Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Burada onlara məlumat verilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.
Xəbərlər şöbəsi