24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayında öz fəaliyyətini iş planına uyğun qurmuşdur. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası vaxtlı-vaxtında həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının yaşadılması, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərəncamın icrası daim nəzarətdə saxlanılır, muxtar respublikanın rayonlarında “Xalq yaradıcılığı günləri” keçirilir. Sentyabr ayında Kəngərli rayonunun Qarabağlar, Şərur rayonunun Axura, Babək rayonunun Aşağı Buzqov və Şahbuz rayonunun Aşağı Qışlaq kənd­lərində “Xalq yaradıcılığı günləri” keçirilmiş, hər bölgənin özünəməxsus xalq yaradıcılığı nümunələri, milli dəyərlər sistemi nümayiş olunmuşdur.
Yeni tədris ilinin başlanması mədəniyyət və turizm şöbələrinin, eləcə də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kollektivləri qarşısında mühüm vəzifələr qoyur. 2015-2016-cı tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə şagird qəbulu ilə bağlı sentyabrın 1-dən 10-dək müvafiq ixtisaslar üzrə imtahanlar keçirilmişdir. Bundan başqa, mədəniyyət və turizm şöbələrinin müdirlərinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə yeni tədris ilinə hazırlıqla bağlı tapşırıqlar verilmiş, musiqi məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi, müəllimlərin dərslərə məsuliyyətinin artırılması məqsədilə vahid tədris proqramları hazırlanmışdır.
Ötən ay əlamətdar günlərin qeyd olunması da diqqət mərkəzində saxlanılmışdır. Sentyabrın 18-də Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilmiş, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kənd mərkəzlərində və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsində, Mədəniyyət və Turizm şöbələrinin isə rayon mərkəzlərində konsertləri təşkil edilmişdir.
Muxtar respublikada mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin qeyd olunması ənənə halını almışdır. Milli musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərən bəstəkarların, musiqişünasların, ifaçıların xatirəsinə hər zaman yüksək qiymət verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2015-ci il 18 fevral tarixli Sərəncamına əsasən görkəmli bəstəkarın yubileyi muxtar respublikada geniş qeyd olunur. Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında muxtar respublikanın mədəniyyət müəssisələri kollektivlərinin, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmiş, bəstəkarın yaradıcılıq yoluna nəzər salınmış, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasında yubilyarın əsərlərindən ibarət nömrələr səsləndirilmişdir. Eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əziz Şərifin 120 illik yubileyi ilə bağlı Şərur və Culfa rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində və onların filiallarında oxucu konfransları təşkil edilmişdir.
Hər bir sahə üzrə işin səmərəli təşkili, ilk növbədə, ixtisaslı kadr hazırlığından asılıdır. Muxtar respublikanın mədəniyyət və turizm müəssisələrinin də peşəkar kadrlara olan tələbatının ödənilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malik olan dövlət sənədidir. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planı hazırlanmış, ali və orta ixtisas təhsili müəssisələrində keçiləcək açıq dərslərin, kitab müzakirələrinin, Azərbaycan mədəniyyətinin və turizminin təbliğinə dair oxunacaq mühazirələrin qrafikləri təsdiq edilmişdir. Nazirliyin Turizm şöbəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüşlər keçirmişlər. Həmçinin ötən ay muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ixtisaslı kadrlarla iş aparılması, onların təcrübələrinin artırılması, tədris prosesində yeni metod və üsullardan istifadənin və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müvafiq tədbirlər görülmüş, ustad dərslərin təşkilinə diqqət artırılmışdır. Ümumilikdə, ötən ay nazirlik tərəfindən 59 nəfər işə qəbul olunmuşdur ki, onlardan da 40-ı muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllim vəzifəsinə götürülmüşdür. Müəllimlərdən 25-i muxtar respublikanın rayon və kəndlərindəki musiqi məktəblərində dərs deyəcəklər.
Muzeylər tariximizin, maddi-mədəni irsimizin saxlanc yeridir. İnsanların muzeylərə cəlbi, onlara qədim tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz, ədəbiyyatımız, görkəmli şəxsiyyətlərimiz haqqında dolğun məlumat verilməsi qarşıda duran başlıca vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, sen­tyabr ayında muxtar respublikanın dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin edilmiş, ümumilikdə, 40-dan artıq kollektiv muzeylərdə olmuşdur. Bu dövrdə muzey əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Dövlət Tarix Muzeyində muzey bələdçilərinin seminar-ekskursiyası keçirilmiş, Naxçıvan Dövlət Xalça Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin, Şərur və Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərinin bələdçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkil etdiyi xarici dil kurslarına cəlb edilmişdir. Həmçinin Heydər Əliyev Muzeyində Naxçıvan Tibb Kollecinin tələbələri üçün “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” mövzusunda və Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələri üçün açıq dərslər keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi gənclərin vətənpərvərlik tərbiyəsinin təşkili istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Sen­tyabr ayında Naxçıvan Qarnizonunun Zabitlər Evində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün “Azərbaycan mədəniyyətinin inkişaf tarixi” mövzusunda seminar, o cümlədən kursantların iştirakı ilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan ordusu” və Ədəbiyyat Muzeyində “Bəxtiyar Vahabzadə yaradıcılığında vətənpərvərlik” mövzularında açıq dərslər keçilmişdir. Bu tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qədim Azərbaycan diyarı” və Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Vətən mənə oğul desə” başlıqlı sərgilər təşkil edilmiş, oxucu konfransları keçirilmişdir.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında, rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində sərgilər təşkil edilmiş, Naxçıvan şəhər, Culfa, Sədərək və Şərur Rayon Mədəniyyət və Turizm şöbələrinin təşkilatçılığı ilə dəyirmi masalar keçirilmişdir. Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabi-Dədə Qorqud – xalqın yaratdığı və yaşatdığı tarix” mövzusunda keçirilən konfrans maraqla qarşılanmışdır.
İstər qədim tarixi abidələri, zəngin mədəni irsi və təbiəti, istərsə də müasir sosial-iqtisadi inkişaf Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar açır. Muxtar respublikaya gələn turistlərin sayı ilbəil artır. Bütün bunlar da turizm sahəsində həyata keçirilən tədbirlərin davamlı olmasını zəruri edir. Sen­tyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu sahədə işlərin hərtərəfli təşkilinə diqqət yetirmiş, muxtar respublikada fəaliyyət göstərən turizm firmalarının, mehmanxana və mehmanxanatipli obyektlərin lisenziya şərtlərinə riayət edilməsinə nəzarət olunmuşdur. Turizm İnformasiya Mərkəzinin saytının yenidən işlənməsinə başlanılmış, Naxçıvanın turizm potensialının təbliği məqsədilə reklam informasiya materiallarının hazırlanması işi yekunlaşdırılmışdır. Naxçıvan Dövlət Televiziyası ilə birgə “Naxçıvan mətbəxi” verilişinin sentyabr ayı üçün növbəti sayı hazırlanaraq efirə verilmiş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin keçirdiyi iaşə obyektlərinin işçiləri üçün üçgünlük kursda “Azərbaycan kulinariyası” mövzusunda mühazirə oxunmuş və film nümayiş etdirilmişdir. Sentyabrın 23-də isə Ümumdünya Turizm Günü ilə bağlı tarix-diyarşünaslıq muzeylərində silsilə tədbirlər keçirilmiş, muzeylərə ekskursiyalar təşkil edilmiş, sərgilər açılmış, folklor qruplarının konserti təşkil olunmuşdur. Bu dövrdə payız-qış mövsümünə hazır­lıq da diqqət mərkəzində saxlanılmış, bununla bağlı nazirlikdə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR