Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamında deyilir: “Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”.
Günümüzdə xalq tətbiqi sənət növünün və əl işlərinin satışı onların təbliğ olunmasında stimulverici amildir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işləri mağazasının fəaliyyətə başlaması da bu məqsədə xidmət edir.
Mağazada muxtar respublikada yaşayan istedadlı qadınların tikmə, toxuma, taxta üzərində oyma nümunələri, böyüklər və uşaqlar üçün geyim dəstləri, məişət və mətbəxdə istifadə olunan ləvazimatlar, milli geyimlər, milli üslubda bəzədilmiş gəlinciklər, süni güllərdən və kağızdan hazırlanan kompozisiyalar, muncuq və daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət əl işləri satılır.
Müxtəlif növ sap, parça, muncuq, pilək və digər materiallardan hazırlanan tikmə və toxuma sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Bu gün muxtar respublikada ailələrin çoxunda nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür. Günümüzdə çox dəyərli sayılan bu nümunələrin nəsildən-nəslə keçərək bizə gəlib çatmasında onları qoruyan insanların əməyi danılmazdır. Bu baxımdan qadınların əl işlərindən ibarət mağazanın fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti