Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin Bəstəkarlıq kafedrasının müəllimi Rüxsarə Hüseynovanın müəllifi olduğu “Musiqinin elementar nəzəriyyəsi” adlı dərslik çapdan çıxmışdır.
Təqdim olunan dərslik musiqi təhsili sahəsində təməl dərsliklərdən biridir. On dörd fəsildən ibarət olan dərslik tələb olunan bütün mövzuları əhatə edir. Hər mövzunun sonunda həmin mövzu ilə bağlı müvafiq suallar, şifahi və yazılı tapşırıqlar, fortepianoda ifa üçün not nümunələri təqdim olunur ki, bu da nəzəri biliklərin praktik şəkildə mənimsənilməsi vasitəsilə daha da möhkəmlənməsinə, daha yaxşı qavranılmasına kömək edir.
Müəllif bu dərslikdə bundan öncə yazılmış xarici və yerli musiqişünasların nəzəri fikirlərinə əsaslansa da, o, burada öz bilik və təcrübələrini ortaya qoyaraq əvvəlki dərsliklərdə olmayan bir sıra əlavələr də etmişdir. Bu, xüsusilə interval və akkordlara aid fəsillərdə, tərtib olunan cədvəllərdə, musiqi terminlərinin müfəssəl şərhində özünü göstərir. Ladlar bölməsində Azərbaycan ladlarının ayrıca paraqrafda verilməsi xüsusi olaraq müsbət cəhət kimi qiymətləndirilməlidir. Şagird və tələbələrə milli ladların öyrədilməsi onlarda milli musiqi ilə bağlı biliklərin yaranmasına təkan verir və gələcəkdə onların Azərbaycan xalq musiqi nümunələrini daha da yaxşı mənimsəmələrinə imkan yaradır.
Dərslik səlis, aydın dili ilə seçilir. Müəllifin uzun illər ərzində bu sahədə uğurla çalışması, zəngin iş təcrübəsi mətnlərin ifadə dilində, tapşırıq və sualların sanballı, əhatəli tərtib olunmasında özünü büruzə verir.
Azərbaycanın bütün musiqi məktəblərində istifadə olunacaq bu dərsliyin həmyerlimiz tərəfindən yazılması Naxçıvanda musiqi təhsilinə göstərilən qayğının daha bir bariz nümunəsidir.
Günay MƏMMƏDOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru