24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim diyarımız Naxçıvanda minilliklər boyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli milli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşmış, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu saymışlar.
Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, müşa­virədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilmişdir.
Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter almışdır. Hər il Novruz bayramında Xalq yaradıcılığı günlərinin keçirilməsi milli dəyərlərimizin, xalq sənətkarlığının təbliğinə və yaşadılmasına xidmət edir.

AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçı­van folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazır­lanmış “Naxçıvan teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən hazırlanmış “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr olunmuş, Şərur yallılarından ibarət disk buraxılmışdır.
Folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilmiş, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülmüş, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan “Sələsüz yallısı”, “Cənənbər yallısı”, “Loliqi”, “Ağır yallı”, “Xanağa yallısı”, “Arıncı”, “Zülfanı” yallıları, “Naxçıvan”, “Naxçıvan gülü” saz havaları nota salınmışdır. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılmış, 2009-cu il dekabrın 22-də Naxçıvan Aşıqlar Birliyinin təsis konfransı keçirilmiş və Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlamışdır.
Muxtar respublikanın mədəniyyət evlərində yeni folklor kollektivlərinin yaradılmasına diqqət artırılmış, Şahbuz rayonunun Qızıl Qışlaq, Kükü, Güney Qışlaq, Aşağı Qışlaq, Kolanı kənd mədəniyyət evlərində və Badamlı qəsəbə mədəniyyət evində yeni yallı kollektivləri, Culfa rayonunun mədəniyyət müəssisələrinin kollektivlərindən ibarət “Xəzinə”, Culfa şəhər, Kırna və Qazançı kənd­lərində “Gülüstan”, “Xonça” və “Əlincə” adlı yeni folklor kollektivləri, Kəngərli rayonunun Qarabağlar kənd mədəniyyət evinin nəzdində qızlardan ibarət “Gülümey” folklor qrupu, Babək Rayon Mədəniyyət Evində “Şəms” muğam ansamblı, “Köçəri” və “Tirmə şal” yallı qrupları, uşaq musiqi məktəblərinin müəllim və şagirdlərindən ibarət “Aşıqlar” qrupu yaradılmış, Vayxır kənd mədəniyyət evində “İrs”, Kültəpə kənd mədəniyyət evində isə “Buta” yallı qrupları təşkil olunmuşdur.
Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində qədim xalq çalğı alətləri ansamblı yaradılmış, unudulmuş qədim musiqi alətlərinin bərpası işinə başlanmışdır. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın hər bir rayonunda xalq teatrlarının fəaliyyətinin təmin edilməsi barədə tapşırığı ilə Babək və Şahbuz Rayon Mədəniyyət evlərinin dram dərnəklərinə uzunmüddətli səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə xalq teatrı statusu verilmişdir.
Milli mətbəx nümunələrimiz maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu sahədə də xeyli iş görülmüş, tədqiqat materialları toplanmış, sorğu-metodik vəsait hazırlanmışdır. Milli mətbəxin inkişafı ilə bağlı tədbirləri sistemləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılmış, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin hərtərəfli fəaliyyəti təmin olunmuş, mərkəz tərəfindən hazırlanmış “Naxçıvan mətbəxi” kitabı oxuculara təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ilin iyun ayından başlayaraq təşkil edilən xalçaçı kursunu 67, toxuculuq kursunu 21, misgərlik kursunu 9, keçəçi kursunu 11, qalayçı kursunu 9, ağac üzərində oyma kursunu 8 nəfər bitirmişdir.
Qədim tarixə malik olan xalçaçı­lığın inkişafını təmin etmək məqsədilə adıçəkilən nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi həyata keçirilmiş, muxtar respublikanın bütün rayonları üzrə bu sahə ilə məşğul olanlara dəzgahlar və xalça toxumaq üçün lazım olan materiallar verilmişdir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilmiş, xalq yaradıcılığı ilə məşğul olan sə­nətkarlar haqqında məlumat bazası yaradılmışdır.
2012-ci ildə, “Milli dəyərlər ili”ndə muxtar respublikada beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilmişdir.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı sahələrinin inkişafına dövlət qayğısı bəhrələrini verməkdədir. Çünki xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikanın aidiyyəti qurumları bu istiqamətdə öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR