24 Dekabr 2024, Çərşənbə axşamı

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə milli mədəniyyətin, ədəbiyyatın, xalq yaradıcı­lığının, milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunmasına daim diqqət və qayğı ilə yanaşmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra böyüməkdə olan gənc nəslin milli-mənəvi tərbiyəsində “Kitabi-Dədə Qorqud” dastanlarının rolunu və əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında” 20 aprel 1997-ci il tarixli Fərman imzalamışdır. “Kitabi-Dədə Qorqud”un dünya qorqudşünaslarının iştirakı ilə Bakıda 1300 illik yubileyi keçirilmiş, bu abidənin ölkədə və ölkə hüdudlarından kənarda tanıdılması, adının əbədiləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
“Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əsası ulu öndər tərəfindən qoyulmuş ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqındakı 20 fevral 2015-ci il tarixli Sərəncamı və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

“Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli-mənəvi dəyərlərlə zəngin olan və gənc nəslin tərbiyəsində mühüm rol oynayan böyük tarixi abidədir. Milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. Dastanda oğuz-türk anaları vətəni müdafiə edən oğullarına tərbiyə verərək deyirlər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə əsir düşməsin”.
Oğuzlarda geri dönmək, yoldaşı müdafiə etməyib qaçmaq çox ağır cəzalandırılmışdır. Qazan xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük edib, altı yolun ayırıcına tullayacam ki, kimsə döyüşdə yoldaşını qoyub qaçmasın”. Dastanda böyüməkdə olan nəslə Vətənə məhəbbət hissini aşılamaq, onlara vətəni tanıtmaq və sevdirmək üçün ardıcıl bilik və məlumatlar verilir. Bu məqsədlə dastanda vətənin dağları, çölləri, bulaqları, al-əlvan çəmənləri, əzəmətli qalaları, abidələri haqqında söhbətlər gedir. Məsələn, dastanda su haqqında deyilir: “Şırıl-şırıl qayalardan axan su, böyük-böyük ağacları yerindən oynadan su, bağ və bostanın zinəti su”. “Ağaclı dağlar, gözəl dağlar, gündoğan dağlar, qara dağlar, otlu-yaylaqlı uca dağlar”, – deyə onu vəsf edərkən mərd, qoçaq, qəhrəman, namus, qeyrət sahibi olan oğullar bu təmiz su və dağlarla müqayisə edilərək deyilir: “Dağın yüksəyi oğul”, “Suyun daşqını oğul”. Dastanın boylarında Azərbaycanın qədim yaşayış yerləri olan Dərbənd, Gəncə, Bərdə, Şərur, Dərələyəz, Göyçə mahalı, Borçalı, Əlincə qalası, Qaraçuq və sair yerlərin adı çəkilir ki, bu da Azərbaycanın hələ VII əsrdə nə qədər geniş ərazilərə malik olduğundan xəbər verir.
“Kitabi-Dədə Qorqud”da advermə mərasimi də qəhrəmanlıq, igidliklə bağlı olub böyük tərbiyəvi əhəmiyyət daşıyır. Oğuz adətinə görə, oğlan uşaqlarına doğularkən deyil, qəhrə­manlıq göstərdikdən sonra ad verilmişdir. Bu cəhətdən oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazım idi. Dastanda Buğac, Basat, Bamsı Beyrək, Qazan belə adlar sırasındadır.
“Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsinin aliliyi, ailədə ər-arvad münasibətlərində sədaqət, anaya məhəbbət tərbiyəsi qanun səviyyəsindədir. Dastanda Salur Qazanın düşməninə söylədiyi sözlər anaya, qadına olan münasibət baxımından çox ibrətamiz və tərbiyəvidir: “Ay Şöklü Məlik! Evimi soyub, xəzinəmi gətirmisən, sənin olsun. Şahbaz atları gətirmisən, sənin olsun. Nə qədər var-dövlətimi gətirmisən, sənin olsun. Amma dünyada anadan əziz nə var? Anamı qaytar, arvadımı, oğlumu və bütün əsirləri ver, davasız-qırğınsız geri dönək”. Bir tərbiyəçi kimi Dədə Qorqud ağıllı və müdrikdir. O, adamlara düzgün yol göstərir, müdrik məsləhətlər verir. Onun söylədiyi aşağıdakı müdrik kəlamlar dərin əxlaqi-ibrətamiz mənaya malikdir: “Təkəbbürlülük eləyəni Tanrı sevməz. Özünü uca tutan lovğa adamda ağıl olmaz. Ata qıymayınca, yol gedilməz. İti qılıncı çapmayınca, düşmən basılmaz. Qız anadan görməyincə, öyüd almaz, oğul atadan görməyincə, süfrə açmaz. Bu dünyada vətəndən əziz, doğma eldən qiymətli nə var? Ata qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır. Qarı düşmən dost olmaz. Yalan söz dünyada olunca, olmasa yaxşıdır. Kişi malına qıymayınca, adı çıxmaz. Qonağı gəlməyən evlər yıxılsa yaxşıdır”.
Dədə Qorqudun təbliğ etdiyi müsbət mənəvi- əxlaqi keyfiyyətlər bu gün üçün də aktualdır: “Şəxsi mənafeyin güdülməməsi, hər şeyin xalq üçün edilməsi”, “Aca çörək, yalına ayaqqabı, pulsuza pul vermək”, “Qan tökməmək, qonşularla dinc yaşamaq”, “Mənəviyyatca təmiz, pak ürəkli olmaq”, “Qadına hörmət və ehtiram bəsləmək, anaya, ataya sonsuz hörmət və ehtiram göstərmək”, “Qadının ailə, ər namusunu ölümdən üstün tutması”, “Cəsarətli, çevik, qorxmaz, güclü olmaq”, “Gözəllikdən zövq almağı bacarmaq”, “Dosta rəğbət, düşmənə nifrət bəsləmək”, “Mərd olmaq, dosta sədaqət göstərmək, şərtə əməl etmək”, “Ağıllı, tədbirli olmaq, düşmənin hiyləsinə uymamaq”.
“Kitabi-Dədə Qorqud” dastanının həyatiliyi burasındadır ki, o, şəxsiyyət tərbiyəsində qaranlıq və işıqlı tərəfləri açıq-aydın göstərir: humanizmi və qəddarlığı, xeyirxahlığı və bədxahlığı, sadəliyi və lovğalığı, doğrunu və yalanı, əmin-amanlığı və savaşı, dostluğu və düşmənçiliyi qabarıq şəkildə əks etdirir və insanları ən yüksək mənəvi, əxlaqi keyfiyyətlərə səsləyir.
Dastanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən bəhs edən ulu öndərimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir”.

Nizami RƏHİMOV
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR