Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir qayada göyərdin məni.
Salam, a zirvələr, salam, a dağlar
Yenə bir nəğməlik kövrəldin məni.
O zirvələrin, dağların ətəyində Məmməd Araz nəfəsi göyərib. Mamır olub bitmək istədiyi, enib daşdan-daşa düşüb, lal dilini anlamağa çalışdığı qayaların qoynunda bir muzey var. Xalq şairi Məmməd Arazın ev-muzeyi. Gündoğandan günbatana məskən tutub, dünyaya sözün qüdrətilə yeni dünya – “Məmməd Araz dünyası” gətirən, ancaq hər zamankı sadəliyi ilə “bir qaya dibində yerim olardı” deyib pıçıldayan şairin muzeyi.
Onun şeirlərinin hər bəndində həqiqi bir vətəndaşın qəlb çırpıntıları, harayı, arzuları var. Hədər yerə söyləməyiblər ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şair deyəndə, ağıla ilk gələnlərdəndi Məmməd Araz. Həyatının bütün ağrı-acısı, ucqar bir dağ kəndində yaşayan o qarayanız uşağın xalqın sevimli şairi mərtəbəsinə yüksələnə qədər yaşadıqları, uğradığı haqsızlıqlar, umu-küsü necə də sıralanıb bölgülərə, vəznlərə. “Bir şairin əsl bioqrafiyası şeirləridi” deyirdin, şair. Kim daha yaxşı tanıdar səni şeirlərindən özgə?
Xəyanət nə, badalaq nə tanımadım.
Qibtələr nə, həsədlər nə uzaq-uzaq
Paxıl nədi, paxıllar nə heç bilmədim.
Və bunların hamısına qoşul, –
deyən təriflərə yem olmadım.
Bir şairin həyat və yaradıcılıq qayəsi bundan daha tutarlı necə köçürülərdi şeir yaddaşına? “Bu torpağın yumruq boyda daşı” olan şairin ürəyində, fikrində hansı hislər, hansı fikirlər əbədilik daşlaşdı? “Fikrimin çəkisi çəkimdən ağır, dartmaq da çətindi, atmaq da çətin” – o fikirlər səni nə yazmağa, nə də rahat yaşamağa qoydu, şair. “Ağır bir sənətə könül bağladın, bəxtinə dərdin də ağırı düşdü”. O dərdin adı sənin bənd-bənd, misra-misra dilə gətirdiyin “vətən dərdi” idi. Bəlkə elə bunun üçün “bu torpağa səpilməyə dən kimi acdın, bu torpağın dan yerində dəfn olunmağa” bu qədər möhtac.
Xalq şairimiz haqqında yazılmış xatirələri, şairin publisistik yazılarını, əlyazmalarını vərəqləyirəm. Məmməd Arazın əlyazmalarından biri diqqətimi çəkir: “Əgər bir ölkənin başçısı sözü uca tutursa, yaradıcı insanların əməyini dəyərləndirirsə, onda həyatın, yaşamağın mənası daha da artır”. Söhbət ədəbiyyatımızın böyük hamisi və bilicisi ulu öndər Heydər Əliyevdən gedir. Fikrin davamında yazır: “Qollarımdan əlli min dost əli yapışıb. Onlardan ən güclüsü, ən xeyirxahı məhz ölkə başçısı cənab Heydər Əliyevin əlidir”. Xalq şairinin həm şəxsiyyətinə, həm yaradıcılığına böyük diqqət göstərən ulu öndər 1995-ci ildə şairi ömür-gün yoldaşı ilə birgə dövlət hesabına Almaniyaya müalicəyə göndərmiş, onu Vətənin ali mükafatına – “İstiqlal” ordeninə layiq görmüşdü. Məmməd Arazın yaşayışını, həyatını daha da yaxşılaşdırmaq üçün onu müasir mənzil ilə təmin etmişdi. Xalq şairinin həyatına, yaradıcılığına olan diqqət hər gün bir az da artdı. Bu gün istər ölkə Prezidenti, istərsə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən şairin yaradıcılığına böyük ehtiram göstərilir. Paytaxt Bakıda, həmçinin çox sevdiyi Naxçıvanda adının əbədiləşdirildiyi ünvanlar var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən, Şahbuz rayonunun Nursu kəndində Məmməd Arazın ev-muzeyi yaradılmış və elə ötən il şairin anım günündə istifadəyə verilmişdir.
“Mən uca dağlara babam demişəm,
Ərköyün balayam dağlar yanında”, – deyən Məmməd Araz bu dağların ətəyində ünvan tapdı. Qələm dostuna müraciətlə yazdığı “Şair, qayalara, dağlara söykən”, əslində, özünə məsləhəti idi. “Körpülənin, ay Arazlar, məni qoymayın təklənəm” deyib söykəndiyi yer də bura oldu. Nursu öz şair oğlu ilə dünyanı gəzdi, dünya Nursunu Məmməd Arazın ürəyində, sənətinin sehrində gördü, tanıdı. Və indi şairin ev-muzeyinin yaradılması ilə uzaq ellərdən, şəhərlərdən bu balaca dağ kəndinə gələnlərin sayı artır, ürəyində sözdən, şeirdən od qalayanlar bu ünvana üz tuturlar. Bəzən düşünürəm ki, ən böyük ekspozisiya zalı elə təbiətdi, ən dəyərli eksponat elə şairin bənd-bənd, misra-misra şeirləridi.
“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər. Canlı şahidi olmayan yüz oxusa da, tanıyarmı Çadırdaş ətəyini, Nursu bulağını, üz yalayan səhər yelini, dərəni, uçurumu? O sal daşlara sığal çəkməyən necə anlar – “Ana yurdum, hər daşına üz qoyum”, – deyən şairin sözünün sehrini, qələminin qüdrətini?
Bildiyimiz kimi, muxtar respublikamızda artıq ənənə halını almış “Muzey günləri” keçirilir. Muzeylərlə əlaqələrin daha mütərəqqi yollarla inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 19 dekabr tarixində “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən muzeylərə mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının ziyarətləri olur. Təbii ki, Xalq şairi Məmməd Arazın ev-muzeyi də ziyarət edilir.
“Əgər gücüm çatsa, bu torpağı çiynimə alıb dünyanın sənət sərgilərinə çıxardardım, onda bu torpağın rəngi ilə dünyanı heyrətləndirərdim”, – deyən Xalq şairi Məmməd Araz bu torpağı çiyninə alıb sözlə ucaltdı, sözlə ana yurdun xəritəsini çəkdi. Söz mülkünün Atabəyi olan xalqın şairi öz qələmi ilə özünə əbədilik yaşamaq haqqı tanıdı.
Ürəyimi bu torpağa basdırdım, demək,
Nə zamansa bu yollarda söz göyərəcək.
Yeni sözlər, yeni fikirlər göyərəcək, yeni şairlər, yeni oxucu nəsilləri yetişəcək. Ancaq hər zaman oxunacaq, xatırlanacaq Məmməd Araz. Elə bir qələm dostunun da dediyi kimi:
Məmməd Araz Azərbaycan havasındadı,
Məmməd Araz Azərbaycan çörəyindədi.
Və bütün bu yazılanları, şairin xatirələrini oxuyarkən, haqqında yazılmış çoxsaylı qəzet materiallarını, kitabları, xüsusən də “Naxçıvan albomu”nu vərəqlədikcə düşünürəm, yaşasaydı əgər Məmməd Araz daha hansı misraların qonağı olardı, şair yazılmayan hansı fikirləri meydana çıxarardı? Və bu an sanki axtardığım sualların cavabı olaraq şairin əlyazmalarının içərisindən bir misra baş qaldırır:
Ondan ayrılmayır könlüm bir an da,
Qəlbimdir, canımdır bu torpaq mənim.
Özüm o yerlərdə olmayanda da,
Xəyalım orada olacaq mənim.
Fizzə BAĞIROVA
Məmməd Arazın ev-muzeyinin direktoru