Dünən Babək Rayon Şıxmahmud Kənd Uşaq musiqi məktəbinin kollektivi rayonun Didivar Kənd Mərkəzində konsert proqramı ilə sakinlər qarşısında çıxış edib.
Konsertdə adıçəkilən musiqi məktəbinin şagirdləri tərəfindən muğamlarımız, xalq mahnıları, milli rəqs musiqiləri səsləndirilib. Bundan başqa, şagirdlər tərəfindən dünya və Azərbaycan klassiklərinin bəstələdiyi musiqilərin ustalıqla ifası da konsert proqramına xüsusi ab-hava qatıb. Məktəbin şagirdlərindən Ələsgər Məmmədovun, Fuad Rəhimovun, Firuzə və Səma Şahverdiyevaların, Amil Məmmədovun ifaları xüsusilə yaddaqalan olub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Məlumat üçün bildirək ki, həmin gün Naxçıvan Şəhər Qaraçuq Kənd Uşaq musiqi məktəbinin şagirdləri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində, Ordubad Rayon Vənənd Kənd Uşaq musiqi məktəbinin şagirdləri Gənzə kəndində, Kəngərli Rayon Çalxanqala Kənd Uşaq musiqi məktəbinin kollektivi isə həmin kənddə konsert proqramı ilə çıxış ediblər. Hər üç kollektivin repertuarının zənginliyi konsert proqramlarına tamaşaçı marağını artırıb.
Ceyhun Məmmədov