Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi, xalqımızın tarixi keçmişini, vətənpərvərliyini, qəhrəmanlığını, müdrikliyini, fəlsəfəsini, folklorunu, saz-söz sənətini, coğrafiyasını, dünyagörüşünü, mənəvi dəyərlərini, adət-ənənələrini, mədəniyyətini, toponimlərini özündə əks etdirən, yaranma tarixi daha əvvəlki dövrlərə təsadüf etsə də, XI yüzillikdə qələmə alınan “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanda keçən yüzilliyin 30-cu illərindən tədqiq olunmağa başlamışdır. Ancaq təəssüf ki, az sonra onun tədqiqinə yasaq qoyulmuşdur.
Dastan Azərbaycan K(b)P-nin 1951-ci ilin may ayında keçirilən XVIII qurultayında şiddətli tənqid obyektinə çevrilmiş,“başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn Oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmiş”, “millətçilik zəhəri ilə dolu”, “müsəlman olmayan başqa xalqlara, əsasən, gürcü və erməni xalqlarına qarşı yazılmış” kitab kimi xarakterizə edilmişdir. Bundan sonra tədqiqinə bir neçə il ciddi yasaq qoyulan, hətta oxunması belə, qadağan edilən dastan yalnız 1957-ci ildən sonra tədricən tədqiqat obyektinə çevrilmişdir. Həmin vaxtdan keçən müddət ərzində bu sahədə bir sıra uğurlu tədqiqatlar aparılmışdır.
Bu sahədə ən böyük addımlar keçən yüzilliyin 70-80-ci illərində atılmışdır. Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin bütün sahələri kimi, “Kitabi-Dədə Qorqud” dastanına, onun genişmiqyaslı, dərindən, hərtərəfli tədqiqinə də diqqət artırılmışdır. Nəticədə, “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif problemləri tədqiqata cəlb olunmuş, bununla əlaqədar Ş.Cəmşidovun, S.Əlizadənin, Ə.Sultanlının, M.Təhmasibin, E.Əlibəyzadənin, T.Hacıyevin və başqalarının əsərləri nəşr olunmuşdur. Bütün təzyiqlərə baxmayaraq, 1975-ci ildə Anarın ssenarisi əsasında ikiseriyalı “Dədə Qorqud” filmi çəkilmişdir.
Dastanın tədqiqi və təbliği ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətinin ikinci dövründə də davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti kimi bir sıra beynəlxalq tədbirlərdə çıxış edən ümummilli lider dəfələrlə “Kitabi-Dədə Qorqud” dastanından bəhs etmiş, onu yüksək qiymətləndirmişdir. Bu baxımdan ulu öndərin türkdilli dövlətlərin 21 oktyabr 1996-cı ildə Daşkənd şəhərində keçirilən IV forumunda dediyi sözlər çox qiymətlidir: “Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi minillik tarixə malik eposlarımız bizim mədəni sərvətimizdir, xalqlarımızın yüksək mənəviyyatının və əxlaqının təməlidir, bizi xeyirxahlıq və humanizm ruhunda yetişdirmiş ümumi qaynaqlardır”.
Ulu öndər Heydər Əliyev 20 aprel 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman imzalamışdır. Fərmanda xüsusi olaraq vurğulandığı kimi, “yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuş” dastanın yubileyi ilə əlaqədar yaradılan dövlət komissiyasına Azərbaycan Respublikasının Prezidenti kimi ulu öndərin özünün sədrlik etməsi onun “Kitabi-Dədə Qorqud” dastanına nə qədər böyük hörmət və ehtiramla yanaşdığının çox böyük göstəricisidir. Fərmanın imzalanmasından sonra “Kitabi-Dədə Qorqud”un tədqiqi, nəşri və təbliği sahəsində möhtəşəm tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının 14 aprel 2000-ci ildə keçirilən yekun iclasında qeyd etdiyi kimi, “hər bir kollektivdə, hər bir şəhərdə, hər bir rayonda, hər bir qəsəbədə, kənddə Dədə Qorqud yada salındı, təbliğ olundu, Dədə Qorqudun tanınması üçün xeyli işlər görüldü”. İkicildlik “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının hazırlanaraq nəşr olunması çox mühüm hadisəyə çevrilmişdir.
2000-ci il aprelin 9-da Bakı şəhərində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin dəvəti ilə yubiley mərasimində bir sıra dövlət, hökumət və beynəlxalq təşkilatların rəhbərlərinin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentlərinin, Özbəkistan Ali Məclisi Sədrinin, Türkmənistan Məclisi Sədrinin, YUNESKO baş katibinin və başqalarının, həmçinin bir sıra görkəmli alimlərin iştirak etməsi ulu öndərin “Kitabi-Dədə Qorqud” dastanına nə qədər böyük önəm verdiyinin, ona yüksək hörmət və ehtiramının bariz nümunəsidir.
Yubiley Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində bu münasibətlə beynəlxalq simpozium keçirilmişdir. Dədə Qorqudun xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində Dədə Qorqudun abidəsi ucaldılmışdır.
Bir sıra xalqlar Oğuz türklərinə, ilk növbədə, Azərbaycan xalqına məxsus olan, Türkmənistan alimi, akademik Ordalovun da təsdiq etdiyi kimi, ilk dəfə Azərbaycanda yaradılan “Kitabi-Dədə Qorqud” dastanının özlərinə məxsus olduğunu qeyd edirlər. Ümummilli lider Heydər Əliyev 10 aprel 2000-ci ildə Türkiyənin səhiyyə naziri Osman Durmuş ilə söhbətində bu məsələyə toxunaraq demişdir: “Türkiyə deyir ki, “Kitabi-Dədə Qorqud” bizimdir, qazax deyir, bizimdir, türkmən deyir, bizimdir, Azərbaycan deyir, bizimdir, özbək deyir, bizimdir. Bu da çox gözəldir. O hamınındır. Yəni “Kitabi-Dədə Qorqud” türkdilli ölkələrin hamısına mənsubdur”. Ancaq dastanın yubileyinin Prezident fərmanı ilə qeyd olunması ilk dəfə ancaq Azərbaycanda baş vermişdir.
Dünya xalqlarının ən möhtəşəm şifahi xalq ədəbiyyatı nümunələri ilə bir sırada duran, onların içərisində özünəməxsus yer tutan, böyük türk alimi Fuad Köprülünün “bütün türk ədəbiyyatını tərəzinin bir gözünə, “Kitabi-Dədə Qorqud”u o birinə qoysanız, yenə də Dədə Qorqud tərəf ağır gələr” kimi dəyərləndirdiyi, yaranma tarixi haqqında müxtəlif fikirlər olan bu dastanla əlaqədar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərmandan sonra YUNESKO Beynəlxalq Mədəniyyət Təşkilatı 1998-ci ili “Dədə Qorqud ili” elan etmişdir. YUNESKO kimi nüfuzlu bir təşkilatın “Kitabi-Dədə Qorqud” dastanına belə yüksək önəm verməsi, onun 1300 illiyinin qəbul olunması beynəlxalq elmi ictimaiyyət tərəfindən dastanın ən azı 1300 il bundan əvvəl yaranması fikrinin qəbul olunması deməkdir. Azərbaycan xalqının, bütün türk xalqlarının tarixi abidəsi, mədəniyyət abidəsi, elm abidəsi, fəlsəfə abidəsi olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsini Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər qeyd edilmiş bayramların, yubileylərin hamısından üstün olduğunu vurğulayan ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə Azərbaycan Prezidenti adından “Gülüstan” sarayında təşkil olunmuş rəsmi qəbulda çıxışı zamanı diqqəti bu cəhətə yönəldərək qeyd etmişdir ki, “Kitabi-Dədə Qorqud”un bizim xalqımıza – Azərbaycan xalqına yenidən qayıtmasına nail olduq. “Kitabi-Dədə Qorqud”un 1300 il yaşı olduğunu bütün dünyaya bəyan etdik. Tarixdə – nəinki Azərbaycan tarixində, dünya tarixində “Kitabi-Dədə Qorqud”un yaşı dəqiq, düzgün müəyyən olundu.
“Kitabi-Dədə Qorqud”u “ana kitabımız, Dədə Qorqudu isə ulu babamız, əcdadımız” kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev dastanın və Dədə Qorqudun xatirəsinin əbədiləşdirilməsinə böyük önəm verirdi. Ulu öndərimiz 1999-cu ilin əvvəlində və 11 mart 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının yubileyi üzrə Dövlət Komissiyasının Prezident sarayında keçirilən iclasında bu məsələyə toxunmuş, Bakının ən gözəl yerlərindən birində Dədə Qorqud parkının salınması və Dədə Qorqudun heykəlinin qoyulması barədə tövsiyə və tapşırıqlar vermişdir.
Fərmandan sonra tədqiqi sahəsində yeni mərhələ başlayan dastan haqqında aparılan son tədqiqatlar sübut edir ki, Dəmir qapı Dərbənddən başlamış Borçalı çökəyinə, Gəncəbasara, Qarsa, Ərdahana, Göyçə gölünə, Ağrı dağına, Naxçıvana, Əlincə qalasına, Bayburta, Ərzuruma, Diyarbəkrə, Vana qədər çox geniş bir coğrafi ərazidə cərəyan edən hadisələri özündə əks etdirən, eyni zamanda qədim türk xalqlarının bədii təfəkkürünün qiymətli incisi, Azərbaycan xalqına məxsus, məşhur Qorqudşünas Ş.Cəmşidovun təbirincə desək, “tarixçi üçün xalqımızın tarixi, ədəbiyyatşünas üçün onun epopeyası, etnoqraf üçün isə milli əlamətlər salnaməsi” olan dastan, orada haqqında bəhs olunan hadisələr Naxçıvan bölgəsi ilə sıx bağlı olmuşdur. Bunu təsdiq edən əsas faktlardan biri dastanda özünə yer alan, tarixin çox sanballı qaynaqlarından sayılan yer adları – toponimlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan diyarının və ona qonşu olan bölgələrin “Kitabi-Dədə Qorqud” dastanları ilə səsləşən yer adlarını, xalq ədəbiyyatı nümunələrini daha dərindən və əhatəli şəkildə öyrənilməsini tədqiqatçıların qarşısında aktual vəzifə kimi müəyyənləşdirmişdir. Bu vəzifəyə uyğun olaraq, Naxçıvanda qeyd olunan istiqamətdə tədqiqatlar genişləndirilmişdir. Bu sahədə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Kitabi-Dədə Qorqud” dastanlarında Naxçıvan toponimləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyən, sonralar AMEA-nın müxbir üzvü seçilən, professor S.Babayevin apardığı tədqiqatlar xüsusilə diqqəti cəlb edir. Onun 1999-cu ildə nəşr etdirdiyi “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyası göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvanla əlaqədar 50-dən artıq toponim və mikrotoponim vardır.
“Kitabi-Dədə Qorqud” dastanına göstərilən yüksək dövlət qayğısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının 2004-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində, Dünya Gömrük Təşkilatının iqamətgahı qarşısında Dədə Qorqud abidəsinin açılışında iştirak və çıxış etməsi onun möhtəşəm eposa verdiyi dəyərin yüksək ifadəsi idi. Mərasimdəki çıxışında Azərbaycan Prezidenti demişdir: “Mən bu gün burada, Ümumdünya Gömrük Təşkilatının binası qarşısında olmaqdan və Dədə Qorqudun abidəsinin açılmasından çox xoşbəxtəm. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının yaratdığı incilərdən biridir. Onun Azərbaycan xalqı və bütün Türk dünyası üçün qədim tarixi və böyük mənası var. ... Bu ədəbi inci bu gün də yaşayır. “Kitabi-Dədə Qorqud”dakı ideyalar və fikirlər bugünkü nəsil üçün də əhəmiyyət kəsb edir və mən əminəm ki, hələ bir neçə əsrlər boyu öz aktuallığını saxlayacaqdır”.
Fəaliyyətində keçmiş irsə böyük önəm verən Prezident İlham Əliyev 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı və himayəsi ilə Bakı şəhərinin Nərimanov rayonunda Dədə Qorqud parkı salınmışdır. Təxminən, 6 hektar sahəni əhatə edən parkda “Kitabi-Dədə Qorqud” abidə-kompleksi yaradılmışdır. Açılış mərasimində ölkə rəhbəri bu abidənin ucaldılmasını böyük hadisə kimi qiymətləndirmiş və demişdir: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür”.
Dövlət başçısı çıxışında bu abidənin ümummilli lider Heydər Əliyevin tövsiyə və tapşırıqları, imzaladığı sərəncam əsasında yaradıldığını xüsusi vurğulamışdır: “Ulu öndər Heydər Əliyev Dədə Qorqud heykəlinin ucaldılması haqqında sərəncam vermişdir. ...Ulu öndərin sərəncamı ilə Dədə Qorqud heykəlinin məhz bu parkda ucaldılması nəzərdə tutulmuşdur. Sadəcə olaraq, biz ulu öndərin siyasətinə sadiq qalaraq bu işləri başa çatdırdıq. Mən çox şadam ki, bu gün bu gözəl park və abidə açılır”.
Bu il fevralın 20-də “Kitabi-Dədə Qorqud” dastanına dövlət qayğısının yeni bir təzahürünün şahidi olduq. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. “Kitabi-Dədə Qorqud” dastanının “Basatın Təpəgözü öldürdüyü boy” ilk dəfə alman alimi Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunmuş və 1815-ci ildə nəşr etdirilmişdir. Bununla da, “Kitabi-Dədə Qorqud” dastanı elmi dövriyyəyə daxil edilmiş və müxtəlif ölkələrin tədqiqatçılarının tədqiqat obyektinə çevrilmişdir.
Bu il həmin tarixi hadisənin 200 ili tamam olur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti belə bir sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 25 iyul 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər Planına əsasən, “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun keçirilməsi, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması, “Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı mövzusunda açıq dərslərin təşkili, kütləvi informasiya vasitələrində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması və sair nəzərdə tutulmuşdur.
Artıq bu sahədə bir sıra tədbirlər reallaşdırılmış, Naxçıvanşünaslıq Mərkəzində açıq dərslər təşkil olunmuş, dəyirmi masalar keçirilmiş, alimlərimiz televiziya və radio verilişlərində çıxışlar etmiş, qəzetlərdə məqalələr nəşr etdirmişlər. Tədbirlər Planına uyğun olaraq, 26-27 oktyabrda AMEA Naxçıvan Bölməsində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu keçirilmişdir.
Şübhəsiz ki, Ali Məclis Sədrinin təsdiq etdiyi Tədbirlər Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bu işlər bundan sonra da davam etdiriləcəkdir.
Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü