Yanvarın 20-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı ilə kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filminin nümayişi olub.
Filmə Naxçıvan Muxtar Respublikası ictimaiyyətinin nümayəndələri, gənc və yeniyetmələr baxıblar.
“Qanlı Yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya yeridilməsi və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.
Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.
Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə beynəlmiləl heyəti cəlb edib.
Filmdə Azərbaycan ilə yanaşı, Amerika, İran, rus və türk aktyorları birgə çalışıblar. Ekran əsərinin çəkilişində dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu və azərbaycanlılardan ibarət heyət iştirak edib.
“Bakıfilm”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilən filmin ərsəyə gəlməsinə dövlət tərəfindən də böyük dəstək verilib.
Azərbaycanın müstəqillik tarixinin qanlı və şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələri poetik düşüncəmizdə, teatr səhnəmizdə, bədii publisistikamızda öz əksini tapsa da, ilk dəfədir ki, bədii ekran həyatını yaşayır. Xalqımızın milli azadlıq istəyindən dönmədiyini, bu yolda hətta canından belə keçməyə hazır olduğunu təcəssüm etdirən belə bir bədii filmin ekranlaşdırılması və həmin dövrün canlı şahidi olmayan gənc və yeniyetmələr tərəfindən izlənilməsi təqdirəlayiq hadisədir.
Ceyhun Məmmədov