Yanvarın 19-da Babək Rayon Xalq Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası göstərilmişdir.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Əli Səfərov və musiqi tərtibatçısı Cabir Məmmədovdur.
Tamaşada teatrın aktyorları İsmayıl Qurbanov (Vətən), Stella Babayeva (Fərqanə), Akif Əsədov (Murad), Səbinə Corayeva (Gültac), Firdovsi Səfərov (Kürən), Kənan Feyzullayev (Kərim) iştirak etmişlər.
Səhnə əsərində uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətəndən bəhs olunur. Onlar Qarabağ savaşına da birgə getmiş, lakin sonradan həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalandıqdan, təxminən, 10 il sonra dostlar yenidən görüşürlər. Bu müddətdə Vətən torpaq həsrəti ilə yanıb-yaxılır, Murad isə Qarabağ döyüşündən sonra əldə etdiyi sərmayə ilə var-dövlət qazanıb. İndi iki dost arasında yurda, torpağa münasibətdə fikir ayrılığı yaranıb.
Belə bir vaxtda ailəsi ilə birgə inşası yarımçıq qalmış xəstəxana binasında yaşayan Vətənin qızı ağır xəstələnir. Onun həyat yoldaşı Fərqanə Vətəndən gizlin Muradı tapır, ondan kömək istəyir. Vətən dostunun ona baş çəkmək üçün gəldiyini düşünsə də, söhbət əsnasında Fərqanənin Muraddan xahişi ona bəlli olur və onun halı pisləşir. Çünki vaxtilə Qarabağ savaşında dərd və qəmləri, fikir, düşüncələri eyni olan bu iki dostun indi fikir, düşüncələri də ayrıdır. Vətən həmişəki kimi yurd həsrəti ilə yandığı halda, Muradın başı var-dövlət yığmağa qarışıb və bu da onun vaxtilə yaxın dostu olan Vətəni çox incidir.
Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Görəsən, kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, bir güllə qəlpəsindən öz doğma anasını itirən, amma indi xəstə qızına dərman pulu tapmayan igid Vətən, yoxsa bu savaşın hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Murad? Tamaşanın sonunadək izləyici bu suallara cavab tapmağa çalışır.
Yeni səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Sonda aktyorlara uğurlu tamaşaya görə rayon İcra Hakimiyyəti tərəfindən mükafat verilmişdir.
Hafizə Əliyeva