Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə ulu öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb.
Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə şairin məqbərəsini ziyarət ediblər.
Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabr ayının 24-ü Naxçıvan Muxtar Respublikasında Hüseyn Cavid Poeziya Günü kimi qeyd olunur. Bu, artıq ənənə halını alıb, görkəmli ədibin zəngin və möhtəşəm yaradıcılığını ədəbi-nəzəri fikrin diqqət mərkəzinə çəkməklə əsl poeziya bayramına çevrilib.
Ali Məclis Sədrinin sərəncamına əsasən keçirilən poeziya gününün Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılması, xüsusən də gənclərin Azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirən Rəhman Məmmədov deyib ki, Hüseyn Cavid pedaqoq və mütəfəkkir kimi daim Azərbaycan xalqının gələcəyini düşünüb, maarifi, mədəni dirçəlişi diqqət mərkəzində saxlayıb. Bütün həyatını bu yüksək amala həsr etmiş görkəmli ədibin bir arzusu var idi: öz doğma xalqını azad və xoşbəxt görmək, ana vətənə xidmət etmək. Ədibin 130 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan – türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, Vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdi”. Bu baxımdan Hüseyn Cavid Poeziya Gününün keçirilməsinin əhəmiyyəti böyükdür. Bu poeziya bayramı Hüseyn Cavid bədii irsinin öyrənilməsi, eləcə də gənclər arasında təbliğinə geniş imkan yaradıb.
Qeyd olunub ki, 1982-ci ildə Hüseyn Cavidin 100 illik yubileyi Bakıda, 1992-ci ildə 110 illik yubileyi Naxçıvanda, 2002-ci ildə isə 120 illik yubileyi geniş şəkildə qeyd olunub. 1981-ci ildə Naxçıvanda, 1995-ci ildə isə Bakıda onun ev-muzeyləri yaradılıb. 1996-cı ilin oktyabrında isə böyük şairin anadan olmasının ildönümündə Hüseyn Cavid məqbərəsi ucaldılıb.
“Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən bu siyasət muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlarla görkəmli ədib Hüseyn Cavidin 2007-ci ildə 125, 2012-ci ildə isə 130 illik yubileyi geniş şəkildə qeyd edilmişdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bildirib ki, bununla yanaşı, dahi şairin həyat və yaradıcılığına həsr olunan simpozium və elmi konfranslar keçirilib, sərgilər təşkil edilib, “Naxçıvan” jurnalının bir nömrəsi Hüseyn Cavidə həsr olunub, kütləvi informasiya vasitələrində böyük ədibin ideyaları təbliğ edilib, ev-muzeyinin ekspozisiyası zənginləşdirilib. Mütəfəkkir şairin adının əbədiləşdirilməsi sahəsində də mühüm işlər görülüb. Hazırda Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Hüseyn Cavidin adını daşıyır. Naxçıvan şəhərində, Şərur, Babək, Culfa və Şahbuz rayonlarında görkəmli ədibin adına küçələr vardır.
Muxtar respublikanın görkəmli şəxsiyyətlərinə, o cümlədən Hüseyn Cavid irsinə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirən Rəhman Məmmədov qeyd edib ki, Hüseyn Cavidin böyük istedadı, sənətkarlığı, öz xalqına mənən bağlılığı yaradıcılığına əbədiyaşarlıq qazandırıb. Buna görə də Hüseyn Cavid kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq, ümummilli lider Heydər Əliyevin dediyi kimi “Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, xalqımızın bir çox klassik sənətkarları kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi, sözün-sənətin böyük bilicisi və hamisi ümummilli liderimiz Heydər Əliyev verib. Ulu öndərimiz onun istər cismən, istərsə də mənən vətəninə, xalqına qaytarılmasında, milli-mənəvi tərəqqi prosesində öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.
Natəvan Qədimova vurğulayıb ki, Azərbaycan xalqının yetirdiyi bu iki düha – Hüseyn Cavid və Heydər Əliyev bəşər həyatında ədəbiyyatın roluna yüksək qiymət verib, onu insanlığın ərsəyə gətirdiyi ən böyük milli-mənəvi dəyərlər sırasına daxil ediblər. Hüseyn Cavid öz əsərləri ilə insanlara ədalətin və həqiqətin düzgün yolunu göstərib, ulu öndərimiz Heydər Əliyev isə insanları ədalətin və həqiqətin, xalqa və vətənə xidmətin düzgün yolu ilə öz ardınca aparıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigarın “Hüseyn Cavidin həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin “Hüseyn Cavid dramaturgiyası”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Hüseyn Cavidin mütərəqqi ideyaları” mövzularında çıxışları olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının tanınmış şairləri – Vaqif Məmmədov, Elbəyi Maqsudov və Həsənalı Eyvazlı söz ustadına həsr olunmuş şeirlərini oxuyublar.
Azərbaycan Respublikasının Xalq artistləri Həsən Ağasoy və Rza Xudiyev, həmçinin Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin şagirdləri dahi şairin şeirlərini bədii qiraət ediblər.
Tədbirə yekun vuran Asim Yadigar Cavid irsinə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyi ilə tanış olublar.
Rauf Əliyev