24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası ərazisində qədim və orta əsrlər dövründə yaradılmış çoxlu maddi-mədəniyyət nümunələri, o cümlədən memarlıq abidələri vardır. Bu abidələrin bir hissəsi yarandığı vaxtdan keçən müddət ərzində baş verən təbii fəlakətlər, müharibələr zamanı dağılmış, bir qismi isə zəmanəmizədək aşınmış, yarıuçuq vəziyyətdə gəlib çatmışdır.

Son iyirmi ildə bu abidələrdən, təxminən, altmışı bərpa olunmuş, bəzilərində isə hazırda abadlıq-bərpa işləri aparılmaqdadır. Belə abidələrdən biri də Azərbaycan memarlığının möhtəşəm nümunələrindən olan, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Culfa şəhərinin yaxınlığında qırmızı tuf daşından inşa edilən Gülüstan türbəsidir. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-kon­struktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbətipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur.

Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Ancaq digər türbələrdə sərdabə hissə yerin altında yerləşdirildiyi halda burada sərdabə yerin səthindən yuxarıda inşa olunmuşdur. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə on iki üzlü qüllədən ibarətdir.
Qüllənin bütün üzlərində yaradılan taxçaların içərisi çox incə şəkildə işlənmiş naxış və ornamentlərlə doldurulmuşdur. Türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi, zərifliyi və mürəkkəbliyi ilə seçilir və demək olar ki, bu cəhətdən digər abidələri geridə qoyur. Abidəni inşa edən memar ornamentlər üzərində işləyərkən onları taxçalarda elə düzmüşdür ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri ancaq Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Yarandığı vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən Möminə xatın türbəsində olduğu kimi, bu türbənin də üst örtüyü dağılaraq sıradan çıxmışdır. Ona görə də Gülüstan türbəsinin çadır örtüyünün piramidaya oxşar və ya konik şəkildə olması ətrafında müxtəlif fikirlər yaranmışdır.
Bu cəhətdən oxşar abidələrlə müqayisəsinə əsasən, türbənin konik günbəzlə tamamlanması fikrinə daha çox üstünlük verilir. Şübhəsiz ki, türbə inşa olunarkən üzərində onun təyinatı, sifarişçisi, inşa tarixi, memarı haqqında müfəssəl məlumat verən epiqrafik sənəd – kitabə olmuşdur. Ehtimal ki, abidənin üst örtüyü dağılarkən bu kitabə də məhv olmuşdur. Ona görə də türbənin inşa tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq digər abidələrlə oxşar cəhətlərinə əsasən müqayisə edərək türbəni XII yüzilliyə aid etmək olar. Azərbaycanın memarlıq abidələri sırasında mühüm yerlərdən birini tutan, elmi cəhətdən çox əhəmiyyətli olan bu abidə zaman keçdikcə təbii qüvvələrin (qar, yağış, külək, isti, soyuq) təsirindən aşınmaya məruz qalmışdır. Sovet hakimiyyəti illərində türbə Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız qalmış, bərpa edilməmiş, əhalinin onun yanına getməsinə icazə verilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 7 oktyabr 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır.
Naxçıvan Muxtar Respublikasında tarix-mədəniyyət abidələrinə dövlət qayğısının yeni bir təzahürü olan, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən biri, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı kimi dəyərləndirilən, orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan bu möhtəşəm abidədə bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə imzalanan sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Gülüstan türbəsində bərpa işlərinin elmi əsaslarla aparılmasının təmin olunması tapşırılmışdır. Həmçinin sərəncamla AMEA Naxçıvan Bölməsinə “Gülüstan türbəsi” tədqiqat qrupunun yaradılması, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması uçün zəruri tədbirlər görülməsi tapşırılmışdır. Gülüstan türbəsinin bərpası və tədqiqi ilə əlaqədar xüsusi sərəncam imzalanması muxtar dövlətin başçısının bu abidəyə böyük əhəmiyyət verməsinin parlaq göstəricisidir. Sərəncamın kütləvi informasiya vasitələri ilə elan olunmasından dərhal sonra, 8 oktyabr 2015-ci ildə AMEA Naxçıvan Bölməsində aid tədqiqatçıları özündə birləşdirən “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılmışdır. Oktyabrın 12-də tədqiqat qrupunun ilk yığıncağı keçirilmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Ali Məclis Sədrinin imzaladığı bu sərəncam Gülüstan türbəsinin və onun ətrafındakı maddi-mədəniyyət abidələrinin tədqiqi üçün geniş imkanlar yaradır. Eyni zamanda bu sərəncam tədqiqatçıların qarşısında şərəfli və məsuliyyətli bir vəzifə qoyur. Biz tədqiqatçılar Ali Məclis Sədrinin sərəncamından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün səylə çalışacağıq. 

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü, “Gülüstan türbəsi” tədqiqat
qrupunun rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR