24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan toponimiyasında Dədə Qorqud yadigarı kimi tanınan Qaraçuq kəndi Araz çayı boyunca uzanan qədim karvan yolunun kənarında yerləşib və əsrlərboyu öz adını qoruyub saxlayıb. Ancaq 1963-cü ildə Araz su qovşağının tikintisi ilə əlaqədar keçmiş SSRİ ilə İran arasında bağlanan müqaviləyə əsasən, kənd indiki əraziyə köçürülmüş, 1970-ci ildə kəndin adı dəyişdirilərək böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə Cavidabad adlandırılmış, 1999-cu ildə isə kəndin Qaraçuq adı yenidən bərpa olunmuşdur.

2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş Qaraçuq kəndi həmin il “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.
Tarixi bir kənd olan Qaraçuğun bina olunması və adının mənşəyi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Bu ada ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanlarında rast gəlirik. Dastandan üzü bəri 1590-cı ildən sonrakı sənədlərdə kəndin adı Qaraçuq şəklində qeyd olunmuşdur. Mənbələrdə yazılır ki, “Qaraçuğ Naxçıvanda kənddir. 1755-ci ildə bütün əmlakı ilə bir şəxsdən başqa şəxsə satılması barəsində olan qəbalədə bu kəndin adı eynən “Qaraçuğ” şəklində qeydə alınmışdır”.

Qaraçuq adının mənşəyi dilimizdə mübahisə yaradan onomastik vahidlərdəndir. İnandırıcı olmayan söyləmələrə görə, kəndin əhalisinin əksəriyyəti daha çox qara çuxa geydikləri üçün buraya Qaraçuxalılar-Qaraçux-Qaraçuq adı verilmişdir. Digər bir söyləməyə görə isə kəndin adı yerləşdiyi Qara zığ sahəsinin adından götürülmüşdür. Sözsüz ki, bu fikir də ağlabatan deyil. Çünki Qaraçuq adlı toponimlərin yayılma arealı geniş olduğundan bu sözün mənşəyini Qara zığla bağlamaq əsassızdır. Digər mənbədə isə bura türk dillərində qara “torpaq” və “çox” sözlərinin birləşməsindən əmələ gəlib “çox münbitli torpaq” mənasında açıqlanır və kənddə kəngərlilərə məxsus qaraxanbəyli, yurtçu, billici, hacıvar, cığatay, qoman kimi tayfalara məxsus ailələrin yaşadığı qeyd olunur.
Qaraçuq sözü “Kitabi-Dədə Qorqud” dastanlarında bir neçə yerdə və dastanın ayrı-ayrı nəşrlərində müxtəlif fonetik variantlarda işlədilir və oğuzların Salur boyundan olan Qazan xan “Qaraçuğun qaplanı”, onun çobanı isə “Qaracıq çoban” epitetləri ilə təqdim olunur. Dastanın 1939-cu il nəşrində bu söz Qaraçıq, 1962 və 1988-ci il nəşrlərində isə Qaraçuq şəkillərində işlənir.
Qaraçuq adının məna açımı haqqında danışan S.Əlizadə toponimin “Kitabi-Dədə Qorqud”un mətnində üç mənada: “at adı” (xüsusi isim), “qara camaatın, hamının mindiyi və minə biləcəyi at”, “yer adı” (toponim) mənalarında işləndiyini bildirir və Qarağuc sözünün Qaracığın metateza nəticəsində dəyişmiş variantı kimi təqdim edir. Ş.Cəmşidov Qaraçuq adının Bərdə şəhərindən cəmi 40-50 kilometr məsafədə yerləşən eyniadlı dağın adı ilə bağlı olduğunu, bu sözün Qaradağ-Qaraduğ-Qaraçuq şəklində Qaradağ sözündən törədiyini yazır və ifadənin etimologiyasını dilimizdəki dağ sözünün dəyişilmiş forması hesab edir. Ş.Cəmşidovdan fərqli olaraq, S.Babayev Qaraçuq toponimini Naxçıvan şəhərindəki eyniadlı kəndin adı ilə bağlı yarandığını, iki hissədən ibarət (Qara-çuq) olan bu sözün birinci tərəfinin “geniş, böyük”, çıq şəkilçisinin isə kiçiltmə mənalarında işləndiyini yazır. A.Bayramov da bu adı Naxçıvan ərazisi ilə bağlı açıqlayaraq Qaraçuq variantına üstünlük verir və sözü etnotoponim kimi təqdim edərək yazır ki, Qaraçuq leksik vahidi salar tayfasından olan bir eli, tirəni və ya Qazan xanın yurdunu bildirməkdədir. Bu söz əvvəlcə köməkçi ad kimi işlənmiş, sonra şəxs və tayfa adına, daha sonra isə toponimə çevrilmişdir. F.Sümər isə Sır Dərya (Ceyhun, İnci) çayının orta yatağındakı Fəraq şəhərini və həmin ərazidəki Karaçuk dağlarını oğuzların vətəni hesab edir. O, M.Kaşğarinin Karaçukun oğuz ölkəsinin adı olduğunu və öz xəritəsində də Karaçuk dağını oğuz yurdu kimi göstərdiyini yazır, ancaq sözün leksik-semantik mənasına toxunmur. F.Kırzıoğlu mənbələrə istinad edərək Karacuk-Karacıkın Diyarbəkirdəki Karaca dağ olduğunu yazır və qeyd edir ki, E.Rossi də Kara çukun Diyarbəkirdə olduğunu təsdiqləyir. Müəllif belə nəticəyə gəlir ki, dastanda həm Bayandur xan, həm də Salur Qazanın sülalələrinə mənsub olan Karaçuk ilk oğuz yurdu olan Xorasandakı Karaçuk dağının adı ilə bağlıdır.
İ.Cəfərov qəzet məqaləsində adın mənşəyinə toxunaraq Qaraçuq sözünün işıq ucunu oğuzlar haqqında söylənilən məlum əfsanə ilə əlaqələndirir: “Qaraçuqun uq sonluğu ox sözünü əks etdirir. Əgər ç hərfini də nəzərə alsaq, aydın olar ki, üçox dil vahidinin üç forma daşıyıcısı “çox-çux” Qaraçuq sözündə qorunub saxlanılmışdır. Biz ü saitini asanlıqla bərpa edə bilərik. Bu halda Qara-üç-ox sözlərinin qovuşma prosesi diqqəti cəlb edir. Yəni Qaraüçox ifadəsi öncə Qaraüçox təkamül mərhələsini yaşamış, sonradan dilimizdə iki saitin yanaşı işlənməsi çətinlik törətdiyindən uçuq sözünün ilk saiti eliziya hadisəsinə məruz qalmışdır.
Göründüyü kimi, Qaraçuq adının mənşəyinə müxtəlif istiqamətlərdən yanaşılır və toponimin coğrafi məkanı da dəqiq müəyyənləşdirilmir. Bizə belə gəlir ki, bu adı konkret ərazi ilə bağlamaq və ya onun sərhədini hər hansı bir kənd və dağ çərçivəsində məhdudlaşdırmaq düzgün deyil. Çünki oğuzların Volqaboyu, Bolqarıstan, Azərbaycan, Qafqaz, Krım, Orta Asiya, İran və Türkiyədə məskunlaşmaları həmin ərazilərdə Qaraçuq adının yaranmasına səbəb olmuşdur. Odur ki, Qaraçuq sözünü oğuzların yurd yeri, məskəni mənasında açıqlamaq daha inandırıcıdır. Bu fikri sözün leksik-semantik mənası və Qaracuq-Qaracıq dağının o vaxt oğuzların məskəni adlandırmaları da təsdiqləyir.
Qaraçuq adı qara və çuq tərkib hissələrindən ibarətdir. Burada qara sözü “böyük”, “iri”, “geniş”, “ərazi” mənalarında, çuq sözü isə qədim türk dillərində çaq sözünün fonetik variantı olub “yer”, “məkan”, “yurd” anlamlarında işlənir. Qaraçuq sözü birlikdə “böyük yer”, “iri məkan”, “geniş yer”, “məkan”, “böyük yurd” anlayışları yaradır və “oğuzların yaşadığı yurd, məkan” mənalarında işlənir. Demək, oğuzlar harada yaşayıblarsa, oraya Karaçuk-Qarağuc-Qaracıq-Qaraçoq-Qaraçaq-Qaraçıq-Qaraçuq adlarını veriblər.
Bu fikri Qaraçuq variantlı onomastik vahidlərin coğrafiyasının genişliyi də təsdiqləyir. Şübhəsiz ki, Naxçıvan şəhərindəki Qaraçuq oykonimi də vaxtilə oğuzların yaşadığı yurd yerlərindən biridir. Yeri gəlmişkən onu da qeyd edək ki, “Dədə Qorqud kitabı”nda işlədilən “Qaraçuğun qaplanı” epitetini heç də bir kəndlə, kiçik bir ərazi ilə məhdudlaşdırmaq düzgün deyil. Çünki “Qaraçuğun qaplanı” birləşməsində Qaraçuq sözü “böyük bir elin”, “böyük bir yurdun”, “Oğuz elinin igidi, aslanı” mənalarında dərk olunur. Unutmaq olmaz ki, Bayandır xan böyük bir ərazini əhatə edən oğuz elinin xanlar xanıdır. Bayandır xandan sonra hakimiyyətin idarə olunmasında ikinci şəxs Salur Qazandır. Demək, Bayandır xan hansı ərazinin xanlar xanıdırsa, Qazan xan da həmin elin igidi, cəsur ərəni, qaplanıdır.

Adil BAĞIROV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR