Xalqımızın min illərdən bəri süzülüb gələn ən gözəl milli dəyərlərindən biri də xalq oyunlarıdır. Müasir dövrün yetkin nəslinin nümayəndələri bu oyunları, yəqin ki, çox yaxşı xatırlayırlar. Xalq oyunları bizə mehribanlığı, səmimiliyi, birliyi, cəsarəti, ən əsası isə əsl uşaq kimi böyüməyi öyrədib. İndi də o illərin xatirələri canlandıqca oyun zamanı saatların su kimi axıb keçməsi, həyət-bacanı başına alan şən səs-küy, cəmi bir neçə dəqiqə çəkən umu-küsülük, dəcəlliklər yada düşür.
Uşaqların hal-hazırda meyillərini saldıqları əksər kompüter oyunları onlarda bir çox zərərli keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu oyunlar, ilk növbədə, uşaqların milli dəyərlərdən uzaqlaşmasına səbəb olur. Digər bir tərəfdən isə elektron oyunlara meyillilik uşaqları sağlam mühitdən, öz həmyaşıdları ilə birgə əylənməkdən kənarlaşdırır. Onlar günün böyük bir hissəsini ya kompüter qarşısında, ya da onlar üçün o qədər də faydalı olmayan cizgi filmlərini izləməklə keçirirlər. Bu isə uşaqlarda istər fiziki, istərsə də mənəvi çatışmazlıqlar yaradır. Böyüdükcə eqoistləşən belə uşaqların mehriban, səmimi, cəsarətli, aktiv, zəkalı olmadıqlarının şahidi oluruq. Onlar hətta oynamaq üçün çölə çıxdıqda belə, zərərli kompüter oyunlarında gördüklərini təkrarlamağa çalışır, belə gərgin oyunların təsiri altında daha çox zor tətbiq etmək istəyir, həmyaşıdlarını incidir, oyun zamanı problemlər yaradırlar.
Müasir dövrümüzün valideynləri uşaqlara, onların asudə vaxtlarını necə və harada keçirmələrinə laqeyd qalmaqla öz uşaqlıq illərinə xas maraqlı xalq uşaq oyunlarını övladlarına öyrətməyə cəhd göstərmirlər. Beləliklə də, xalq oyunlarımız unudulur, onların yerini mentalitetimizə zidd olan mənasız və heç bir faydalı keyfiyyət aşılamayan yad məşğuliyyətlər tutmağa başlayır. Axı “gizlənqaç”ı (gizlənpaç), “qəcəmədaş”ı (beşdaş), “əlimqaldı”nı (qaçdı-qovdu), “aşıq-aşığ”ı, “bənövşə”ni, “ağac-ağac”ı, “dirədöymə”ni (qayışagirmə, cızığagirmə), “ortayagirmə”ni, “yeddi ağac”ı, “palazagirmə”ni və sair başqa maraqlı oyunlarımızı necə unutmaq olar? Bu oyunların hər birində uşaqlara faydalı ola biləcək o qədər maraqlı xüsusiyyətlər var ki. Bəzilərini yada salaq. Məsələn, bir zamanlar çox məşhur olan “gizlənqaç” (gizlənpaç) oyunu. Bu maraqlı oyun zamanı bir uşaq müəyyən olunmuş yerdə əlləri ilə gözünü bağlayır, “Alma saraldı, gözüm qaraldı” deyir, digərləri isə qaçıb gizlənirlər. Gözünü bağlayan gözlərini açaraq gizlənən uşaqlardan birini tapmalıdır. Yeri müəyyən olunan uşaq həmin yerə birinci gəlsə, oyun bitir. Və həmin gözlərini yuman uşaq təkrarən gözlərini bağlamalı olur. Əks halda, birinci tapılan uşaq gözlərini bağlamaqla oyunu davam etdirir. Bu oyun uşaqlara çeviklik, zirəklik, qaydalara əməl etmək və ayıqlıq aşılayır.
Başqa bir oyun – “bənövşə” oyunu. Bu oyun zamanı bir-birindən 10-15 metr aralı əl-ələ verib sıra ilə üz-üzə duran iki dəstə uşaq sözlə deyişir. Sonra “bənövşə, bəndə düşə, bizdən sizə kim düşə?”, “sizdən bizə adı gözəl, özü gözəl ...” deyilir. Adı çəkilən uşaq qarşı tərəfdəki əl-ələ verən dəstəni yarıb keçməklə özü ilə bir nəfəri dəstəsinə gətirməlidir. Yarıb keçə bilməsə, özü rəqib dəstədə qalır. Oyunçuları tükənən dəstə uduzmuş sayılır. Bu oyun uşaqlardan daha çox inam, fiziki güc və təəssüblük tələb edir.
“Qəcəmədaş” (beşdaş) oyununda isə hər iştirakçı bir əlinə altı ədəd kiçik daş yığıb, bir daşı yuxarı atmaqla ovcundakı digər beş kiçik daşı yerə tökür, sonra həmin daşı yenə yuxarı atıb, o, aşağı enənədək yerdəki daşları əvvəl bir-bir, sonra isə birlikdə yığmalıdır. Şərt yerdəkini yığmaqla yanaşı, havadakı daşı da yerə düşməyə qoymamaqdır. Sonra oyun daş yuxarı atıldıqca digər daşları ikinci əlin barmaqları arasından o yana keçirməklə davam etdirilir. Hərəkətləri dəqiq və qüsursuz icra edənlər qalib sayılırlar.
“Aşıq-aşıq” oyunu da maraqlı xalq oyunlarımızdandır. Bu oyun xüsusən payızda oynanılır. Yaxşı aşıq oynayanlar hətta bir metrlik məsafədən çırtma ilə öz aşığını başqa aşığa tuşlayıb vurmaqla və ya aşığı aşırmaqla udur. Aşıqlar ağır olsun deyə, bəzən içini oyub qurğuşun tökürlər. Aşığın “alçı” durması üçün onu ayaqqabının altına böyrü üstdə qoyub hamar yerə sürtməklə cilalayırlar. Yaxşı cilalanan aşıq necə atsan, “toxan” yox, mütləq “alçı” durar. Belə aşıqlara “telan” deyərdilər.
“Dirədöymə” (qayışagirmə) oyununda cəsarət, ağrıyadözmə, həm də cəldlik tələb olunur. İki dəstədən (3-5 nəfərlik) biri cızığın – yerə çəkilmiş geniş dairənin içərisində, digəri isə çölündə durur. İçəridəki oğlanların hər birinin ayağı altında qayış olur və onu qoruyurlar. Kənardakılar əllərindəki toqqalı qayışla içəridəkiləri vurur, ayaq altdakı qayışı ələ keçirməyə cəhd edirlər. Ağrıya dözənlər qayışı buraxmır, üstəlik, bayırdakının vurduğu qayışdan tutub onu içəri çəkməyə çalışırlar.
“Ağac-ağac” oyunu zamanı isə 15-20 metrlik məsafəyə ağac sancır, uşaqlar əllərindəki ağacla onu nişan alıb atırlar. Kim ağacı vurub yıxsa, o, udmuş sayılır. Bu oyun uşaqlardan iti görmə, dəqiqlik və diqqət tələb edir.
“Əlimqaldı” (qaçdı-qovdu) oyunu da maraqlı uşaq oyunlarımızdandır. Bu oyun zamanı püşk atılır, püşk kimə düşsə, o, uşaqların arxasınca düşür. Və əlini kimə toxundursa, oyun həmin iştirakçıya keçir. Bu dəfə ikinci uşaq digərlərinin arxasına düşür…Oyun beləcə uşaqlar yorulanadək davam edir.
Başqa bir xalq oyunumuz olan “palazagirmə” oyunu da “əlimqaldı”ya bənzəyir. Bu oyunda uşaqlardan birinin üzərinə palaz örtülür, başqa biri gəlib onu vurur. Əgər oyunçu onu vuranın adını düz tapsa, növbə adı tapılana keçir. Tapa bilməsə, oyunda qalır.
Göründüyü kimi, xalq oyunlarımız çox maraqlıdır. Biz hələ onların, sadəcə, bir neçəsi haqda məlumat verdik. Nənə-babalarımızı dinləmək kifayətdir ki, bu oyunlar haqqında saatlarca danışıb söhbət etsinlər. Ancaq biz nədənsə buna laqeyd yanaşır, övladlarımızı milli dəyərlərdən uzaq mühitdə böyüdürük. Unuduruq ki, bunu müasir zaman bağışlasa da, gələcək bağışlamayacaq…
Arzu Abdullayev