24 Dekabr 2024, Çərşənbə axşamı

Bir çox Avropa Birliyi təsisatları və digər beynəlxalq mədəniyyət təşkilatları Avropanın kənarında yerləşən, bəşəriyyətin beşiyi hesab olunan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının arxeoloji, tarixi və mədəni irsi barədə məlumatlar yaymasalar da, Naxçıvan memarlıq məktəbi, qalalarının tarixi, təbii abidələri və qanunun aliliyinin təmin olunduğu stabil demokratik dövlətçiliyi ilə alimləri və arxeoloqları valeh etməyə davam edir.

Naxçıvan 1700-cü ildə yaşamış Hacı Məhəmməd Nəqinin doğulduğu torpaqdır. O, Ordubad rayonunun Dəstə kəndinin şərq tərəfində Tub Basar kövşənindən axan Vənəndçay üzərində hazırda qalıqları qalan Hacı Nəqi körpüsünü inşa etmişdir. Naxçıvan XII əsrdə Eldənizlərin sarayında yaşamış və Əcəmi memarlıq məktəbinin tələbəsi olmuş memar Əmirəddin Məsud Naxçıvaninin vətənidir. Əmirəddin Məsud Azərbaycanın dini memarlığının inkişafında mühüm rol oynamışdır.
Naxçıvanda, Araz çayından 200 metr məsafədə 0,8 hektarlıq ərazini əhatə edən qədim yaşayış məskənlərindən olan Ərəbyengicə kəndi yerləşir. Yerli arxeoloqlar tərəfindən toplanmış materiallar burada Eneolit və Kür-Araz mədəni təbəqələrinin mövcudluğunu təsdiq edir. Gildən hazırlanmış Eneolit keramika nümunələrindən gündəlik həyatda istifadə edilmişdir. Bu keramika nümunələri I Kültəpə nümunələrinə oxşayır. Naxçıvanın görkəmli tarixçisi N.H.Əliyevə görə, kənddə tapılmış digər arxeoloji nümunələr bu kəndin tarixinin bizim eradan əvvəl IV-III minilliyə aid olmasını təsdiq edir.

Bundan başqa, Culfa rayonunun Ərəfsə kəndində 5 hektarlıq ərazidə heyranedici arxeoloji əsərlər, qab nümunələri, monoxrom boyalı gil qablar aşkar edilmişdir. V.Əliyevin və A.Ələkbərovun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidən tapılmış gil qablar, əmək alətləri, dən daşları, həvəngdəstələr sübut edir ki, bu kənd bizim eradan əvvəl II minilliyə aiddir. 1590-cı ildə aşkar olunmuş tarixi sənədlərə əsasən, qədim zamanlarda Ərəfsə kəndi Ərəfsaq adlandırılmışdır. L.N.Gumiliyev, İ.M.Dyakanov və E.E.Kuzminanın apardıqları elmi tədqiqatlar təsdiq edir ki, Skif türkləri Naxçıvandan Orta və Mərkəzi Asiya, eləcə də Sibirə köçmüşlər. Skif türklərinin Türk-Azərbaycan tayfalarından olduqları tarixçilər tərəfindən təsdiq edilir. Ərəfsə sözü də “skiflərin və cəsarətli insanların vətəni” deməkdir.
Culfa rayonundakı Əlincəçayın sol sahilində, təpənin üzərində orta əsrlərə aid ziyarətgah yerləşir. İki böyük otaqdan ibarət həmin pirin cənub və şərq tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Pirin yerində əvvəllər xanəgahın olması barədə mülahizələr mövcuddur. Bundan əlavə, bizim eradan əvvəl IX əsrə aid olan böyük əhəmiyyətə malik arxeoloji yaşayış yerindən biri də Ərəzin kəndidir. Burada aşkar olunmuş əmək alətlərinin qırıntıları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları və bişmiş kərpic nümunələri Ərəzin əhalisinin qədim yaşayışı haqqında məlumat verir. Aparılan qazıntılar zamanı abidənin bir hissəsində 2 metr qalınlığında mədəni təbəqə, həmçinin kül dolu ocaq yerləri və misdən hazırlanmış qarmaq aşkar edilmişdir.
Sədərək rayonunda yerləşən və XVII-XVIII əsrlərə aid olan Koroğlu qalası digər mühüm tarixi ərazilərdəndir. Bu qalaya mərdlik, igidlik, ləyaqət rəmzi hesab edilən Azərbaycan xalqının qəhrəmanı Koroğlunun adı verilmişdir.
Dəlmə qalası Ordubad rayonunda Sabirkəndin yaxınlığında Dəlmə nekropolundan 700-750 metr qərbdə dağın zirvəsində olan arxeoloji abidədir. Qalanın şimal divarının eni 2 metrə qədərdir. Aparılan arxeoloji qazıntılar sübut edir ki, qala qısa müddət istifadə edilmiş və qalanın daxilində kürənin qalıqları mövcud olmuşdur. Bu növ hərbi istehkamlardan Naxçıvanın digər kəndlərində də istifadə edilmişdir.
Sonda XIV əsr memarı Əhməd Əyyub oğlu Hafiz Naxçıvaninin xidmətlərini qeyd etməmək olmaz. Çünki o, Naxçıvan memarlıq məktəbinin inkişafında mühüm rol oynamış və müntəzəm olaraq Avropa memarlıq məktəbinə yüksək təsir göstərmişdir. Əhməd Əyyub Naxçıvani Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. Qarabağlar türbəsinin müəllifidir. Ə.Əyyub tərəfindən istifadə edilən simmetrik və yarımdairə üslubu Əcəmi memarlıq məktəbinin ənənəsidir. Onun istifadə etdiyi çoxrəngli ornamentlərin birləşməsi yalnız Azərbaycanda deyil, həmçinin Avropada memarlığın inkişafına böyük töhfə vermişdir.
Avropa tarixçiləri və alimləri gec-tez anlayacaqlar ki, Orta Asiya tarixçiləri ilə birlikdə Naxçıvanın abidələrinə, arxeoloji tədqiqat ərazilərinə, memarlıq məktəbinə və Azərbaycan Respublikasının rəmzi qalalarına əhəmiyyət vermədikləri müddətcə Avropanın qədim və orta əsr tarix mozaikası həmişəki kimi tamamlanmamış qalacaqdır.

Peter Tase
23.09.2015
Amerika Birləşmiş Ştatlarının
“Eurasia review” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR