Beynəlxalq muğam festivalının qalibi, istedadlı muğam ifaçısı Eytiram Hüseyinov ötən şənbə günü Naxçıvan şəhərində olub. O, Naxçıvan Dövlət Filarmoniyasında ustad dərsi keçib.
Dərsdə muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muğam siniflərində, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində müvafiq ixtisas üzrə təhsil alan şagirdlər və tələbələr, Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak ediblər.
Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin əvəzedilməz tərkib hissəsi olan muğamın inkişafına ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında böyük diqqət göstərilir. Muğam müsabiqələrinin keçirilməsi, muğamın təbliği istiqamətində görülən işlər davamlı xarakter aldığındandır ki, son illərdə gənclərin muğam sənətinə marağı xeyli artıb. Belə tədbirlərin keçirilməsində məqsəd istedadlı muğam ifaçılarını üzə çıxarmaqdır.
Sonra Eytiram Hüseyinov “Mahur” muğamını ifa edib, iştirakçıların suallarını cavablandırıb.
Axşam Heydər Əliyev Sarayında muğam ifaçısının konserti təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Malik Mansurovun (tar), Elşən Mansurovun (kamança), Kamran Əkbərovun (nağara) müşayiət etdikləri konsertdə Eytiram Hüseyinov bir neçə muğamı naxçıvanlı muğamsevərlərə təqdim edib.
Qeyd edək ki, muğam sənətinin inkişafındakı fəaliyyətinə görə Eytiram Hüseyinov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Xəbərlər şöbəsi