24 Dekabr 2024, Çərşənbə axşamı

“Kitabi-Dədə Qorqud” oğuzların dastana çevrilmiş tarixidir. Dastanda hər sözün, hər kəlmənin dərin mənası var. Və bu mənanın arxasında tariximiz, mədəniyyətimiz, dəyərlərimiz durur. Oğuzlar üçün ən böyük dəyər Vətən, torpaq sevgisidir. Dastandakı torpağın qorunması, əkilib-becərilməsi ilə bağlı fikirlər yaşı qədimdən qədim olan Naxçıvanın sakinləri üçün keçmişdən bu günümüzədək yaşayan həyat fəlsəfəsi olub. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu ulu diyar tarix boyu bir çox çətinliklərlə qarşılaşıb, yağı düşmənlə mübarizə aparıb. Ancaq bütün dövrlərdə ayaqda durmağı bacararaq öz torpağını güzəştə getməyib.

Yerləşdiyi geostrateji mövqeyinə görə daim başqalarının maraq dairəsində olan ərazicə kiçik, mənəviyyatca böyük Naxçıvan ən böyük imtahanı, həm də ötən əsrin sonlarında verməli olub. Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik olan Naxçıvanın torpaqlarının müdafiəsi həmin dövrdə daha da aktuallaşıb. Mənfur ermənilər öz çirkin planlarını həyata keçirmək üçün bütün gücü ilə Naxçıvana hücumlar təşkil ediblər. Düşmənlə müqayisədə böyük fərq olsa da, bu diyarın qəhrəman oğullarının sayəsində bütün hücumların qarşısı mərdliklə alınıb. Bu qeyri-bərabər döyüşlərdə xeyli şəhid verilib, yüzlərlə döyüşçü yaralanıb, ancaq Naxçıvanın torpaqları düşmən əlinə keçməyib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həmin dövrdə Naxçıvanda xalqı ilə bir yerdə olmağı Naxçıvanı düşmən qarşısında alınmaz qalaya çevirib. Məhz həmin illərdə Naxçıvanda müstəqil Azərbaycanın ilk milli ordusu yaradılıb. Ötən illər ərzində bu ordu daim inkişaf edərək dövlətimizin maddi və mənəvi dəstəyi ilə daha da güclənib. Belə ki, muxtar respublikanın düşmənlə bütün sərhəd məntəqələrində zabit və əsgərlərimiz üçün hərtərəfli şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı sayəsində Naxçıvandakı hərbi hissələrin maddi-texniki bazası yenilənib, ən müasir hərbi texnikalar buradakı hərbi birləşmələrin sərəncamına verilib. İndi Azərbaycanın bu qədim diyarındakı peşəkar ordu Naxçıvanı istənilən xarici qüvvələrin təhdidindən qorumaqla yanaşı, istənilən hücum əməliyyatını da həyata keçirməyə qadirdir.
Təbii ki, torpaq qorunursa, onun insan həyatında iqtisadi faydası da öz qiymətini alır. Naxçıvan tarixən aqrar region olub. Asiyanı Avropa ilə bağlayan Böyük İpək Yolunun buradan keçməsi regionda ticarətin, kənd təsərrüfatının inkişaf etdirilməsinə imkan verib. Eyni zamanda muxtar respublikanın əlverişli iqlimi bu torpaqlarda, demək olar ki, bütün əkin növləri üçün şərait yaradıb. Tarixin uzaq dövrlərindən burada yaşayan əhali taxılçılığa, üzümçülüyə, bostan bitkilərinin əkilməsinə maraq göstərib. Həmçinin meyvəçilik Naxçıvanda diqqət göstərilən əsas sahələrdən olub. Təbiətin lütfüdür ki, bu torpaqlarda yetişən meyvələr, bostan və tərəvəz məhsulları öz dad-tamı ilə seçilir. Bəlkə də, buna görədir ki, muxtar respublikanın bölgələrində yetişdirilən meyvələr müxtəlif dövrlərdə təşkil olunmuş festivallarda, kənd təsərrüfatı məhsulları sərgilərində layiqli yer tutub, diplom və fəxri fərmanlarla mükafatlandırılıb.
Kökdən gələn təsərrüfatçılıq ənənələri bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Son 20 il ərzində muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, torpaq mülkiyyətçilərinin problemlərinin həll edilməsi yolunda atılan qəti addımlar qorunan torpağın əkilməsinə dövlət marağını özündə bir daha əks etdirir. 2015-ci ilin ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunması isə təsərrüfata, torpağa münasibətin ən yüksək ifadəsidir.
İndi müstəqilliyimizin ilk illərindən fərqli olaraq, Naxçıvanda əkinçi öz işi ilə məşğuldur. Torpaqlar əkilir, ərzaq məhsullarına olan tələbatımız daxili imkanlar hesabına ödənilir. Torpaqların əkilməsi, təsərrüfatın müxtəlif sahələrinin inkişaf etdirilməsi həm də dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəticədə qazanan yenə bu torpağın insanları olur. Naxçıvan bu gün millət kimi mədəni mövcudluğumuzun, milli və mənəvi dəyərlərimizin, özünə inamın ən böyük və müqəddəs toplusu sayılan “Kitabi-Dədə Qorqud” dastanındakı “torpağı qorumağın və əkməyin” yolunu inamla davam etdirən qədim Oğuz yurdudur.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR