24 Dekabr 2024, Çərşənbə axşamı

İlmələr vurulur, naxışlar yaranır

Xalqımızın həyat və məişətini əks etdirən xalq yaradıcılığının ən zəngin və orijinal nümunələrindən, eyni zamanda ən çətin sahələrindən biridir xalçaçılıq sənəti. Min illərdən üzübəri bu sənətin biliciləri – ağbirçək nənələrin, anaların əlinin sığalı ilə yüzlərlə, minlərlə xalçalar ərsəyə gəlib ki, həmin xalçalar bu gün əvəzsiz sənət əsərləridir.

Naxçıvanın tarixi nə qədər qədimdirsə, xalçalarının da tarixi bir o qədər qədimdir

Doğma diyarımız Naxçıvanda bir çox xalq yaradıcılığı, xalq sənətkarlığı sahələri kimi, xalçaçılıq sənəti də tarixən geniş yayılıb. Xalçalara vurulan hər ilmənin özü belə tarix yazıb. Ayrı-ayrı bölgələrimiz kimi, Şahbuz rayonunda da bu sənətə maraq yüksək olub. Şahbuz rayonunun kəndlərində, əsasən, payız, qış aylarında az qala hər bir evdə hana qurular, xalça toxunardı. Müsahibim Şahbuz rayonunun Kükü kənd sakini Gülxanım Quliyevadır.
Həmsöhbətim ömrünün yarıdan çoxunu xalça toxumaqla keçirib. Gülxanım nənə deyir ki, Şahbuz rayonu sənətkarlıq məktəbi kimi tanınıb. Sənətkarlıq növlərindən əksəriyyəti indi də var. Bunlardan biri də xalçaçılıqdır. Bizdə çox qədimdən xalçaçılıqla məşğul olublar. Nənəm özündən əvvəlkilərdən eşitdiklərini bizə danışar, anam nənəmdən öyrəndiklərini ilmələrə köçürər, bizsə o naxışlara heyran-heyran baxardıq. Bu sənətin sirlərini sonra mən öz qızlarıma öyrətdim.

Gülxanım nənə dedi ki, əllə toxunan xalçaların yerini heç nə vermir: “Onlardakı gözəllik, istilik başqa xalçalarla müqayisə oluna bilməz. Yun xalçalar sağlamlığa xeyirdir. Bu sənətdən başı çıxan adamlar bilirlər ki, yun xalça olan evdə toz olmur. Yun xalça tozu özünə çəkdiyindən otağın havası həmişə təmiz qalır. Bir də ki təbii boyalarla rənglənmiş iplərdən toxunan xalçalar çox möhkəm olur”.

Xalçaçılığın inkişafına diqqət artırılıb

Muxtar respublikamızda milli dəyərlərə, xalq sənətkarlığına daim hərtərəfli qayğı göstərilir. Xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində də bir çox tədbirlər həyata keçirilib. Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi yaradılıb, Naxçıvan şəhərindəki xalq yaradıcı­lığı emalatxanasında xalça toxunması təşkil olunub. Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli layihə həyata keçirilib.
Növbəti həmsöhbətimi oxucularla tanış etmək üçün yol aldım “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasına. Ömrünün 25 ilini xalçaçılıq sənətinə həsr edən, xalq yaradıcılığı emalatxanasında xalça ustası kimi çalışan Həcər Hümbətova bizimlə söhbətində bildirdi ki, xalça yaxşı alınanda xalçaçının üzü gülür. Bu, elə bir sənətdir ki, sənin əhval-ruhiyyən o dəqiqə ilmələrə sirayət edir.

Bir-birindən gözəl ilmələrlə ilk görüş

O gözünü açandan evlərində anasının xalça toxuduğunu görüb və rəngarəng ilmələrin sehrinə düşüb. Anası ilə yanaşı, bacısı da xalça toxuyub. Xalçaların əhatəsində böyüyəsən, xalçaçı olmayasan? Bu, çox çətin olardı. Həcər xanım xalça toxumağa həvəsi və sevgisinin nə vaxt yarandığını xatırlamır belə: “Xalçaçılıq ən qədim sənətlərimizdən biridir. Naxçıvanda ta qədimdən, demək olar ki, hər adamın evində xalça toxunar, hər ailədə azı bir xalçaçı olardı. Gözümü açandan həmişə evimizdə anamın, bacımın xalça toxuduğunu görmüşəm. Elə uşaqlıqdan onların xalça toxuduqlarını görə-görə bu sənətə sevgim yaranıb. Onların toxuduqları xalçalara tamaşa etməyi çox xoşlayırdım. Bir gün baxdım ki, artıq mən də ilmə vurub, naxış salıram”.

Hər bölgənin öz ilməsi, öz naxışı var

Həmsöhbətim deyir ki, hər bölgənin öz xüsusiyyəti var və elə ona görə də xalçalar bir-birindən fərqlənir. O, əksər xalça qrupuna aid xalçalar toxumasına baxmayaraq, daha çox Naxçıvan xalça məktəbinə aid xalçalar toxuyur. Çeşniləri dəqiqliklə, xırdalıqlarla işləmək lazım gəlir. Çünki bu qrup xalçalarda ilmə sayı çox olur. Süjetli xalçalar daha çox dəqiqlik tələb edir. Ancaq mənə Naxçıvan xalçaları o qədər yaxındır ki, heç bir çətinlik çəkmirəm. Burada biz bəzən rəssamın verdiyi rəsmlər, bəzən isə qədim xalça çeşniləri əsasında toxuyuruq. Hazırda Dədə Qorqudun portret-xalçasını işləyirəm. Portret janrı daha çətindir. O mənada ki, hər insanın cizgiləri fərqlidir. Ona görə də insan simasını ilmələrə işləmək asan deyil. Bunu ancaq bir rəssamla birlikdə işləmək lazımdır. Gənc xalça rəssamı Məhəmməd Hüseynov bu işdə bizə çox kömək edir. Hazırkı portreti də o işləyib və biz onun əsasında xalçanı toxuyuruq.
Haşiyə: Həcər xanımla söhbətimiz zamanı gənc xalçaçı rəssam Məhəmməd Hüseynov da xalça ilə maraqlanmaq üçün emalatxanaya gəldi. Məhəmməd Hüseynov deyir: “Mən əvvəldən bu işə maraqlı idim. Çox ölkədə olmuşam, hara getmişəmsə xalça toxuyanların işlərinə saatlarla tamaşa etmişəm. Bu, çox incə sənətdir. Mən hər hansı portreti çəkməzdən əvvəl xalçaçı ilə görüşürəm. Fikir mübadiləsi vacibdir. Hansı iplə işləyəcək, ilmə sıxlığını necə götürəcək, onları öyrənirəm. Bunlar çox vacib məsələlərdir. Nəticənin zövqoxşayan olması üçün hər gün ən azı bir dəfə emalatxanaya baş çəkir, vəziyyəti öyrənirəm”.

Xalça toxumaq da övlad böyütmək kimidir

Həcər xanım bizə xalçanın toxunması prosesindən də danışdı. Onun sözlərinə görə, xalçanın toxunmasında bütün mərhələlər həm önəmli, həm də məsuliyyətlidir. Bu zaman toxucudan maksimum diqqət tələb olunur: “Xalçanı toxumağa başlayanda ilmələrdən sünbül toxunur. Bu zaman çox diqqətli olmaq lazımdır. Çünki sünbülü nə qədər diqqətlə və dəqiqliklə toxusaq, xalçanın ardı da eyni dəqiqliklə toxunacaq. Xalça toxuyan zaman orta ilməni tapmaq çox vacibdir. Əgər bir ilməni səhv vurdunsa, o hissəni sökməyə məcbursan. Bu həm əhval-ruhiyyəni korlayır, həm də işi gecikdirir. Ümumiyyətlə, bu sənət səbirli olmağı sevir. Xalçanın sonuna yaxın həyəcanım daha çox artır. Çünki artıq xalçanı təhvil vermək anıdır. Mənim üçün xalça toxumaqla övlad böyütmək eynidir. O qədər böyük sevgi ilə, qayğı ilə vururam ilmələri”.
Ümumiyyətlə, hər bir sənət ona dəyər verən insanların zəhməti hesabına yaşayır, inkişaf edir. Gərgin əmək tələb edən xalçaçılıq sənəti də ona biganə qalmayan insanların qayğısı və diqqəti, milli dəyərlərimizə göstərilən qayğının sayəsində inkişaf edib. Son illər xalça toxuyanların sayı xeyli artıb. Bu sənətə sevgi, maraq yaranıb. Dövlətimiz çalışır ki, həm bu sənəti yaşatsın, həm də onun sirlərini gələcək nəslə ötürsün.
Bir sözlə, xalçaçılıq sənəti milli sərvətimizdir. Onu qorumalıyıq. Hər bir insan bu sənətə ürəyində məhəbbət bəsləsə, onda xalçaçılıq yaşayar, əsrlərdən əsrlərə ötürülər. Xalça məişətimizin bir hissəsi olmaqla bərabər, həm də tariximiz və incəsənətimizdir. Ona diqqət və qayğı göstərmək hər birimizin borcudur.

Gülnar YÜZBAŞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR