Dünən Şahbuz rayonundakı Kolanı Kənd Uşaq musiqi məktəbinin kollektivi rayonun Gömür kəndində konsert proqramı ilə çıxış edib.
Konsert proqramında musiqi məktəbinin solo ifaçıları tərəfindən müxtəlif əsərlər, Azərbaycan xalq mahnı və musiqiləri, muğam və təsnifləri, bəstəkar mahnıları səsləndirilib. Sazçalanlar bir neçə aşıq havası ifa etməklə xalqımıza məxsus bu milli musiqinin ecazkarlığını bir daha izhar ediblər. Gömür kənd ziyalılarının, ictimaiyyət nümayəndələrinin qarşısında çıxış edən musiqi məktəbi kollektivinin üzvləri tədbir boyu tamaşaçıları heyrətləndiriblər. Çünki səlis, məharətlə və ürəkdən ifa olunan hər bir mahnı, musiqi sanki ilk dəfə ifa olunurmuş kimi dinləyicilərdə xoş ovqat yaradıb.
Məlumat üçün bildirək ki, həmin gün Ordubad Şəhər Uşaq musiqi məktəbinin kollektivi rayonun Aşağı Əylis kəndində, Şərur rayonundakı Ələkli Kənd Uşaq musiqi məktəbinin şagirdləri Tumaslı kəndində, Babək rayonunun Zeynəddin Kənd Uşaq musiqi məktəbinin kollektivi Naxışnərgiz kəndində konsert proqramları ilə çıxışlar ediblər.
Qeyd edək ki, konsertlər kənd mərkəzlərində keçirilib. Müasir üslubda tikilmiş bu sosial obyektlərdə belə tədbirlərin təşkili ənənə halını alıb. Əvvəllər hər hansı bir tədbirin keçirilməsi üçün nümunəvi məkanın olmaması kənd sakinlərini də narazı salırdı. Lakin bu gün tez-tez eşitdiyimiz kəndlə şəhər arasındakı fərq aradan qaldırılıb ifadəsi belə tədbirlər zamanı bir daha öz təsdiqini tapır.
Xəbərlər şöbəsi