24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Hüseyn Cavid 1882-ci il ok­tyabrın 24-də Naxçıvan şəhərin­də anadan olmuşdur. İbtidai təhsilini Naxçıvan­da M.T.Sidqinin “Məktəbi-tərbi­yə”sində alan Cavid ilk təhsil illərində “Gülçin” və “Salik” təxəllüsləri ilə şeirlər, qəzəllər yazmışdır. Sidqi Cavidin şairlik istedadını görəndən sonra onun gələcəyinə böyük ümidlər bəsləyərək demişdir: “Mən atan molla Abdullanın yerinə olsaydım və Gülçin kimi bir şair oğlum olsaydı, rövzəxanlığı buraxıb, xanəndəlik edərdim və həmişə Racinin yox, öz oğlumun şeirlərini oxuyardım”. 1898-ci ildə “Məktəbi-tərbiyə”ni bitirən Hüseyn Cavid təhsilini davam etdirmək istəsə də, xəstəliyi buna mane olmuşdur. O, müalicə üçün 5 il Təbrizdə yaşayan qardaşı Məhəmməd Rasizadənin yanında qalmışdır. 1905-ci ildən isə gənc Cavidin İstanbul darülfünunda təhsil illəri başlayır. O, 1909-cu ildə təhsilini bitirərək vətənə qayıtmış və müxtəlif dövrlərdə Naxçıvanda, Gəncədə və Tiflisdə yaşayıb fəaliyyət göstərmişdir. Bu illərdə onun Tiflisdə “Ana” pyesi və “Keçmiş günlər” adlı kitabları çap olunmuşdur. 1917-ci ildə isə şairin “Bahar şəbnəmləri” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Hüseyn Cavidin şeirlərində bəşəriyyəti narahat edən, düşündürən fikirlər həmişə önə çəkilib. Onun poeziyasında əbədi sülh arzusu var. Cavid o insanı dahi adlandırırdı ki, bəşəriyyətə, insanlığa xoş günlər gətirir. Şairin “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü” misraları ən ali insani keyfiyyətləri özündə əks etdirməklə bəşəriyyəti daim sülhə, mehribanlığa, qardaşlığa, dostluğa səsləyir. Mənəvi keyfiyyətləri insan üçün hər şeydən qiymətli sayan Hüseyn Cavid gözəllik aşiqi idi. O, insanı daxilən gözəl, kamil görmək istəyirdi.
Cavid yaradıcılığında şeirlərlə yanaşı, dram əsərləri də xüsusi yer tutur. Ədibin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Uçurum”, “Peyğəmbər”, “Afət”, “Topal Teymur”, “Xəyyam”, “Knyaz”, “Səyavuş”, “İblisin intiqamı” pyesləri, “Azər” poeması Azərbaycan ədəbiyyatının ən gözəl nümunələri sırasındadır. Onun qələmə aldığı pyeslər Azərbaycanda teatr sənətinin inkişafına, görkəmli aktyorlar nəslinin yetişməsinə güclü təsir göstərmişdir. Sənətkarın yaratdığı obrazlar – Şeyx Sənan, Xumar, İblis, Azər, Əmir Teymur, Xəyyam, Əfrasiyab, Səyavuş, Firəngiz, Südabə, Afət, Özdəmir və onlarla başqaları bənzərsizliyi və təkrarolunmazlığı ilə ədəbiyyatımızda və teatr sənətimizdə əbədiyaşarlıq qazanmışlar. Bu obrazların həyatda apardıqları mübarizə dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradır. Hüseyn Cavid sənəti fikir və duyğular, obraz və xarakterlər, zaman və məkan məhdudiyyəti ilə sərhədlənmir, onun yaradıcılığı sonsuzluq və müxtəliflik mücəssəməsidir.
Ötən əsrin 30-cu illərinin repressiya burulğanı neçə-neçə görkəmli sənətkarlarımız kimi, Hüseyn Cavidi də öz cənginə aldı. 1937-ci ildə həbs olunan şairin qalan ömrü Sibirdə sürgün həyatında keçmişdir. 1941-ci il dekabrın 5-də Sibirdə dünyasını dəyişən Cavidin adını çəkmək 1956-cı ilədək qadağan olunmuşdur. Mövsümünü Hüseyn Cavid əsərləri ilə açan, Hüseyn Cavid əsərləri ilə bağlayan teatrlarımız iyirmi il onun dram əsərlərindən məhrum olmuş, tamaşaçılar görkəmli dramaturqun düşündürən, bəşəri ideyalara səsləyən ədəbi qəhrəmanlarının obrazlarına həsrət qalmışdılar. Hüseyn Cavid elinə, obasına qayıda bilməsə də, ölümündən sonra bəraət aldı, əsərləri yenidən işıq üzü görməyə başladı. Buna baxmayaraq, 1956-1969-cu illərdə də onun yaradıcılığına layiqli qiymət verilməmiş, biganə münasibət göstərilmişdir.
Tarixdə yalnız haqqın, ədalətin, doğruların əbədiyaşarlıq qazanması ötən əsrin 70-ci illərindən sonra bir daha öz təsdiqini tapdı. “Hər qaranlıqda çırpınır bir nur”, – deyən ölməz sənətkarın arzularından qanadlanan əbədi nur tezliklə öz şəfəqlərini Azərbaycan ədəbiyyatının, mədəniyyətinin üzərinə saçdı. Çox keçmədi ki, bu nur Hüseyn Cavid taleyini də əbədi işıqlandırdı. Azərbaycan elmini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini bütün dünyaya tanıdan ümummilli liderimiz Heydər Əliyev Cavid irsinə layiqli qiymət verdi, onun əsərləri yenidən çap olundu. 1981-ci ilin iyul ayında ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan KP Mərkəzi Komitəsi Hüseyn Cavidin anadan olmasının 100 illiyinin qeyd olunması haqqında qərar qəbul etdi. Dahi Hüseyn Cavid şəxsiyyətinə əsl bəraəti məhz bu qərar qazandırdı. Böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi kimi: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.
Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi olmaqla, sənətkara münasibətin köklü şəkildə dəyişməsinin istinad nöqtəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi. Bundan sonra ümummilli liderimiz Heydər Əliyev çox böyük cəsarət tələb edən daha bir addım atdı. 1982-ci ildə Cavidin cənazəsi Uzaq Sibirdən doğma torpağına, Naxçıvana gətirilərək böyük xalq sevgisi ilə dəfn edildi və onun üzərində əzəmətli məqbərənin tikilməsi qərara alındı. Bu, keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi.
Ötən əsrin 70-ci illərindən Cavidin əsərləri nəşr olunmağa başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. O vaxt Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevi Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğı həmişə düşündürürdü. 1995-ci il iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuş və tezliklə ulu öndərin ən böyük arzularından biri həyata keçmişdir. 1996-cı il oktyabrın 29-da Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ümummilli liderimiz sənətkara yüksək qiymət verərək deyirdi: “Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.
2002-ci ildə Hüseyn Cavidin anadan olmasının 120 illiyinin qeyd olunması ilə bağlı sərəncamın imzalanması bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyev mənsub olduğu xalqa, onun yetirmələrinə, görkəmli şəxsiyyətlərinə həmişə böyük sevgi, tükənməz məhəbbət bəsləmişdir. Bu, Hüseyn Cavidin sima­sında daha aydın, daha parlaq görünür.
Azərbaycanda Hüseyn Cavidin yubileylərinin keçirilməsi, əsl poeziya bayramlarına çevrilməsi sənət və sənətkara ulu öndərin verdiyi qiymətin nəticəsidir. Bu yubileylərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. “Cavid ömrü boyu” salnaməsinin hazırlanması, əsərlərinin kütləvi tirajla nəşr olunması, bədii və sənədli filmlərin çəkilməsi, televiziya tamaşalarının hazırlanması, pyeslərinin ölkəmizin müxtəlif teatrlarında səhnəyə qoyulması da Hüseyn Cavid irsinə qayğının bir hissəsidir. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcı­lığına marağın göstəricisidir. Cavid haqqında təsviri incəsənətimizdə və ədəbiyyatımızda onun obrazının yaradılması sahəsində görülən işlər də təqdirolunası hadisələrdəndir.
Zaman keçdikcə Hüseyn Cavid irsinə maraq daha da artır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam, eləcə də “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncam Hüseyn Cavid yaradıcılığına göstərilən növbəti dövlət qayğısıdır. Sərəncamda deyilir: “Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizmi ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin fikir xəzinəsində layiqli yer tutur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, görkəmli ədibin yubileyi ilə əlaqədar simpozium keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Cavid yaradıcılığına həsr olunmuşdur. Tədbirlər Planına uyğun olaraq, Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar muxtar respublikamızda silsilə tədbirlər keçirilmiş, AMEA-nın Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan elmi konfrans və tədbirlər təşkil edilmiş, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı işıqlandırılmış, onun bəşəri ideyaları təbliğ olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hüseyn Cavid nə yazmışsa Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan – türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.

Hüseyn Cavid əbədiyaşar sənətkardır. Onun romantik qanadlı poeziyası zaman keçdikcə daha yüksək zirvələrə qalxacaq, ədəbiyyatımızın çoxəsrlik tarixində əbədi yaşayacaq, ölməz sənəti daha da dünyəviləşəcəkdir. Azərbaycan xalqı yaşadıqca Hüseyn Cavid dühası da yaşayacaqdır. Çünki o, yaradıcılığı boyu nə yazmışdırsa, öz vicdanının səsi ilə yazmış, bütün yaradıcılığı boyu öz doğma xalqını azad və xoşbəxt görmək, ana Vətənə xidmət etmək kimi ali məqsəd, ülvi hislər tərənnüm etmişdir.

Asim Əliyev
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR