24 Dekabr 2024, Çərşənbə axşamı

“Kitabi-Dədə Qorqud” dastanları qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir.
Bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda səsləndirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Oruc Həsənli açaraq bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər Birliyi dönəmində məhz ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, 1975-ci ildə “Dədə Qorqud” bədii filmi çəkilib.

1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərman, 2000-ci ildə isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı Sərəncam imzalanıb. Ümummilli lider tərəfindən “Kitabi-Dədə Qorqud”la bağlı müəyyənləşdirilmiş dövlət siyasəti uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il fevralın 20-də və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il iyulun 25-də imzaladıqları sərəncamlara əsasən, muxtar respublikamızda silsilə tədbirlər keçirilir. Dastanın təbliği istiqamətində mühüm addımların atılması muxtar respublika ictimaiyyətinin və yaradıcı ziyalıların bu mövzuya marağını daha da artırıb.
Konfransda institutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlının, tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsən­ovanın, filologiya elmləri doktoru, professor Yusif Səfərovun məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, dünya ədəbiyyatının nadir eposlarından olan bu dastanda tariximiz və milli-mənəvi dəyərlərimiz yaşadılır. Epos xalqımızın zəngin adət-ənənələrini, yaşam tərzini, dünyagörüşünü öyrən­­mək baxımından da dəyərli sənət xəzinəsidir.
Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir edilən bir sıra tarixi hadisələr məhz Naxçıvan ərazisində baş verib. Qədim diyarımızda “Kitabi-Dədə Qorqud”da ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu olduğunu təsdiqləyir.
Sonda “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif boyları əsasında hazırlanmış kompozisiya nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR