23 Dekabr 2024, Bazar ertəsi

Qədim və zəngin tarixə malik olan Naxçıvan şəhərində 13 muzey var. Onlardan biri digərlərindən fərqlənir. O muzey and yerimiz, həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız,  fəxrimiz, ölməzliyimiz, örnəyimiz sayılan Şəhidlər xiyabanının yanında yerləşir. Mənaca böyük əhəmiyyət daşıyır bu muzey. Bugünkü gəncliyə örnəkdir. Burada nümayiş etdirilən hər bir eksponat insanları düşünməyə vadar edir, tamaşaçıya vətənpərvərlik ruhu aşılayır. “Vətən sevgisi nədir?”, “Biz Vətən üçün nə etməliyik?”, “Vətəni necə qorumaq lazımdır?” kimi suallara ən dolğun cavabı burada öyrənmək olar. Bu düşüncələrlə muzeyi gəzirəm. 

Buradakı eksponatlar qəhrəman oğul və qızlarımızın keçdiyi yolları gözlərim önünə gətirir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitabların hər biri ən qiymətli eksponatlardır. Guşələrin birindən haqq səsimiz ucalır.

Bu, Azərbaycan xalqının başına gətirilən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin gördüyü işlər və bu sahədə qəbul etdiyi mühüm qərarlardır. Muzeydə nümayiş etdirilən 400-ə yaxın eksponatın hər birində müstəqilliyə qovuşduğumuz günə qədər olan tariximizin qanlı və şanlı səhifələri bir çox mətləblərdən xəbər verir. 1918-1920-ci illərdə Naxçıvanda ermənilərin törətdikləri qanlı cinayətlər, 1937-1938-ci illərin repressiya qurbanları, 1941-1945-ci illər müharibəsinin iştirakçıları haqqında məlumatlar hər birimizi daha da mübarizləşdirir. 20 Yanvar faciəsinə həsr olunmuş guşə məni 26 il əvvələ qaytarır. O vaxt uşaq olmuşam. Həmin hadisələri gözlərimlə görməsəm də, oxuduğum kitablar, yaşlıların söhbətləri mənə bu barədə xeyli bilgi verib. Həmin bilgilər burada bir qədər də cilalanıb zənginləşir. Buradakı fotoşəkillər azadlığı, ərazi bütövlüyü, doğma torpaqları uğrunda mübarizəyə qalxan insanlara divan tutulmasına, yüzlərlə günahsızın qətlə yetirilməsinə şahidlik edir.
20 Yanvar hadisələrinə həsr olunmuş digər guşədən aydın olur ki, bu hadisələr təkcə azğınlaşmış sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətlərlə tamamlanmayıb. Həmin ərəfədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edilib, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə, muxtar respublikanın digər sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə, qəhrəmancasına mübarizə aparıblar, şəhidlər veriblər, Naxçıvanı qoruyub saxlayıblar.
Xocalı faciəsinə həsr olunmuş guşəyə yaxınlaşıram. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etməsi eksponatlarda öz əksini tapıb. İnsanın qanını donduran fotoşəkillər bunu bir daha bizə xatırladır.
Eksponatlara baxanda düşünürsən ki, xalqımızın başına gətirilən bu müsibətlər iradəmizi, milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilmədi. Bu faciələr Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifələri yazdı.
Guşələrin bir neçəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar haqqında məlumatlar, foto­şəkillər, onların şəxsi əşyaları insanı həm kövrəldir, həm də bizə bu günə və sabaha cavabdehlik hissi aşılayır. Əminliklə düşünürsən ki, onlar heç vaxt unudulmayacaqlar. Daim ehtiramla, böyük minnətdarlıq hisləri ilə xatırlanan şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqlar. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstəriblər və bu yolu qəhrəmanlıqla qət ediblər. Ölümə gedən yol onları ölməzliyə, əbədiyyətə, xalqımızı isə əbədi azadlığa qovuşdurub.
Qeyd edim ki, muzey məktəb-muzey şəbəkəsinə qoşulub. Burada mütəmadi interaktiv dərslər keçilir. Dərslər zamanı muzeydəki eksponatlar və xalqımızın qəhrəmanlıq tarixi barədə yeniyetmə və gənclərə ətraflı məlumat verilir.
Muzeydən hansı hislərlə ayrılıram? Qəlbimdə qürur hissi. Çünki Azərbaycanım indi azad, müstəqil bir dövlətdir. Güclü, düşmənin hər bir həmləsinə layiqli cavab verə biləcək ordumuz var. Azərbaycan səmalarında üçrəngli bayrağımız dalğalanır. O bayraq ki ötən əsrin əvvəllərində qəhrəman Azərbaycan xalqı onu başı üstə qaldırmışdı. Əsrin sonlarında isə yenə də Azərbaycan övladı onu enməmək üzrə bir daha qaldırdı, ucaltdıqca ucaltdı. O meydanlara toplaşanların hər biri bayrağımızı müqəddəs bilən bayraqdarlara çevrildi; ağır, qanlı-qadalı günlərdə düşmənə qarşı sinəsini sipərə çevirən bayraqdarlara. Bu gün üçrəngli bayraq altında yumruq kimi birləşməklə o günləri xatırlayırıq. Bu yumruqla azadlığına, müstəqilliyinə qovuşan bir xalqın övladları olmaqdan qürur duyuruq. O xalq ki Vətən uğrunda şəhid verməyə daim hazırdır, onun azadlığını qorumağa da. Müdriklərin belə bir sözü var: “Şəhidi olan xalq irəlini daha yaxşı görər”. Düşmən yaxşı bilməlidir ki, günahsız tökülən qan yerdə qalmayacaq.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR