24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Vasif Adıgözəl­ovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Muxtar respublikamızın mədəniyyət müəssisələri kollektivlərinin, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açdı. Bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 18 fevral tarixdə Sərəncam imzalamışdır. Təsdiq edilmiş Tədbirlər Planına əsasən, muxtar respublikada “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adı­gözəlov­un rolu” mövzusunda konfrans keçirilmiş, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlər təşkil edilmişdir.

“Bu gün 80 illik yubileyini qeyd etdiyimiz görkəmli bəstəkar Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətti və üslubu olan sənətkarlarımızdandır. Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, öz yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərinin yüksək bədii sintezinə nail olan bəstəkarımız Azərbaycan musiqi mədəniyyətində xüsusi rolu olmuş bir nəslin, Adıgözəlovlar nəslinin nümayəndəsidir”, – deyən Natəvan Qədimova qeyd etdi ki, professor Vasif Adıgözəlov böyük sənətə 60-cı illərdə gəlmiş və yaradıcılığı boyu ümumtürk epos təfəkkürünü, yüksək Vətən əxlaqını və milli-mənəvi özünüdərki ifadə edərək heç kəsə bənzəməyən fərdi sənət üslubunu yaratmışdır.
Bildirildi ki, bəstəkarın sənət aləminə ilk və uğurlu debütü 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I qurultayında səslənən simfonik poema və sonatası olub. 1959-cu ildə Vasif Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilir və 1962-ci ildə C. Məmmədquluzadənin eyniadlı tragikomediyası əsasında “Ölülər” operasını yazır. Bir qədər sonra Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası əsasında R.Mustafayevlə birlikdə “Xəsis” operettasını yazan bəstəkar daha sonralar da bu janra müraciət edərək məşhurluq qazanır. Artıq 70-ci illərin əvvəllərində tanınan bəstəkar “Nənəmin şahlıq quşu” və “Ayrılaq, evlənərik” operettalarını, daha sonralar isə “Lənət şeytana”, “Aldın payını, çağır dayını” operettalarını yaradır.
Bəstəkarın 1968-ci ildə yaratdığı ikinci simfoniya da ona böyük şöhrət gətirmişdir. Yaradıcılığında bu janra üstünlük verən bəstəkar 4 simfoniya yazmış və Azərbaycan simfonizminin mürəkkəb konseptual inkişafının müasir mərhələsində yeni bir səhifə açmışdır. Bəstəkar deyirdi: “Məhz simfoniyada şəxsiyyətin formalaşması prosesi digər janrlara nisbətən daha parlaq ifadə olunur”.
Nazir qeyd etdi ki, görkəmli bəstəkar yaradıcılığı boyu bir sıra dram əsərlərinə, kinofilmlərə, sənədli və cizgi filmlərinə də musiqilər bəstələmişdir. Bəstəkarın yaradıcı­lığından danışarkən onun mahnılarını yaddan çıxartmaq olmaz. Onun xalq tərəfindən sevilən, yaddaqalan nəğmələri bu gün də dillər əzbəridir. Ötən əsrin 70-ci illərindən başlayaraq fəaliyyətini ümumittifaq miqyasında genişləndirən Vasif Adıgözəlov Mos­kvada, Ukraynada həm təşkilati, həm də yaradıcı çıxışlar edir. 80-ci illərdən başlayaraq yeni ideya-estetik istiqamətlərdə və janrlarda intensiv axtarışlar aparan böyük sənətkar Azərbaycanın tarixi taleyi ağır sınaqla üz-üzə gələndə, tarixi düşmənlər torpağımıza göz dikəndə vətənpərvərliyi əks etdirən “Odlar yurdu” və “Qarabağ şikəstəsi” oratoriyalarını yaradır. Bu yeni janr onun üslubunu ideya-emosional, bədii-fəlsəfi baxımdan daha da zənginləşdirir.
Vasif Adıgözəlovun 1995-ci ildə öz novator yaradıcılığı ilə XX əsr Azərbaycan professional musiqisinin yeni zirvələrini müəyyənləşdirən bəstəkar kimi “Şöhrət” ordeni ilə təltif olunduğunu deyən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri qeyd etdi ki, görkəmli bəstəkarın musiqisinin bədii-estetik məziyyətlərində öz əksini tapan tarixilik və müasirliyin vəhdəti, milli müəyyənlik, alliterasiyaların mozaik düzümü, ritm variasiyaları, monumentallıq və konseptuallıq əsas qayə təşkil edir. Onun musiqisi Azərbaycan xalqının milli qürurunu özündə əks etdirir.
Bəstəkarın Azərbaycan musiqisi tarixindəki xidmətləri daim dövlət tərəfindən diqqət mərkəzində olmuş, müxtəlif illərdə “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Professor Vasif Adıgözəlov 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.
Vurğulandı ki, hər bir sənətkarın sənəti onun şəxsiyyətindən, istedadından, mənəvi dünyasından və intellektindən doğur. Bu mənada, Vasif Adıgözəlov yaradıcılığı öz varlığı ilə Azərbaycan musiqi sənəti inciləri arasında yüksək zirvələrdən birini tutur.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü Yaşar Xəlilov “Vasif Adıgözəl­ov irsi Azərbaycanın milli-mədəni sərvəti kimi”, Naxçıvan Dövlət Universitetinin Musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova “Vasif Adıgözəlov yaradıcılığının janr rəngarəngliyi” mövzularında çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, sənətkar ömrü heç bir zaman tükənmir və onun yaratdığı sənət aləmi əlçatmaz bir ümmana bənzəyir. Bu ümmanın bir zərrəsi sənətkar ömrünü əbədiləşdirir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Vasif Adıgözəlov da belə sənətkar ömrü yaşamış, milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır.
Tədbir görkəmli bəstəkarın 80 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə davam etdi. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının, filarmoniyanın xalq çalğı alətləri, birləşmiş kamera və estrada orkestrinin, xor və solistlərinin ifasında səsləndirilən musiqi nömrələri tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR