24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisası tələbələrinin “Əlincəqala” tarixi abidəsinə gəzintisi təşkil olunub.
Əvvəlcə tələbələr “Əlincəqala” tarixi abidəsində görülən bərpa işləri ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Hicran Rüstəmov bildirib ki, 2014-cü il fevralın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar olaraq hazırda “Əlincəqala” tarixi abidəsində bərpa işləri davam etdirilir. Gəzintinin təşkil olunmasında məqsəd tələbələrin Əlincəqalada aparılan bərpa işləri ilə əyani şəkildə yaxından tanış olmalarına şərait yaratmaqdır.

Hicran Rüstəmov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Memarlıq ixtisası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hamiliyinə verilib. Bununla əlaqədar olaraq komitədə tədbirlər planı hazır­lanıb və Memarlıq ixtisası tələbələrinin bugünkü gəzintisi həmin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Əlincəqalanın tarixi barədə tələbələrə ətraflı məlumat verən Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev qeyd edib ki, bu tarixi abidənin adı qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və sair kimi qeyd olunur. Tədqiqatçılar Əlincəqalanın adını qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə əlaqələndirirlər. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır. Qədim tarixi mənbələrə görə, qala 2 min il əvvəl tikilib. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülüb. Şimal yamacında yarımdairəvi bürcləri olan üç divarın, qərb yamacında isə səkkiz divarın xarabalıqları qalıb. Xanəgah kəndindən qalaya gələn yolun üzərində gözətçi evi, xəndəklər və müdafiə məqsədi üçün qüllələr inşa edilib.
Vurğulanıb ki, Əlincəqala, əsasən, üç geniş sahədən – şimal, şimal-qərb və cənub-qərb sahələrindən ibarətdir. Şimal sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə qalxmaq üçün daş pillələr qoyulub. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış, ictimai binaların qalıqları və bünövrə daşları nəzərə çarpır. Qala rəislərinin və iri feodalların yaşamış olduğu bu sahə “şahtaxtı” adlanır. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Qalanın üzərində müxtəlif yerlərdə 13-dən artıq hovuz qazılmış və daşların üzərində müxtəlif rəsmlər həkk olunmuşdu.
Bildirilib ki, Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artıb, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR