Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Çalxanqala kəndində xalq yaradıcılığı günü keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında və təşəkkül tapmasında müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin böyük xidmətlər göstərdiyini, xalqımızın malik olduğu milli-mənəvi dəyərlərə daim həssaslıqla yanaşdığını bildirdi.
Qeyd edildi ki, ulu öndərin bu istiqamətdə həyata keçirdiyi siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət və turizm sahələrinə dair 250-dən çox fərman və sərəncamların imzalanması bunun bariz göstəricisidir.
Həsən Kərimov bu gün Kəngərli rayonunda da mədəniyyətin və incəsənətin inkişafına diqqət və qayğı göstərildiyini bildirdi.
Qeyd edildi ki, son illər rayonda mədəniyyət müəssisələri, uşaq musiqi məktəbləri, kitabxanalar üçün yeni binalar tikilib istifadəyə verilib, tarix və mədəniyyət abidələri təmir və bərpa olunub. Bu gün Kəngərli rayonu mədəniyyətimizin inkişafına öz töhfəsini verir. Rayonda fəaliyyət göstərən folklor kollektivləri öz repertuarlarını ayrı-ayrı folklor nümunələri ilə zənginləşdirirlər. Keçirilən tədbirlərdə rayon Mədəniyyət Evinin uşaqlardan ibarət yallı qrupu, Çalxanqala Kənd Uşaq musiqi məktəbinin “Sazçalan qızlar” ansamblı və qızlardan ibarət “Gülümhey” folklor qrupu fəal iştirak edir.
Vurğulandı ki, bu gün keçirilən xalq yaradıcılığı günü mədəniyyətimizin təbliği baxımından əhəmiyyət kəsb etməklə yanaşı, həm də Kəngərli rayonunun bu sahədə imkanlarının nümayiş etdirilməsinə şərait yaradır.
Sonra konsert proqramı oldu.
Kəngərli Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivləri üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, Naxçıvan Dövlət Filarmoniyasının rəqqaslarının ifasında milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
* * *
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda da xalq yaradıcılığı günü keçirilib.
Heydərabad qəsəbəsində keçirilən tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad İsmayılov açaraq bir neçə ildir, muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikamızda xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin ediliblər.
Tədbirdə Sədərək rayon, Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kənd mədəniyyət evlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Folklor ansambllarının ifasında qədim xalq rəqsləri ifa edilib, xalq oyun və tamaşaları göstərilib, qədim milli musiqi alətlərimiz olan balabanda, zurnada, tütəkdə, sazda musiqi nömrələri səsləndirilib. Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan ənənəvi el sənəti nümunələri nümayiş etdirilib.
Xəbərlər şöbəsi