10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Dədə Qorqud” filmi nümayiş etdirilib. 1975-ci ildə ekranlaşdırılan “Dədə Qorqud” Azərbaycan tarixindən bəhs edən mükəmməl filmlər sırasındadır. Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini özündə yaşadan “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkilib.
Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır. Filmin baş qəhrəmanı Dədə Qorqud saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları vətəni sevməyə, dostluğa, qardaşlığa səsləyən el ağsaqqalıdır.
Filmə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 400-ə yaxın tələbə tamaşa edib.
Ceyhun Məmmədov