu” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva dedi ki, qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. O, vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev “Bəhruz Kəngərli yaradıcılığında “Qaçqınlar” silsiləsi” mövzusundakı çıxışında qeyd etdi ki, rəssam 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların por­tretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və sair onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret ustası kimi yaratdığı personajların daxili psixoloji aləmini açıb göstərə bilib. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirməklə yanaşı, həm də onların böyük mədəniyyətin daşıyıcısı olduqlarını diqqətə çatdırmağa çalışıb.
Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev çıxışlarında rəssamın həyat və yaradıcılığından ətraflı söhbət açdılar. Bildirildi ki, görkəmli rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.
Sonda tədbir iştirakçıları muzeyin eksponatları ilə tanış oldular.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR