Naxçıvana səfər etmiş almaniyalı turistlərdən ibarət qrupun təəssüratları
19-20 sentyabr 2015-ci il tarixdə turist bələdçisi Həsən Paşalının müşayiəti ilə Stefan Jakob Wimmerin rəhbərlik etdiyi almaniyalı alimlərdən ibarət bir qrup Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Stefan Jakob Wimmer Almaniyanın Münxen şəhərində fəaliyyət göstərən “İbrahim Peyğəmbərin Dostları” cəmiyyətinin sədridir və onun rəhbərlik etdiyi alman turist qrupu Naxçıvanda olan əsas arxeoloji ərazilərdə olmuşdur. Naxçıvanda səfərdə olduğu müddətdə o, “Şərq qapısı” qəzetinə müsahibə də vermişdir. Stefan Jakob Wimmer ölkəsinə qayıtdıqdan sonra Naxçıvan Muxtar Respublikası, bu ərazinin zəngin tarixi, mədəniyyəti və arxeologiyası ilə bağlı təəssüratlarını yazmışdır.
Stefan Jakob Wimmerin təəssüratları:
“Gözlənilməz kəşf: Naxçıvan diyarı möhtəşəm mədəniyyət, dini memarlıq və ecazkar məqbərə qüllələri ilə zəngindir. 26 metr hündürlüyü olan və üzəri həndəsi naxışlarla bəzədilmiş Möminə xatın türbəsini gördükdə sanki yuxu görürdük. XII əsrdə yaşamış və burada dəfn edilmiş ana üçün inşa edilmiş bu məhəbbət abidəsi “Min bir gecə” nağıllarını canlandırır. Bütün bunlar dünya tarixi və bəşəriyyət üçün əvəzolunmaz dəyərlərdir.
Almaniyanın Münxen şəhərindən təyyarə ilə İstanbuldan keçməklə 3 saatlıq fərq ilə Naxçıvana səyahət edirdik. Naxçıvan şəhərinə səyahət bizə bir az qeyri-real görsənsə də, burada bir neçə məqamı qeyd etmək yerinə düşərdi. Belə ki, şəhər düz və geniş küçələri ilə fərqlənir. Həftəsonu şəhərdə avtomobil sıxlığı az idi. Müasir və çoxşaxəli geniş tikinti işləri açıq-aşkar əraziyə maliyyə axınından xəbər verirdi. Burada sovet irsinə aid tikinti qalıqları da mövcud idi. Biz anlayırdıq ki, bu ərazi çox onilliklər boyu ciddi şəkildə təcrid edilmişdir”.
Stefan Jakob Wimmer və onunla birlikdə Naxçıvana səfər edən turistlər beşulduzlu “Təbriz” hotelində qalmışdılar. Bu hotel də tanınmış alman turistlərin diqqətini cəlb edib: “Parlaq mavi şüşə üzlüyün arxasında dayanan 13 mərtəbəli bina bugünkü dövr üçün ecazkar binalardan idi və parlayan iqtisadi gələcəkdən xəbər verirdi. Bizim üçün “Təbriz” hoteli qalmaq üçün gözəl yer idi və təəssüflənirəm ki, bizim burada vaxtımız az oldu. Sentyabrın 19-da səhər tezdən Naxçıvana çatdıq və növbəti gün buranı tərk etdik”.
Stefan Jakob Wimmer bildirir: “Azərbaycan Respublikasının muxtar ərazisi barəsində bizim çox az məlumatımız var idi. Biz qərara aldıq ki, Xəzər dənizi, Qafqaz və Ağrı dağı arasındakı bölgəyə səfərimizi Naxçıvandan başlayaq. Bizim əksəriyyətimiz “İncil” kitabında adıçəkilən Ağrı dağını görmüş və yaxud həmin dağa qalxmışdıq. Naxçıvandan həmin dağı görmək üçün ümidlərimiz real oldu. Nuh Peyğəmbərin türbəsi XXI əsrdə bərpa olunan qalanın arxasından göründü”.
Stefan Jakob Wimmer həmçinin Naxçıvana səfəri zamanı regionun digər ölkələrinə təsir edən və qonşu ölkələrə yeni inkişaf istiqamətləri gətirən Naxçıvan memarlığını diqqətlə müşahidə etmişdir. Bu kontekstdə o yazırdı: “Nuh türbəsinin yeraltı məzarı balaca bir açıq yol vasitəsi ilə yuxarıda olan türbənin daxilinə açılır. Türbənin daxili böyük deyil və içəridə hər hansı digər otaq, mərtəbə, yaxud pilləkən yoxdur. Türbənin daxili, sadəcə, dəyirmi və konusvarıdır”.
Stefan Jakob Wimmer fikirlərini aşağıdakı qeydlərlə bitirmişdir: “Qonşu dövlətlər arasında sıxışan bu balaca respublika Azərbaycandan ayrı düşmüşdür və səyahətçilər bu möhtəşəm ərazidə hərəkət edərkən hər yerdə sərhədlərin yaxınlığını hiss edirlər. Şimal istiqamətdə biz Duzdağ şaxtası sanatoriyasını və Qarabağlar kəndində yerləşən üzəri həndəsi naxışlarla bəzədilmiş, ərəb kalliqrafiyası ilə “La ilahə İll-allah, Muhammadu rasulullah” sözləri yazılmış Cahan Kudi xatın türbəsini görməkdən heyran olduq. Sonra biz cənub istiqamətdə olan Əshabi-Kəhf ziyarətgahına getdik. Ziyarət etmək üçün bura çoxlu hacılar gəlmişdi və bu dağın möhtəşəm təbii ərazidə yerləşməsi tək Allaha inanan mağara sakinləri üçün həqiqi dramatik bir səhnə yaratmışdır. Əsas odur ki, yalnız Allah sonra nə baş verəcəyini bilir. Növbə artıq İrana getmək üçün Culfa sərhəd-keçid məntəqəsinə gəldi. Bizim üçün Naxçıvan səfəri Azərbaycanda olan ilk təcrübə üçün gözəl bir nəticə idi. Növbəti gecəni biz gözəl “Təbriz” hotelində yox, həqiqi Təbriz şəhərində olan hoteldə keçirəcəyik. Biz İranın Azərbaycan vilayətlərində olduqdan sonra səfərimizi Astaradan keçməklə Bakıda – qədim və müasir “Odlar yurdu” diyarında davam etdirəcəyik. Bu isə başqa bir hekayədir”.
Peter Tase
02.11.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreignpolicynews” və “Eurasiareview” qəzetləri