24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə yaradılan Naxçıvan Musiqi Kollecinin muxtar respublikamızda ixtisaslı musiqiçi kadrların hazırlanmasında özünəməxsus rolu və böyük xidmətləri vardır. İstedadlı gənclərə musiqi təhsilinin verilməsində, xalqımıza məxsus musiqi alətlərinin yaşadılmasında, mahnılarımızın, eləcə də klassik musiqinin təbliği və öyrənilməsi sahəsində bu mədəniyyət və təhsil müəssisəsinin fəaliyyəti təqdirəlayiqdir. Odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 29 mart 2015-ci il tarixdə “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam Naxçıvan musiqiçilərinin sevincinə səbəb olmaqla, onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsi kimi dəyərləndirilib.    

 40 il, əslində, təhsil ocağı üçün az müddət deyil, bir qərinədən artıq zaman kəsiyidir. Və düz 40 ildir ki, burada gənc nəslə musiqi elmi, ifaçılıq sənəti öyrədilir. Qeyd etmək lazımdır ki, bu illər ərzində kollecin musiqi kollektivlərinin muxtar respublikada mədəniyyətin inkişafındakı xidmətləri az olmayıb. O kollektivlər ki, gənc­lərin peşəkar musiqiçi kimi yetişməsində böyük rol oynayır. Hazırda kollektivlər muxtar respublikanın mədəni həyatında fəal iştirak edir, konsert və bayram tədbirlərində rəngarəng repertuarlarla tədbir iştirakçılarında xoş ovqat yaradırlar. Kollecdə xalq çalğı alətləri, simfonik, nəfəs alətləri, estrada orkestrləri, qədim alətlər, “Dilrüba” muğam, “Gənclik” instrumental, sazçalanlar ansamblları, xor kollektivi, “Naxçıvanqala” ritm qrupu və yallı qrupu fəaliyyət göstərir. Ali Məclis Sədrinin qayğısı ilə yaradılan həmin kollektivlər zəruri musiqi alətləri və avadanlıqlarla təmin olunublar. 

Kollecdə yaradılan ilk kollektivlərdən biri xalq çalğı alətləri orkestridir. 1977-ci ildən fəaliyyətə başlayan orkestrin bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Təranə Qurbanovadır. Kollektivin ilk dirijoru Arif Məhərrəmov olub. Sonralar Rəşid Məmmədov, Əkrəm Məmmədov, Nazim Quliyev, Həsənağa Qurbanov, Qorxmaz Axund­ov, Adıgözəl Rzayev, İmamqulu Əhmədov, Elman Əliyev orkestrə dirijorluq ediblər. Orkestrin repertuarına Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxildir. Orkestrin tərkibi 52 tələbədən ibarətdir.
İki il sonra kollecdə nəfəs alətləri orkestri yaradılıb. Amma daha son­ra tələbə qəbulu aparılmadığı üçün fəaliyyəti dayandırılıb. 2006-cı ildə orkestrin fəaliyyəti bərpa olunub. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə orkestr üçün yeni nəfəs və zərb alətləri alınıb. Bu musiqi alətlərinin təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Gənclərimiz milli musiqi alətlərimizlə yanaşı, dünya səviyyəli musiqi alətlərində də ifa etməyi bacarmalıdırlar. Biz öz milli musiqimizi öyrənib təbliğ etməklə yanaşı, dünya musiqisini də mənimsəməliyik”.
Hazırda orkestrin tərkibində 19 tələbə var. Bədii rəhbər və dirijor Vaqif Əsədovdur. Nəfəs alətləri orkestrinin repertuarına Azərbaycan, xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
1982-ci ildən fəaliyyət göstərən xor kollektivi 40 nəfərdən ibarətdir. Xormeysterlər kollecin müəllimləri Nüşabə Əfəndiyeva və Aytəkin Mustafayevadır. Bundan başqa, son illərdə kollecdə bir sıra kollektivlər də yaradılıb. Sazçalanlar ansamblı (2003-cü il), “Naxçıvanqala” ritm qrupu (2005-ci il), “Gənclik” instrumental ansamblı (2007-ci il), yallı qrupu (2010-cu il), “Dilrüba” muğam ansamblı (2012-ci il) kollecdə təhsil alan istedadlı tələbə musiqiçiləri öz ətrafına toplayıb.
2007-ci ildən fəaliyyətə başlayan simfonik orkestr peşəkar kollektiv kimi uğurlarını getdikcə artırır. Orkestrin repertuarına Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərləri daxildir. Kollektivin tərkibində 40 nəfərdən ibarət müəllim, konsertmeyster və tələbə fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri Fətəli Axundzadə, dirijoru Səməd Əsgərov, konsertmeysteri Cahangir Qurbanovdur. Orkestr öz çıxışları ilə kollecin tərcümeyi-halına bir çox uğurlar yazır. 2010-cu il mayın 27-də Heydər Əliyev Sarayında 28 May – Respublika Günü münasibətilə Naxçıvan Musiqi Kolleci simfonik orkestrinin konserti yaddaşlardan silinməyib. Həmin konsertdə orkestr Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Ərtoğrol Cavidin, Yaşar Xəlilovun, dünya bəstəkarlarından Frederik Şopenin, Edvard Qriqin, Astor Pizollanın əsərlərini ifa edib. Konsertdən sonra səhnə arxasına keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov musiqi kollektivini uğurlu konsert proqramı münasibətilə təbrik edərək deyib: “Sizin çıxışınız bir daha təsdiqlədi ki, Azərbaycan xalqı istedadlı xalqdır, şərait yaradılanda o, istedadını göstərə bilir. Ümummilli liderimiz hələ ötən əsrin 70-ci illərində Azərbaycanda hakimiyyətdə olduğu dövrdə Azərbaycanın iqtisadi imkanları onun vətəndaşlarının inkişafına, Azərbaycan dövlətinin möhkəmləndirilməsinə yönəldilmişdir. Bu gün də belədir. Azərbaycan dövlətinin imkanları onun gəncliyinə, inkişafına sərf olunur. Sizin çıxışınız Azərbaycanda gedən inkişafın bariz nümunəsidir”.
Qədim musiqi alətlərinin bərpası və qorunub saxlanılması məqsədilə 2005-ci ildə kollecdə qədim alətlər ansamblı yaradılıb. Tərkibində 17 tələbə olan ansambla rəhbərliyi kollecin müəllimləri İxtiyar Seyidov və Cəlil İsmayılov edir. Kollektivin repertuarına Azərbaycan xalq mahnıları, təsniflər, rənglər və aşıq musiqiləri daxildir.
Ötən il isə kollecdə estrada orkestri yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Səməd Əsgərovdur.
Yuxarıda adıçəkilən sərəncama əsasən kollecin yubileyinin geniş şəkildə qeyd olunması üçün tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, kollecin musiqi kollektivlərinin konsertləri təşkil olunub. Simfonik orkestr, estrada orkestri, qədim alətlər ansamblı, “Dilrüba” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupu muxtar respublikanın rayon mədəniyyət evlərində maraqlı konsert proqramları ilə çıxış edirlər. Göstərilən diqqət və qayğıdan bəhrələnən bu musiqi kollektivləri, heç şübhə yoxdur ki, bundan sonra da peşəkar musiqiçilərin yetişməsinə öz töhfələrini verəcək, muxtar respublikanın mədəni həyatında fəal iştirak edəcəklər.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR