Hər bir xalqın tarixini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, mədəni abidələrini öyrənmək üçün ən gözəl vasitələrdən biri muzeylərdir. Belə mədəniyyyət müəssisələri müxtəlif sahələri əhatə etməklə keçmişdən bu günə körpü rolunu oynayır. Muxtar respublikada “Muzey günləri”nin tərtib olunması bu cəhətdən böyük əhəmiyyət daşıyır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların kollektivləri Naxçıvan şəhərində, rayonlarda yaradılmış muzeylərə gedir, həmin muzeylərlə yaxından tanış olurlar.
İyulun 11-də “Naxçıvanqaz” İstehsalat Birliyinin, Satınalmalar üzrə Dövlət Agentliyinin kollektivləri Heydər Əliyev Muzeyini ziyarət ediblər. Burada onlara muzeyin fəaliyyəti haqda ətraflı məlumat verilib. “Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşı Elçin Nəsirov söhbət zamanı bildirdi ki, muzeylərə təşkil olunan gedişlər insanların dünyagörüşünün artmasında, yeni bilgilər əldə etmələrində mühüm rol oynayır. Bizə bu gün bu muzeydə ulu öndərimiz Heydər Əliyevin həyatı və siyası fəaliyyəti barədə zəngin məlumat verildi.
Həmin gün Dini Qurumlarla İş üzrə İdarənin, Dövlət Energetika Agentliyinin, Dövlət Baş Sığorta Agentliyinin kollektivləri Dövlət Bayrağı Muzeyini, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Arxiv İdarəsinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Statistika Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidməti və struktur qurumlarının, Dövlət Miqrasiya Xidmətinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun kollektivləri Ədəbiyyat Muzeyini, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzeti redaksiyasının kollektivləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Rza Qarayevlə də həmsöhbət olduq. O bildirdi ki, muzeyləri ziyarət artıq tələbata çevrilib. Çünki belə müəssisələrlə tanışlıq insanlarda zəngin təəssüratlar yaradır. Kollektivçilik ruhunu gücləndirir.
Həmin gün rayonlardakı muzeylər də ziyarət olunub.
Xəbərlər şöbəsi