Sentyabrın 22-də Naxçıvan Dövlət Filarmoniyasının akt zalında “Naxçıvan-Şərur el yallıları” kitabının təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini açıq elan edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Rəhman Məmmədov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, musiqişünasları, muxtar respublika oxucularını təbrik etdi, kitabın müəlliflərinə minnətdarlığını bildirdi.
Rəhman Məmmədov qeyd etdi ki, Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Milli dəyərləri xalqımızın varlığının vacib şərti hesab edən ümummilli lider Heydər Əliyev deyirdi: “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz öz milli dəyərlərimizlə fəxr edirik”.
Bildirildi ki, milli dəyərlərin, onun əsas daşıyıcısı olan xalq yaradıcılığının qorunması, tədqiqi və təbliği sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət muxtar respublikamızda uğurla davam etdirilir. 1995-2015-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd olunması sahəsində 100-dən çox fərman və sərəncam, o cümlədən “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalanmış, 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunmuş, xalqımızın qədim xalq yaradıcılığı ənənələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi sahəsində mühüm işlər görülmüşdür. Ötən müddət ərzində beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, sərgi, müsabiqə və seminarlar keçirilmiş, qədim xalq sənəti nümunələri canlandırılmış, kitab, jurnal və kataloqlar çap edilmiş, televiziya filmləri hazırlanmışdır.
Diqqətə çatdırıldı ki, xalq yaradıcılığının ən geniş yayılmış növlərindən biri yallılardır. Naxçıvandakı qədim yaşayış məskənlərində, xüsusilə Gəmiqaya abidəsindəki daş salnamələrdə əks olunan yallı elementləri Naxçıvan yallılarının tarixinin qədimliyini təsdiq edir. Əsrlərboyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi tanınmışdır. Məhz buna görə də ümummilli lider Heydər Əliyev Naxçıvanın qədim mədəniyyət abidəsi olan yallını qorumağı və yaşatmağı tövsiyə etmiş, bu folklor irsini “Naxçıvanın tacı” adlandırmışdır.
“Muxtar respublikamızda yallıların qorunması, yaşadılması və təbliği sahəsində də mühüm işlər görülür. Hazırda muxtar respublikada müxtəlif yallı qrupları fəaliyyət göstərir. Xalq yaradıcılığının ən qədim qaynağını yaşadan bu kollektivlər milli geyimlərlə təmin olunmuş, “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri bildirdi ki, yallı kollektivlərinin fərqlənən üzvləri diqqətdən kənarda qalmamış, onlara fəxri adlar verilmişdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli dəyərlərimiz – yallı” Folklor Festivalının keçirilməsi isə muxtar respublikada yallı kollektivlərinin fəaliyyətini daha da gücləndirmişdir.
Vurğulandı ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanın tarixi, etnoqrafiyası, mədəniyyəti, folkloru, görkəmli şəxsiyyətləri ilə bağlı kitabların nəşri artıq ənənə halını almışdır. Təqdimatına toplaşdığımız “Naxçıvan-Şərur el yallıları” kitabı da bu istiqamətdə növbəti çap məhsuludur. Kitab zəngin xəzinəmiz olan bu xalq musiqi və xoreoqrafiya incilərinin qorunub saxlanılması və gələcək nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin və Naxçıvan Dövlət Universitetinin magistrantı Kənan Məmmədlinin ərsəyə gətirdiyi bu kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi və bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumat verilmişdir. 90-dan çox yallının toplanaraq nota salınması kitabın dəyərini daha da artırmışdır.
Rəhman Məmmədov əmin olduğunu bildirdi ki, nəfis tərtibatla nəşr olunan “Naxçıvan-Şərur el yallıları” kitabı musiqişünaslar, yallı kollektivləri, tələbələr, eləcə də tədqiqatçılar və oxucular üçün faydalı olacaqdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova qeyd etdi ki, bu gün Naxçıvanın mədəni həyatı rəngarəng və çoxçalarlıdır. Bu mədəniyyət hadisələri içərisində son illər ənənə şəklini almış kitab təqdimatlarının da özünəməxsus yeri vardır. Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində Naxçıvanın tarixi, mədəniyyəti, incəsənəti, folkloru, görkəmli şəxsiyyətləri, milli dəyərləri ilə bağlı nəşr olunmuş kitabların təqdimetmə mərasimləri dövlətimizin bu sahəyə xüsusi önəm verdiyinin göstəricisidir.
Nazir bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tanınmış tarzən və pedaqoq Əkrəm Məmmədli və Kənan Məmmədlinin zəhməti nəticəsində işıq üzü görən “Naxçıvan-Şərur el yallıları” kitabı Azərbaycan xalq musiqi janrına aid olan yallıları, onların ifa xüsusiyyətlərini və not yazılarını əks etdirən nadir kitabdır. Kitabda verilmiş şəkillər, yallı ilə bağlı yazılmış yığcam və lakonik yazılar onun geniş ictimaiyyət üçün nəzərdə tutulduğunu göstərir. Qədim yallılarımızın toplanması və nəşri həm də istedad və zəhmətin vəhdətinin göstəricisidir.
“Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva çıxışında dedi ki, təqdimatına toplaşdığımız “Naxçıvan-Şərur el yallıları” kitabı yallılarımızın yaşadılması və qorunması baxımından olduqca dəyərlidir. Kitabda “Şərurda ifa olunan yallılar” başlığı altında “Şərur” Xalq Yallı Ansamblı, “Şərur qönçələri” Uşaq Yallı Ansamblının fəaliyyətinə yer ayrılmış, məlumatlar verilmişdir. Kitabda nota salınan bəzi yallılar ansamblların repertuarlarına əlavə ediləcəkdir.
Göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirən “Naxçıvan-Şərur el yallıları” kitabının müəlliflərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli vurğuladı ki, muxtar respublikamızla, onun tarixi, maddi-mədəniyyət abidələri ilə, milli-mənəvi dəyərləri ilə bağlı dəyərli əsərlərin Ali Məclis Sədrinin qayğısı və himayəsi sayəsində nəşr olunması, xalqın istifadəsinə verilməsi gözəl ənənə halını almışdır. Bu, ziyalıları çox sevindirir.
Təqdimat mərasiminə yekun vuran Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Rəhman Məmmədov “Naxçıvan-Şərur el yallıları” kitabının muxtar respublikadakı ali təhsil ocaqlarının, Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi məktəblərinin kitabxanalarına verildiyini bildirdi, bu istiqamətdə görülən işlərin davamlı xarakter aldığını diqqətə çatdırdı.
Rauf Əliyev