Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan: intibahın 20 ili” mövzusuna həsr olunmuş rəsm sərgisi keçirilib.
Rəsm sərgisinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva gənc istedadların üzə çıxarılmasında belə sərgilərin əhəmiyyətli rol oynadığını bildirib.
Ülviyyə Həmzəyeva deyib ki, sərginin keçirilməsi əlamətdar bir günə – 14 iyula təsadüf edir. 1969-cu ildə məhz bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlib.
“Ümummilli lider Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daim inkişaf etməsini arzulayırdı. Bu gün Onun arzuları həyata keçirilir, ölkəmiz sürətlə inkişaf edir”, – deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikası 1995-ci ildən sonra sürətli inkişaf yoluna qədəm qoyub. Son 20 ildə muxtar respublikada ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bu qədim diyarı yeni inkişaf mərhələsinə yüksəldib. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən muxtar respublikanın Rəssamlar Birliyini də əhatə edib.
Vurğulanıb ki, yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olub. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb, məktəbəqədər tərbiyə müəssisələrində rəsm dərnəkləri yaradılıb.
Tədbirdə çıxış edən boks üzrə Avropa çempionu, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və gənc yazıçı Səmayə Səma sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğur və yeni-yeni nailiyyətlər arzulayıblar.
Sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları və gənc yazıçı Səmayə Səmanın kitabları təqdim edilib.
Sonra sərgiyə baxış olub.
Sərgidə 5-15 yaş qrupunda 49 uşağın yağlı və sulu boyalarla çəkilmiş rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət 166 əsəri nümayiş etdirilir.
Xəbərlər şöbəsi