24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Musiqi Kolleci öz tarixinin ən gözəl günlərini yaşayır. Onun keçdiyi bu şərəfli illərə nəzər salarkən belə qənaətə gəlmək olar ki, Naxçıvan musiqi mədəniyyətini bu təhsil ocağından ayrı təsəvvür etmək qeyri-mümkündür.  Məhz bu təhsil ocağının hesabına muxtar respublikada onlarla uşaq musiqi məktəbinin açılması reallaşıb. Kollec olmasaydı, Naxçıvan Dövlət Universitetinin Konservatoriyasını yaratmaq da çətin olardı. Xüsusi vurğulanmalıdır ki, kollec muxtar respublikada musiqiçi kadrlar yetişdirməklə kifayətlənmir, eyni zamanda onlara müstəqil düşüncə tərzi, həyat hadisələrinə zamanın fövqündən baxmaq bacarığı da aşılayır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamda qeyd olunduğu kimi: “Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır”.
Bəli, bu gün, demək olar ki, musiqi məktəblərinin pedaqoji kadrlara olan tələbatı Naxçıvan Musiqi Kollecinin istedadlı musiqiçi kadrları hesabına təmin olunub. Yubiley ərəfəsində kollecin məzunları ilə həmsöhbət olduq, təəssüratlarını bölüşdük.

İlk həmsöhbətim Məmməd Baxşılıdır. O, 1992-ci ildə Ordubad şəhərində anadan olub. Orta təhsilini Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Məmmədin uşaqlıqdan musiqi duyumu güclü olub. Musiqi alətləri içərisində tarın ecazkar səsi həmişə balaca Məmmədin diqqətini çəkib. Buna görə də Ordubad Şəhər Uşaq Musiqi Məktəbində Tar ixtisası üzrə təhsil alıb. Rayonda xüsusi istedada malik gənclərin ortaya çıxarılması istiqamətində görülən işlər bu gəncimizin də uğurlar qazanmasına şərait yaradıb. O, müxtəlif tədbirlərdə iştirak edərək diplomlara layiq görülüb. Məmməd deyir:
– Ən böyük arzularımdan biri Naxçıvan Musiqi Kollecində təhsil almaq idi. İmtahan verərək 2007-ci ildə Naxçıvan Musiqi Kollecinə qəbul oldum. Orada peşəkar musiqiçi kimi yetişmək üçün hər cür şərait var. Kollec müxtəlif musiqi alətləri ilə təmin olunub. Biz tələbələr kollecdə fəaliyyət göstərən musiqi kollektivlərinin tərkibində müxtəlif bayram tədbirlərində böyük tamaşaçı kütləsi qarşısında çıxış edirdik. Bütün bunlar bizim peşəkar musiqiçi kimi yetişməyimizə stimul olurdu. Ümumiyyətlə, 4 il müddətində şahidi oldum ki, kollecin maddi-texniki bazası daim möhkəmləndirilir. Təhsil ocağında müasir kompüter dəstləri və elektron lövhələr var. Biz tələbələr yeni texnologiyalardan istifadə etməklə bilik və bacarığımızı artırırdıq.
2013-cü ildən Ordubad Şəhər Uşaq Musiqi Məktəbində Tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərən Məmməd Baxşılı Musiqi Kollecinin məzunu olmaqdan qürurla söhbət açır.
Digər həmsöhbətim Günel Məmmədovadır. O, 1992-ci ildə Kəngərli rayonunun Çalxanqala kəndində anadan olub. 2007-2011-ci illərdə Naxçıvan Musiqi Kollecinin Kamança ixtisasını bitirib. Günel Məmməd­ovanın dediklərindən:
– Musiqiçi ailəsində dünyaya göz açmışam. Atam Bəhman Məmmədov 20 ildən çoxdur ki, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində işləyir. Mən də bu məktəbdə müəllim kimi fəaliyyətə başlamışam. 2012-ci ildən məktəbimiz yeni binada fəaliyyət göstərir. Musiqi məktəbində yaradılan şərait kəndimizdə şagirdlərin musiqi həvəsini daha da artırdı. Şagirdlərimin ikisi Musiqi Kollecində oxuyur. Bu mənim üçün böyük qürurdur.
Günel kollecin 40 illik yubileyinin keçirilməsinin bu təhsil ocağının məzunlarını da ürəkdən sevindirdiyini bildirdi:
– 40 ildir ki, Musiqi Kollecində gənc nəslə musiqi elmi, ifaçılıq sənəti öyrədilir. Naxçıvan Musiqi Kolleci ulu öndərin muxtar respublika sakinlərinə bəxş etdiyi hədiyyələrdən və onun yadigarlarından biridir. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü, tapşı­rığı ilə həyata vəsiqə alan bir təhsil ocağının məzunu olmaq böyük şərəfdir. Bu sənət ocağının ixtisaslı musiqiçi kadrların hazır­lanmasında, xalqımıza məxsus musiqi ənənələrinin yaşadılmasında, mahnılarımızın, eləcə də dünya klassik musiqisinin təbliği və öyrənilməsi sahəsində fəaliyyəti təqdirəlayiqdir. Həmçinin onun fəaliyyəti ilə muxtar respublikamızın uşaq musiqi məktəblərinin ixtisaslı müəllimlərlə təmin olunması problemləri də aradan qalxmağa başlayıb. Qeyd etməliyəm ki, biz ailədə üç bacıyıq. Bacılarımdan biri kolleci bitirib, digər bacım da IV kursda oxuyur. Buna görə də Musiqi Kolleci bizim ailə üçün doğma bir təhsil ocağıdır. Kollecin yubileyinin qeyd olunması bizim ailəyə bayram əhval-ruhiyyəsi gətirib. Mən də fürsətdən istifadə edib ailəm adından bu sənət ocağının 40 illik yubileyi münasibətilə bütün sənətsevərləri təbrik edir, müəllim və tələbələrə uğurlar arzulayıram.
Qeyd edək ki, Musiqi Kollecində Kitabxana-informasiya təminatı ixtisası da var. Bu ixtisası bitirən gənc­lər də az deyil. Hazırda onlar müxtəlif təşkilatlarda kitabxana işi üzrə fəaliyyət göstərirlər. Onlardan biri də Gövhər Məmmədovadır. İlk təhsilini Şərur şəhər 2 nömrəli tam orta məktəbdə alan Gövhər 2010-cu ildə kollecin Kitabxana-informasiya təminatı ixtisasını bitirib. Təhsil aldığı illərdə bir sıra tədbirlərdə, kitabxana günlərində, təcrübələrdə iştirak edib. İlk fəaliyyətinə Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. O, 2012-ci ildən Şərur rayon Axura kənd tam orta məktəbində kitabxanaçı işləyir.
Gövhərlə söhbətimiz maraqlı oldu:
– Naxçıvan Musiqi Kollecində Kitabxana-informasiya təminatı ixtisası muxtar respublikada orta ixtisaslı kitabxanaçı kadrlara olan tələbat nəzərə alınaraq 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə açılıb. Mən Naxçıvan Musiqi Kollecinin bu ixtisasının ilk məzunlarındanam. Kollecdə təcrübəli müəllimlərdən aldığım təhsil bu gün səmərəli əmək fəaliyyətimə təsir edir. Məktəbdə şagirdlərə kitabların insan həyatında mühüm yer tutduğunu, bilik və bacarıqlarını artırmaq, dünyagörüşünün formalaşmasına birbaşa təsir etdiyini aşılamaq müəllimlərlə yanaşı, kitabxanaçıların da vəzifə borcudur. Bu məqsədlə hər ay məktəbdə kitabxana günləri, kitab müzakirələri, şair və yazıçıların yubileylərini keçiririk.
Məzun olduğum kollecin yubileyinin geniş şəkildə qeyd olunması kollecin müəllim və tələbə kollektivinin, musiqi ictimaiyyətinin və biz məzunların sevincinə səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə təhsil işçiləri adından dərin minnətdarlığımızı bildirir, əmin edirik ki, istedadlı gənc nəslin yetişdirilməsi sahəsində əzmlə çalışacaq, göstərilən etimadı doğruldacağıq.

Bəli, “Naxçıvan Musiqi Kollecini bitirmişəm” cümləsini kollecin məzunları neçə illər keçsə də, böyük qürur hissilə deyir və deyəcəklər. Kollecin kollektivi musiqi sahəsindəki çoxillik təcrübəni doğma sənət ocağının bundan sonrakı fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməyi başlıca vəzifələrindən biri sayır. Biz də yüksək səviyyəli musiqiçi kadrların hazırlanması kimi əzəmətli və şərəfli vəzifədə Naxçıvan Musiqi Kollecinə uğurlar arzulayır, 40 yaşın mübarək deyirik!

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR