Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənc Vətənpərvərlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Xatirə Muzeyinin baş fond müdiri Aynur Məhərrəmova açaraq muzeyin yaranma tarixi haqqında məlumat verib. O bildirib ki, muzey Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzeydə soyqırımı faktlarını əks etdirən sənədlər, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid digər materiallardan ibarət 5000-ə yaxın eksponat nümayiş etdirilir.
Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov çıxış edərək tədbirin keçirilməsi mahiyyətindən danışıb və gənclərə Naxçıvanda gedən döyüşlərdə həlak olmuş milli qəhrəmanlar haqqında ətraflı məlumat verib, təşkilatın milli qəhrəmanların tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib.
Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev isə çıxışında Gənclər və İdman Nazirliyinin gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə keçirdiyi tədbirlərin gənclərə vətənpərvərlik hislərinin aşılanmasında önəmli rol oynadığını qeyd edib, belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonda tədbir iştirakçıları muzeydə olan eksponatlarla tanış olublar.
Ceyhun Məmmədov