Bu gün xalq yaradıcılığı nümunələri adlandırdığımız minillərin sınağına sinə gərmiş sənətlər və bu işlə məşğul olan sənətkarların yaratdıqları əcdadlarımızın bizə mirası, vəsiyyəti, öyüd-nəsihətidir. Təbii ki, bu mirasa sahib çıxmaq, vəsiyyətə əməl etmək, öyüd-nəsihətə qulaq asmaq bugünkü nəslin mənəvi borcudur. Xalqımız yaradıcı xalqdır. Bunu günümüzə gəlib çatmış, xalqın zəngin təfəkkürünün və təxəyyülünün məhsulu olan xalq yaradıcılığı nümunələri, yazılı və şifahi xalq ədəbiyyatı inciləri sübut edir.
Naxçıvan qədim yaşayış məskənlərindən biridir.Müasir dövrümüzdə aparılan arxeoloji qazıntılar nəticəsində torpağın dərin qatlarından çıxarılan maddi-mədəniyyət nümunələri, Gəmiqaya təsvirləri, bənzərsiz tarixi abidələr bu torpağın insanlarının böyük yaradıcı zəkaya malik olduğundan, müxtəlif sənət növlərinin məhz bu torpaqda yarandığından xəbər verir. Məhz bu torpaqda insanlar torpağı şumlayıb əkəndə və məhsul götürə bilməyəndə bəhrəsiz gilli torpağı suyla yoğurub məişət əşyaları, uzaq məsafələrdən su gətirmək üçün novlar düzəldiblər. Beləcə dulusçuluq inkişaf etməyə başlayıb.
Qışın şaxtasına, yayın istisinə dözməyib qurumuş ağacı bu torpağın insanları yandırmağa tələsməyib, bu ağac insan əlində işlənərək əşyalara çevrilib. İnsanlar gördükləri işdən zövq alaraq daha yaxşı sənət nümunələri yaratmağa başlayıblar. Ağacyonma sənəti də beləcə təşəkkül tapıb. İnsanlar hər hansı bir bitkinin şirəsinin dəriyə saldığı rəngləri də tez yuyub təmizləməyə tələsməyiblər. Düşünüblər ki, bu rənglə yunu boyamaq olar və bu boyalı iplərin bir-birinə calanması nəticəsində isti, al-əlvan libaslar ortaya çıxar, bu libaslar onları qışın şaxtasından, sazağından qoruyar. Bəli, bu torpaqda bir çox sənətlərin təşəkkül tapmasında əsas amil təbiət olub. İnsan yaradıcılığının ən böyük müəllimi elə bu diyarın təbiətidir.
Xalq yaradıcılığımız öz kökünü ən qədim dövrlərdən götürür. Qədim xalq sənətkarlığının mühüm sahələrindən olan dulusçuluq Naxçıvan ərazisində eradan əvvəl 7-ci 6-cı minilliklərdə yaranıb, Eneolit dövründən başlayaraq dulus çarxlarında gil qab hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş yayılıb. Naxçıvan eyni zamanda dünyanın ilk metalişləmə ocaqlarından biri olub. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgümüş, nikel-mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilib. Ordubad rayonundakı Plovdağ nekropolundan tuncdan hazırlanmış sancaqlar, I Kültəpədən isə Tunc dövrünə aid bıçaq və sancaqlar tapılıb. Arxeoloji qazıntılar zamanı əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək alətləri və bəzək əşyaları hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf edib, xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sahələri geniş yayılıb.
Bu gün muxtar respublikada milli sənət növlərinin yaşadılmasına və inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Naxçıvan şəhərində xalq yaradıcılığı emalatxanasının yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində atılan növbəti addım olub. Hazırda emalatxanada xalçaçılıq, dekorativ-tətbiqi sənət, ağac üzərində oyma, dulusçuluq kimi xalq yaradıcılığı sahələri ilə məşğul olan sənətkarlar fəaliyyət göstərir.
Artıq üç ildir ki, emalatxana həm də xalçaçıların ixtiyarına verilib. Burada hanalar quraşdırlıb, emalatxana lazımi avadanlıqlarla təchiz edilib. Xalçaçı qızlardan Xeyrənsə İsmayılova, Pəri Nəbiyeva, Gülnar Məmmədova, Çimnaz Qafarova, Leyla Əliyeva və başqaları burada müxtəlif ölçülərdə xalçalar toxuyur, Naxçıvan çeşnilərinə və süjetli xalçalara üstünlük verirlər. Xalçaçılar daim öz ustalıqlarını və peşəkarlıqlarını artırır, bu sənətdə yeniliklər edir, müxtəlif kurslarda iştirak edirlər. Xalçaçı ustalardan Pəri Əliyeva deyir ki, milli xalçaçılıq sənətimizin ənənələrini qoruyub yaşadır və inkişaf etdirirlər. Bu illər ərzində ustalar xalqımıza məxsus sənətin incəliklərini özündə təcəssüm etdirən əl ilə toxunan ən nadir xalça nümunələrini ərsəyə gətirməklə onların əsl mənsubiyyətini təsdiqləyiblər.
“Təbiət ən yaxşı sənətkardır”, – deyirlər. Çünki ondakı cansız daş parçası da, yamyaşıl, naxış-naxış yarpaqlardan süzülüb düşən bir yağış damlası da, bir ağac tikəsi də böyük ustalıqla hazırlanmış sənət incisi kimi insanoğlunu daim valeh edib. Növbəti görüşüm məhz bu incəlikləri dərindən duyan, quru ağacdan sənət naminə ustalıqla istifadə etməyi bacaran xalq sənətkarları, ağacoyma ustaları Akif Həsənov və Afət Əhmədova ilə olur. Onu da deyim ki, onların hər ikisi “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunublar. Ayrı-ayrı emalatxanalarda işləyən müsahiblərim bildirdilər ki, yaradılan şərait bu sənət növünü yaşatmağa və inkişaf etdirməyə tam imkan verir. Dövlətimiz tərəfindən hər cür şəraitlə təmin olunublar. Göstərilən qayğıdan ruhlanaraq yeni-yeni nümunələr yaratmağa səy göstərir, sərgilərdə və el bayramlarında iştirak edir, əl əməyi, göz nuru olan məhsulları nümayiş etdirirlər.
Burada olarkən dekorativ əl işləri, rəssamlıq və dulusçuluq emalatxanalarında da olduq, ustalarla söhbət etdik. Naxçıvanqalada təşkil ediləcək sərgiyə hazırlaşan ustalarla söhbət zamanı bildirdilər ki, muxtar respublika rəhbəri milli dəyərlərin yaşadılmasına yüksək dərəcədə himayəçilik və qayğı göstərir. Odur ki, xalq yaradıcılığını yaşadan el sənətkarları böyük ruh yüksəkliyi ilə çalışır, yeni-yeni uğurlar qazanırlar.
Səbuhi Hüseynov