Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında “Mətbuat: tarix və müasirlik” mövzusunda dəyirmi masa müzakirələrinin təşkil olunması da nəzərdə tutulmuşdur.
İyulun 8-də Şahbuz Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Oğuz səsi” qəzetinin redaksiyasında bu mövzuda dəyirmi masa keçirilmişdir. Tədbirdə Naxçıvan Mətbuat Şurasının üzvləri, şəhər və rayon qəzetlərinin redaktorları, “Oğuz səsi” qəzetinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Azərbaycan milli mətbuatının keçdiyi yol”, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov “Mətbuat: tarix və müasirlik” və “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva “Muxtar respublikada mətbuata dövlət qayğısı” mövzularında çıxışlar etmişlər. Çıxışlarda bildirilmişdir ki, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı xalqımızın maarifləndirilməsində mühüm rol oynamışdır. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanda mətbuatın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlunun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə mətbuat orqanlarının müstəqil fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu gün ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Müxtəlif vaxtlarda imzalanan Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamlar, eləcə də 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncam ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına yeni imkanlar açmışdır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaradılmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi mətbuata göstərilən böyük qayğının ifadəsidir.
Bildirilmişdir ki, kütləvi informasiya vasitələrinin inkişafına göstərilən böyük diqqət və qayğıdan Naxçıvan mediasına da xeyli pay düşmüşdür. Mətbuata göstərilən qayğıdan Azərbaycanın qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı” qəzeti, eləcə də muxtar respublikada nəşr olunan şəhər və rayon qəzetləri də bəhrələnmiş, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzeti redaksiyası və Ali Məclisin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, əməkdaşlar üçün müasir iş şəraiti yaradılmış, qəzetlərin rəngli nəşrinə başlanmışdır. Bütün bunlarla yanaşı, qəzet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Son illər jurnalistlərin əməkhaqları dəfələrlə artırılmış, redaksiyalara yeni xidməti avtomobillər, müasir texniki avadanlıqlar verilmişdir.
Vurğulanmışdır ki, mətbuata göstərilən dövlət qayğısından “Oğuz səsi” qəzeti də yararlanmış, son illərdə qəzet redaksiyasında maddi-texniki baza yenilənmiş, qəzet əməkdaşlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Bununla yanaşı, redaksiyaya gənc kadrların cəlb edilməsi də diqqət mərkəzində saxlanılmış, əməkdaşların peşəkarlığının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.
“Oğuz səsi” qəzetinin keçmiş əməkdaşlarından Şəmsəddin Kərimov, Çərkəz Məhərrəmov və Xanlar Səfərəliyev çıxış edərək Azərbaycan milli mətbuatının keçdiyi yoldan danışmış, çalışdıqları dövrlə bu günü müqayisə edərək muxtar respublikada mətbuata göstərilən dövlət qayğısının nümunə gücündə olduğunu bildirmişlər.
Sonda dəyirmi masa iştirakçıları Naxçıvanda mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, “Oğuz səsi” qəzetində yaradıcılıq axtarışlarının artırılması və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparmışlar.
Səbuhi HƏSƏNOV