Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət “Tariximizin qəhrəmanlıq salnaməsi” mövzusunda rəsm sərgisi təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qürur tarixi, qəhrəmanlıq salnaməsi kimi qiymətləndirib.
Ülviyyə Həmzəyeva bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının silahlı qüvvələri Bakıya daxil olaraq dinc əhalini, əliyalın insanları gülləbaran edib. Bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub.
“Muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar”, – deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, bugünkü sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərimizə təqdim edilir. Bu istiqamətdə işlər davam etdirilir. Belə ki, yanvarın 19-da Qanlı Yanvar faciəsinə həsr olunmuş müsabiqədə uğur qazanan əsərlərin Bəhruz Kəngərli adına Sərgi Salonunda sərgisi təşkil olunacaqdır. Müsabiqədə Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev bildirib ki, hər birimizin yaddaşına əbədi həkk olunan həmin o məşəqqətli günlər Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 1990-cı ilin 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Rəssamlarımız əsərlərində daim bu mövzuya müraciət edir, xalqımızın qəhrəmanlıqlarla zəngin mübarizə tarixini əsərlərində canlandırırlar.
Naxçıvan Dövlət Rəsm Qalereyasının müdiri Hökümə Məmmədli, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli çıxışlarında qeyd ediblər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının milli qürur, milli iftixar günü, xalqımızın qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsidir.
Sonra sərgiyə baxış olub.
Rəfail Qədimovun “Kədər”, İsmayıl Əliyevin “Fəryad”, Fikrət Babayevin “Şəhid”, Mircəlil Seyidovun “Aqressor”, Natiq İsmayılovun “20 Yanvar” və digər rəsm əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgidə 20 rəssamın 50 rəsm əsəri nümayiş etdirilir.
Rauf Əliyev