24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün arxivlərdə qorunan sənədlər bir zamanlar qələmə alınaraq bu günümüzə ötürülüb. Vaxtilə yazılan memuarlar, xatirələr, gündəliklər, tarixi romanlar, siyasətnamələr, təzkirələr və sair bu kimi bir çox mənbə bizə kömək edir ki, keçmişimizi, kimliyimizi öyrənək, araşdıraq. Bu baxımdan muzeylər, kitabxanalar və arxivlər xüsusi əhəmiyyət kəsb edir. Arxivlərin insanların həyatında rolu danılmazdır. Onlar bizə kömək edir ki, özümüzü öyrənək. Arxivlərdə işləyərkən insan özünü sirli dünyada sanır. Buranın aurası insanda bağlılıq yaradır. Daha çox öyrənməyə meyillilik yaranır.

Ümummilli liderimiz Heydər Əliyev arxivlərin əhəmiyyətini nəzərə alaraq ölkəmizdə arxiv işinin inkişafına xüsusi qayğı göstərmiş və bu barədə demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Respublikamızda arxiv quruculuğu çox çətin bir yol keçmişdir. Bu istiqamətdə çox işlər görülmüş, böyük əmək sərf edilmişdir. Ölkəmiz qədim dövlətçilik tarixinə və mədəniyyətə malik strateji bir region kimi daim yadelli işğalçıların diqqətini cəlb etmişdir. Başqa sözlə desək, uzun illər Azərbaycan əraziləri müxtəlif işğalçı dövlətlərin mübarizə meydanına çevrilmiş, nəticədə, bu ərazidə yaranan qiymətli arxiv sənədləri ya məhv edilmiş, yaxud da xarici işğalçılar tərəfindən talanıb aparılmışdır. Bu gün Avropanın, Asiyanın, Amerikanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə aid saxlanılan çoxlu qiymətli sənədlər və nadir əlyazmalar dediklərimizə əyani sübutdur.
Azərbaycan tarixinin yazılı irsini mühafizə edən dövlət arxivinin yaranması ölkədə sovet hakimiyyəti qurulmasının ilk illərinə təsadüf edir. Muxtar respublikamızda arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulmuş, 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilmişdir. Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi 1960-cı ilə qədər Naxçıvan Daxili İşlər Komissarlığının tabeliyində fəaliyyət göstərmiş, 1960-cı ildən sonra hər iki qurum Daxili İşlər Komissarlığının tabeliyindən çıxarılmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin tabeliyinə verilmişdir. Muxtar respublikada arxiv işinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər müstəqillik illərində də davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 6 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin binası əsaslı təmir və yenidənqurmadan sonra 2012-ci ildə istifadəyə verilmişdir.
Qeyd edək ki, arxivdə elmin, mədəniyyətin və ictimai həyatın bir çox sahələrini əhatə edən 1023 fondda 80 mindən çox kağız əsaslı idarəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və incəsənət, dövlət xadimlərinin 2 minə yaxın işdən ibarət elmi və texniki sənədləri, 84 minə yaxın foto və 4 mindən çox kino sənədi mühafizə olunur.
Arxivdə XIX əsrin əvvəllərindən, yəni 1831-ci ildən günümüzədək bir çox qiymətli sənədlər qorunur. Bu sənədlər içərisində Naxçıvan qəza polis idarəsinə, xalq məktəbləri müdiriyyətinə, hərbi komissarlığa, torpaq şöbəsinə, Culfa, Şahtaxtı, Baş Noraşen gömrük məntəqələrinə, Culfa poçt-teleqraf kontoru və digər təşkilatlara aid materiallar vardır.
Burada XX əsrin əvvəllərində ermənilərin Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzalarında törətdikləri soyqırımına dair bir çox məlumat saxlanılır.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi inzibati və sənədlərin saxlanma fondları olmaqla, iki hissədən ibarətdir. İnzibati hissə zirzəmi ilə birlikdə 5, fondlar olan hissə isə 6 mərtəbəlidir. Binanın inzibati hissəsində kitabxana və iş otaqları, kino-foto sənədləri və kompüter otaqları, 64 yerlik iclas zalı vardır. Fondlarda dünyanın aparıcı ölkələrində istifadə olunan arxiv avadanlıqları, eləcə də yanğını xüsusi qazla söndürməyə imkan verən müasir yanğın­əleyhinə sistem quraşdırılmışdır.
Biz müasir texnologiyanın yeniliklərindən istifadə olunaraq qurulmuş fondları gəzdik. Burada sənədləri qorumaq üçün havatənzimləyicilər quraşdırılmışdır. Bu da sənədlərin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan əhəmiyyətli amillərdən biri kimi son dərəcə qiymətlidir.
Arxivdə çalışan hər bir əməkdaş öz işinə diqqətlə yanaşırdı. Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov bildirdi ki, əsrlərdən-əsrlərə qiymətli yadigar kimi saxlanılan bu arxiv sənədləri həyatımızın arxada qalmış günləri, tarixi səhifələridir. Məhz buna görə də bu sənədlər qoruna-qoruna arxiv rəflərinə toplanır. Ona görə də arxivlərə sənədlər xəzinəsi deyirlər. Biz bu xəzinəni qorumaq və mühafizə etmək üçün səylə çalışırıq.
Arxivə olan maraq barədə xəbər aldıqda isə Fəxrəddin Cəfərov dedi ki, arxiv ziyalılarımızın, tədqiqatçılarımızın maraq dairəsindədir. Buraya bir çox yerlərdən gələn tədqiqatçılar da olmuşdur.
Elmi-tədqiqat işimlə bağlı olaraq bir çox arxivdə çalışan biri kimi qeyd etməliyəm ki, həqiqətən də, muxtar respublikamızda arxiv işinə ciddi yanaşılır. Buradakı hər bir sənəd xüsusi həssaslıqla mühafizə olunur. Texnologiyanın nailiyyətlərindən istifadə edilərək qurulan mühafizə sistemləri ilə bir çox ölkədə yerləşən arxivlərdə belə qarşılaşmamışam. Bu isə keçmişimizə olan qayğının və hörmətin nümunəsi kimi son dərəcə qiymətlidir.
Arxivlər muxtar respublikanın tarixini, mədəniyyətini və inkişaf yollarını öyrənmək baxımından əhəmiyyətli rola malikdir. Hər bir xalqın tarixi, ulu keçmişi, görkəmli şəxsiyyətləri haqqında dəyərli materialların nəsildən-nəslə ötürülməsində arxivlərin rolu danılmazdır. Gəlin birlikdə tariximizi qoruyaq...

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR