Nadir geoloji quruluş, qədim dini memarlıq abidələri Naxçıvan Muxtar Respublikasında həyat və mədəniyyətin başlanğıcı haqqında məlumat verir. Azərbaycanın qərb regionu olan Naxçıvanda təbii gözəlliklər və dərin kökləri olan vətənpərvərlik mövcuddur.
Sədərək kəndinin şimalında qayalığın içərisində Əjdahan mağarası arxeoloji abidəsi aşkarlanmışdır. Mağaranın uzunluğu 12, eni 3-3,5, hündürlüyü isə 2-2,5 metrdir. Mağaranın üzərinə top mərmisi düşdüyündən onun tavanının bir qismi dağılaraq giriş hissəni tutmuşdur. Tavanı isə ocaq yanmasından qaralmışdır. Mağaranın ön tərəfi kiçik meydan şəklindədir.
Tədqiqatlar zamanı mağaranın girişindən erkən orta əsrlərə aid keramika məmulatları aşkar olunmuşdur. Araşdırmalar Əjdahan qalasından müəyyən müddət yaşayış məskəni kimi istifadə edildiyini və Naxçıvanın bu hissəsində qədim mədəniyyət izlərinin olduğunu təsdiq edir. Bu yaşayış yerini III-VI əsrlərə aid etmək olar.
Şahbuz rayonunun Qonaqgörməz yaylağının yaxınlığında təbiət abidəsi sayılan və təbii qaya parçalarından ibarət olan insan fiqurunu xatırladan Gəlin qayası abidəsi vardır. Xalq arasında olan rəvayətə görə, bu abidə özünü düşmənlərdən qorumağa çalışan namuslu bir qadının daşlaşmış heykəlidir. Abidə Azərbaycan xalqının daşa dönmə ilə bağlı inanclarını əks etdirir. Əfsanənin yaranma tarixini eramızdan əvvəl III-II minilliyə aid etmək olar.
Şərur rayonunun Havuş kəndində təbii abidə olan Tamaşalı yaşayış məskəni vardır. Bu gözoxşayan təbii abidə səmaya doğru istiqamətlənən sıldırımlı qayalardan ibarətdir. Yerli əhalinin fikrincə, bu abidə barədə müxtəlif rəvayətlər vardır. Lakin abidə Ermənistanla sərhəddə olduğu üçün alimlər tərəfindən bu ərazidə müvafiq tədqiqatlar aparılmayıb. VII-VIII əsrlərə aid olan abidənin yaxınlığında qədim və orta əsrlərə aid yaşayış yerləri və qəbiristanlıq vardır.
Ordubad rayonunun Unus və Pəzməri kəndlərinin arasında da təbiət abidəsi olan Gəlin qayası vardır. Dağın ən yüksək zirvəsində yerləşən abidə insan fiquruna oxşayır. Tarixən dağları, qayaları əfsanələşdirən Azərbaycan xalqı bu abidəni də müqəddəsləşdirmişdir.
Bu gün Naxçıvanda formalaşan bəşəriyyət tarixi beynəlxalq ekspertlərin diqqətinə layiqdir və onlar öz tədqiqatları ilə Naxçıvan, eləcə də Xəzər regionunun qədim və orta əsr tarixinə işıq salmağa davam edə bilərlər.
Peter Tase
07.10.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” və
“Eurasia Review” qəzetləri