Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon Tarix -Diyarşünaslıq Muzeyində seminar-ekskursiya keçirilib.
Muzeylərdə çalışan bələdçilərin etik davranış qaydaları ilə bağlı maarifləndirici xarakter daşıyan tədbirdə Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları iştirak ediblər. Seminar-ekskursiyanı giriş sözü ilə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açaraq belə seminarların əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva çıxış edib. O, muxtar respublikada muzeylərimizdə qorunan tarixi irsə göstərilən qayğıdan söz açıb. Bildirilib ki, bu irsin qorunmasında və təbliğində muzeylərin, muzey bələdçilərinin üzərinə mühüm vəzifələr düşür. Bələdçilər belə mədəniyyət müəssisələrinə üz tutan insanlarla səmimi ünsiyyət qurmağı, muzeylərdə qorunan və nümayiş etdirilən eksponatlar barədə dəqiq və ətraflı məlumat verməyi bacarmalıdırlar. Bunun üçün hazırlanmış metodik tövsiyələr mühüm əhəmiyyət daşıyır və bələdçilər həmin tövsiyələrdən istifadə edərək qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ bilərlər.
Sonra Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına baxış olub. Muzeyin bələdçisi Nazilə Məmmədova buradakı eksponatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda keçirilən seminar-ekskursiyanın müzakirəsi olub, bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.
Muzeyin direktoru Gülər Əhmədova belə maarifləndirici tədbirin təşkili üçün muzey kollektivi adından minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi