“Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, kollecin musiqi kollektivlərinin muxtar respublikanın şəhər və rayonlarında konsertlərinin keçirilməsi davam etdirilir. Dünən kollecin musiqi kollektivləri Culfa Rayon Mədəniyyət Evində konsert proqramı ilə çıxış ediblər.
Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov konsert başlamazdan əvvəl çıxış edərək “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın Naxçıvan musiqiçilərinin böyük sevincinə səbəb olduğunu bildirib. Qeyd olunub ki, hazırda kollecdə 552 tələbə 11 ixtisas üzrə təhsil alır. Bu tələbələrin təlim-tərbiyəsi ilə 181 müəllim və konsertmeyster məşğul olur. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub. Kollecin məzunlarından 420-yə yaxını Culfa rayonundandır. Hazırda kollecdə Culfa rayonundan 43 tələbə təhsil alır.
Sonra konsert olub. Qədim alətlər və “Dilruba” muğam ansambllarının, estrada orkestrinin və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə səsləndirilən mahnılar və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xəbərlər şöbəsi