(Əvvəli qəzetimizin 4 iyul 2015-ci il tarixli sayında)
“Şərq qapısı” qəzetinin müharibə dövründəki fəaliyyətindən bəhs edərkən qəzetə rəhbərlik etmiş redaktorların həmin illərdəki çətin və məsuliyyətli işindən söz açmamaq mümkün deyil. “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə çap olunmuş 1 yanvar 1972-ci il (№1) tarixli xüsusi buraxılışında müharibə dövründə qəzetə bir müddət rəhbərlik etmiş Məmmədəli Tarverdiyevin təbrik məktubunda 1941-1945-ci illərdə qəzetin keçdiyi ağır və məşəqqətli günlər xatırlanır, hətta ən çətin anlarda belə ruhdan düşmədiklərindən, “Hər şey Vətən üçün!” şüarını əsas tutaraq insanları Vətən uğrunda mübarizəyə səslədiklərindən bəhs olunur.
Məqalədən aydın olur ki, “Şərq qapısı” qəzetinin müharibə dövründə cəbhədə vuruşan və ad-san qazanan naxçıvanlı döyüşçülərdən bəhs edən xüsusi nömrəsi çapdan çıxmışdır. Həmin nömrədə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev, Abbas Quliyev, polkovnik Akim Abbasov, kapitan Həmzə İbrahimov, həkimlərdən Əbdüləli Tahirov, Surə Allahverdiyeva, tibb bacısı Firuş Məmmədəliyeva, sıravi əsgər Allahverdi Kərimov və başqalarının düşmənlə mübarizəsini əks etdirən məqalələr öz əksini tapmışdır. Yüksək səviyyədə hazırlanan bu nömrə paytaxt qəzetlərinin də diqqətini cəlb etmiş və “Kommunist” qəzeti “Cəbhəni sevən, cəbhəçini sevdirən qəzet” başlığı altında həmin nömrəyə müsbət xülasə vermişdir.
Həmin nömrədə dərc olunmuş Əli Mirzəyevin “İnsan, dost, həyat” məqaləsində 1941-1945-ci illər müharibəsində həlak olmuş redaktorlardan bəhs edilir. Müharibədə yüksək şücaət göstərərək həlak olmuş redaktorlardan Hüseyn Ağrılı, Xəlil Əminov, Musa İsmayılovu da yad edən müəllif bu redaktorların redaksiyaya rəhbərlik etdikləri dövrlərdəki xatirələrdən bəhs edərək Hüseyn Ağrılının müharibəyə getməzdən əvvəl qəzetin kollektivinə dediyi sözləri xatırlayır: “Mən könüllü olaraq cəbhəyə gedirəm. Xahişim budur ki, qəzetin yaxşı çıxarılmasına diqqət edəsiniz. Bütün qüvvələri düşmən üzərində qələbə çalınmasına yönəldin”.
Bundan əlavə, Böyük Vətən müharibəsi illərində yazılan bir çox mətbuat xülasələrində “Şərq qapısı” qəzetinin müharibə dövründəki fəaliyyətinə yüksək qiymət verilmişdir. Azərbaycan Baş Mətbuat Müdirliyinin xülasəsində deyilir: “Şərq qapısı” Naxçıvan MSSR-də xalq təsərrüfatının, mədəni-maarif cəbhəsinin əsas sahələrində aparılan işləri, faşist Almaniyası ilə sovet xalqının apardığı Böyük Vətən müharibəsinin gedişatını, arxanın cəbhə ilə sıx əlaqəsini, Naxçıvan zəhmətkeşlərinin fədakar əməyini, cəbhə epizodlarını, ayrı-ayrı naxçıvanlı əsgər və zabitlərin sovet vətəninin istiqlaliyyəti uğrunda faşist qoşunları ilə döyüşlərdə göstərdikləri bacarıq və igidlikləri öz səhifələrində kifayət qədər işıqlandıra bilmişdir”.
Əli Mirzəyevin “Qəzet və cəbhə ilə əlaqə” başlıqlı məqaləsi də qəzetin müharibə dövründəki fəaliyyətini əks etdirir. Müəllif yazır: “Qəzet öz oxucularına sovet xalqının alman-faşist işğalçılarına qarşı apardığı ölüm-dirim müharibəsinin gedişindən, cəbhə epizodlarından, Naxçıvan zəhmətkeşlərinin fədakar əməyindən, ayrı-ayrı naxçıvanlı əsgər və zabitlərin vətənimizin istiqlaliyyəti, sovet xalqının azadlığı uğrunda alman-faşist işğalçılarına qarşı mübarizədə göstərdikləri igidlik və qəhrəmanlıqlardan ətraflı məlumat verir, arxa döyüşçülərini yeni-yeni əmək qəhrəmanlıqları göstərməyə ruhlandırırdı”.
Məqalədən aydın olur ki, qəzet müharibədə qəhrəmanlıq göstərən ayrı-ayrı döyüşçülər haqqında xeyli material-məqalə, oçerk, şeir və başqa yazılar dərc etmişdir. Diviziya komissarı Kazım İsmayılovun döyüşçü İslam Səfərlinin müharibə cəbhəsində göstərdiyi qəhrəmanlığı Zeynəddin kəndində yaşayan atası Əhməd Səfərova çatdırmaq üçün redaksiyaya etdiyi müraciət cavabsız qalmamış, redaksiya kənd sakinləri arasında məktubun oxunuşunu təşkil etmiş və məktub böyük sevincə səbəb olmuşdu. Redaksiya İslam Səfərlinin atası və kənd sakinləri adından cəbhəyə cavab məktubu təşkil etmiş və diviziya komissarı ilə bərabər, onların da məktubları qəzetdə dərc edilmişdi.
Qəzet xalq təsərrüfatının bütün sahələrində çalışan əmək adamları sırasında irəlidə gedənlərin sayının artmasına, qabaqcıl təcrübənin geniş yayılmasına, nöqsan və kəsir cəhətlərin kəskin tənqid edilərək aradan qaldırılmasına ciddi fikir verirdi. Qəzetdə “Cəbhəçilər briqadası yaradaq!”, “Qocalar, qadınlar və yeniyetmələr cəbhəyə gedənləri əvəz edək!”, “Hər şey cəbhə üçün, hər şey qələbə naminə!” rubrikaları altında çoxlu məktub, oçerk, zarisovka, şeir, felyeton və sair yazılar dərc olunmuşdu.
Akademik İsa Həbibbəyli məqalələrinin birində qəzetin müharibə dövründəki fəaliyyətini yüksək qiymətləndirərək yazır: “Böyük Vətən müharibəsinin meydana çıxardığı xüsusi çətinliklər dövründə “Şərq qapısı” qəzeti cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi regionda hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir”.
Böyük Vətən müharibəsindən sonra mətbuatda əvvəlki illərlə müqayisədə dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Şərq qapısı” qəzeti ədəbi mühitlə yanaşı, xalq təsərrüfatının ayrı-ayrı sahələrindən təsirli yazılar vermişdir. O dövrdə redaksiyanın əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir. Dövrün sosial həyatda yaratdığı boşluq redaksiyanın fəaliyyətində qəzet çapının zəifliyi və klişelərin aşağı səviyyədə olması ilə yadda qalmışdır.
Bu müddət ərzində pedaqoji sahə diqqət mərkəzində saxlanılmış, “Məktəb həyatı”, “Valideynlər guşəsi” rubrikaları altında tərbiyə mövzusunda çoxlu məqalə və məktublar dərc edilmişdir.
Qəzetdə “Sadə adamlar haqqında hekayələr”, “Maraqlı xəbərlər”, “Bilirsinizmi?” başlığı altında tez-tez maraqlı məlumatlar verilmişdir.
Fəaliyyətinin bütün mərhələlərində tənqidi yazılara üstünlük verən “Şərq qapısı” qəzetində “Tənqid atəşi ilə”, “Düzü düz, əyrini əyri”, “Satira və yumor”, “Müxbirlərin gözü ilə, Molla Nəsrəddinin sözü ilə” rubrikaları altında cəmiyyətin bir çox nöqsanları ifşa edilmişdir.
Ümumilikdə, XX əsrin 60-cı illəri istər mətbuat, istərsə də ədəbiyyat sahəsində davamlı inkişafla yadda qalmışdır.
(Ardı var)
Surə SEYİD
filologiya üzrə fəlsəfə doktoru