Azərbaycan artıq 24 ildir ki, müstəqil dövlətdir. Bu illərin çətinliklərinə, ağır proseslərinə baxmayaraq, dövlətimiz bu yurdun tarixi keçmişinin çox dəyərli səhifələrini qısa bir müddətdə açır, xalqa nümayiş etdirir. Bütün bunlar həm də ona görə edilir ki, hər bir insan və xüsusən gənc nəsil mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən dərk etsin. Elə bütün oğuz-türk xalqlarının ulusu olan Dədə Qorqudun öyrənilməsi, onun adıyla adlanan dastanın hər kəs tərəfindən sevilib dünyaya çatdırılması kimi.
“Kitabi-Dədə Qorqud” bizim hamımızda böyük iftixar hissi yaradır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi böyük tarixi abidəmiz var. Biz fəxr edirik ki, Dədə Qorqud övladlarıyıq. Biz fəxr edirik ki, Dədə Qorqud elində yaşayırıq. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” bütün türkdilli dövlətlərə mənsub olaraq, eyni zamanda və birinci növbədə, Azərbaycan xalqına mənsubdur. Fəxr edirik ki, biz “Kitabi-Dədə Qorqud”un sahibiyik, onu yaşadacağıq və gələcək nəsillərə daha da böyük töhfələrlə verəcəyik. Bu gün bayram mərasimləri ən zirvə nöqtəsinə çatdı. Amma bizim “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliğ, tədqiq olunması işimiz bununla bitmir. Bu, bizim işimizin ancaq başlanğıcıdır. Son üç ildə görülən işləri mən çox yüksək qiymətləndirirəm və bu münasibətlə yaranmış dövlət komissiyasının üzvlərinə və “Kitabi-Dədə Qorqud” yubileyinin hazırlanması dövründə fəaliyyət göstərmiş hər bir vətəndaşımıza, alimlərimizə, ziyalılarımıza, yazıçılarımıza, incəsənət, mədəniyyət xadimlərimizə dərin təşəkkürümü bildirirəm”.
Bu fikirlər 2000-ci ilin aprel ayının 9-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda ümummilli liderimiz Heydər Əliyev tərəfindən səsləndirilib. Xatırladaq ki, ulu öndərin bu çıxışından təxminən üç il əvvəl–1997-ci il aprelin 20-də imzaladığı “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərmanı, yubileyi ən yüksək səviyyədə keçirmək məqsədilə komissiyanın yaradılması milli-mənəvi irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əlamətdar hadisə idi. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmayıb və 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdu.
Yuxarıda adıçəkilən fərmanın həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər planına əsasən, görülən işlərdən biri də 1999-cu ildə qədim oğuz yurdu olan Naxçıvanda Dədə Qorqudun əzəmətli abidəsinin ucaldılmasıdır. “Təbriz” mehmanxanasının önündə qoyulmuş abidənin müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov idi. Hündürlüyü 5,3 metr olan heykəldə qopuz tutmuş Dədə Qorqud təsvir olunmuşdu. Abidənin qoyulduğu ərazi isə Dədə Qorqud meydanı adlandırıldı.
Naxçıvan şəhərindəki bu abidənin yerləşdiyi meydan son illər yenidən qurulub, əraziyə yeni görkəm verilib. Yaşıllıq zolaqları, gülkarlıqlar yaradılıb, rahat oturacaqlar qoyulub.
Ulu Dədə Qorqudun adını daşıyan meydan bu gün naxçıvanlıların, muxtar respublikamızın qonaqlarının ən çox üz tutduqları istirahət guşələrindən biridir. Şəhərimizin mərkəzində yerləşən – Heydər Əliyev prospekti ilə “Təbriz” küçəsinin kəsişdiyi bu ərazi öz füsunkarlığı ilə göz oxşayır. Doğma diyarımızda həyata keçirilən quruculuq tədbirlərinə xas olan spesifik xüsusiyyətləri burada ilk anda görmək olar. Yəni qədimliklə müasirliyin vəhdəti burada da qorunub. Bir tərəfdə Təbriz mehmanxanası. Bütün müasir tələblərə cavab verən, şəhərimizin hər yerindən görünən, yüksək səviyyədə xidmət göstərilən bu mehmanxana bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərdə iştirak edən qonaqlar buradakı xidmətdən razılıqlarını bildiriblər. Bir tərəfdə isə ulu tariximizin canlı yadigarı – XVIII əsr Şərq memarlığının incilərindən biri olan “İsmayılxan hamamı” adlanan tarixi-memarlıq abidəsi yüksək zövqlə, ilkinliyi tamamilə saxlanılmaqla bərpa olunub.
Bu meydanda görülən işlərin ən əhəmiyyətlisi isə “Dədə Qorqud” abidəsinin yenidən işlənməsidir. İndi abidə daha əzəmətli, daha möhtəşəm görkəm alıb. Ümumilikdə, burada görülən işlər tariximizə göstərilən hörmət və ehtiramın ifadəsidir.
Səbuhi Hüseynov