24 Dekabr 2024, Çərşənbə axşamı

İsti yay günlərindən birində yolum Şahbuz rayonunun eyniadlı kəndindən düşür. Eşitdiyimə görə, ağac şivlərindən müxtəlif əşyalar hörən Həsən Sadiqov burada yaşayır.
Kənd sakinlərindən soraqlayıb onun evini axarlı-baxarlı evlər arasında tapıram. “Ay ev yiyəsi” deyə çağırdığımda evdən bəstəboy, gülərüz bir kişi çıxır, – xoş gəlmisiz, buyurun, həyətə keçin, – deyir. Əslində, bizi elə ilk təklifdə həyətə keçməyə ürəkləndirən Həsən dayı yox, onun həyətinin balaca, qonaqların üzünə səmimiyyətlə açılmış qapısı olur. Çünki bu qapı əsl kənd həyəti qapısıdır. Nə üzərində zirehi olan darvazaya bənzəyir, nə də indi şəhər yerlərində dəbdə olan, qonağa gəl yox, get deyən seyf qapıları adlanan darvazalara.
Həsən dayı ilə salamlaşıb içəri giririk. Çox keçmir ki, evin xanımı da bizə “xoş gəldin” edir, həyətdəki balaca masanın üzərinə çay stəkanları, qarağat mürəbbəsi qoyulur, elə söhbətimizə də bu süfrə arxasında davam edirik:
– Həsən dayı, ağac şivlərindən, kollardan müxtəlif əşyalar düzəltməyə maraq necə yaranıb? Nə vaxtdan bu işlə məşğul olursunuz?

– Mənim əsl müəllimim təbiət, ağaclar, kollar, güllər, çiçəklər olub. Uşaq vaxtından ana təbiətin vurğunuyam. Hələ balaca vaxtlarımda dədə-babalarımızın ağaclardan köməyimizə gələn alətlər düzəltdiyinin şahidi olmuşam. İndiki vaxta baxma, o zaman insanların elə imkanları olmayıb ki, dükana girib istədiklərini alsınlar. Ona görə də ana təbiətin bizə verdiklərindən istifadə etməli olmuşuq. Mən hələ uşaqkən dərə-təpələrdə kol-kosa ilişib büdrəyəndə ağlıma da gəlməyib ki, bir gün onlardan nəsə düzəldəcəyəm.
Hələ məktəb illərində həyətimizdəki armud ağacında bülbül yuva salmışdı. Bir dəfə necə oldusa, bülbülün yuvası yerə düşdü. Mən onu alıb yerinə qoymaq istərkən bir az diqqət etdim. Gördüm ki, balaca bir quş çubuqlardan yuva düzəldəndə nə qədər sənətkarlıq işlədib, nə qədər diqqətlə hər bir çöpü hörüb yerinə qoyub. Bu, məni çox heyrətləndirmişdi və elə o vaxtdan da yavaş-yavaş ağac şivlərindən əşyalar hörməyə başladım. Əvvəllər bunda çox da bacarıqlı olduğumu deyə bilmərəm, ancaq zaman hər şeyi öz yerinə qoydu. Düşünürəm ki, təbiətdən hələ çox şeylər öyrənə bilərik. Onun gizli sirləri çoxdur. Məsələn, ağır bir yükə və gərginliyə davam gətirən bir tor düzəltmək istəyirsinizsə, qalın-qalın kitablara gərək yoxdur. Lap əliniz çatan yerdə hörümçəyin qurduğu tora baxsanız, nə qədər mükəmməl olduğunu görəcəksiniz.
– Bu əşyaları düzəldəndə hansı ağac və kollara üstünlük verirsiniz?
– Bu əşyaları düzəldərkən, əsasən, cavan söyüd şivindən, son dərəcə elastikliyi ilə seçilən həmərsin və gərməşov çubuqlarından istifadə etməklə səbət, cürə səbət, arı səbəti, çəpərə, cəvərə hazırlayıram. Əhali arasında “ilqarı” adlanan koldan hazır­lanan çalqu, süpürgə isə öz möhkəmliyi ilə seçilir. Çəpərə oval şəklində olur. Ondan çörəkyapmada və sulamada istifadə edilir. Çörək yaparkən quru çubuqlardan ibarət olan çəpərənin üzərinə örtük çəkilir, içinə saman doldurulur. Xəmir onun üzərinə yayılır və təndirin divarına yapışdırılır. Cəvərə isə ləyən, teşt şəklində olur, ondan bir əşyanın başqa yerə daşınmasında istifadə edilir. Səbət hazırladığım zaman qalın çubuqları eyni boyda kəsib onları 20 santimetrdən bir yerə basdırır, nazik civirlərlə (şivlərlə) aralarını hörməyə başlayıram. Hörmə başa çatdıqdan sonra səbətin yerə batan tərəfini çıxarıb, artıq qalan ucları isidib qatlayıram, beləcə səbət hazır olur. Arı səbətlərinin də öz toxunma texnikası var. Arı səbətinin toxunma üsulu eyni olsa da, elə hörməlisən ki, səbət konusvarı alınsın və əvvəlcədən hazırlanan arxa qapağa uyğun olsun. Ön tərəfdə arılar üçün uçuş bacası qoyulur. Sonra hörülmüş səbətin üzəri suvanır. Onu da deyim ki, arı səbəti hazırlayanda gərməşov kolunun çubuqlarına üstünlük verirəm. Çünki gərməşov çubuğu həm ətri ilə arıları cəlb edir, həm də arıları xəstələnməyə qoymur. Əbəs yerə demirlər ki, gərməşov dəri-zöhrəvi xəstəliklərinin birinci dərmanıdır.
– Düzəltdiyiniz əşyalara tələbat varmı?
– Açığını deyim ki, tələbat çox azdır. Hər kəs plastikdən hazırlanmış əşyalara can atır. Çünki insanlar bu əşyaların nə qədər dözümlü və xeyirli olmasından xəbərdar deyillər. Məsələn, düzəltdiyim səbətdə ilboyu meyvə məhsulu xarab olmadan qala bilər. Ancaq plastik vedrədə onun ömrü ən çox bir həftədir. İndi ancaq dost-tanış mənə bu əşyaları düzəltmək üçün xahiş edir və mən də imkan daxilində düzəldirəm. İstəmirəm ki, bu əşyalar məişətimizdən çıxsın, unudulsun. Arada uşaqları bu işə həvəsləndirirəm. İnanıram ki, onlar arasından bu işlə məşğul olanlar çıxacaq, hörmə sənəti də unudulmayacaq.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR