24 Dekabr 2024, Çərşənbə axşamı

Nəqqaşlıq hansısa şəklin və ya yazının kəsici alətlə müxtəlif materialların üzərinə həkk olunmasıdır. Nəqqaşlıq dekorativ-tətbiqi sənət növü kimi qəbul edilir. Müasir dövrdə, əsasən, məişət əşyalarının bəzək işlərində tətbiq olunur. Texniki xüsusiyyətlərinin çətinliyi ucbatından uzun illər bu işlə yalnız mahir sənətkarlar məşğul olublar və bu sənət əsrlərboyu yüksək qiymətləndirilib. Nəqqaşlıqla məşğul olan kəslərə nəqqaşlar deyilir. 

Nəqqaşlar ya əl ilə, ya da mexaniki üsulla işləyirlər. Bu zaman onlar metal, daş, taxta, şüşə üzərinə müəyyən təsvirləri köçürür, dekorativ bəzək işlərini görürlər. Adətən, nəqqaşlar həm də rəssam və xəttat olurlar. Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri sayılan nəqqaşlıq uzaq keçmişdə şöhrətli peşə sahəsi kimi tanınıb. İndi daha çox müasirləşib və nisbətən istiqamətini də genişləndirib. Qədim zamanlarda işlənmə xüsusiyyətləri xüsusi peşəkarlıq tələb etdiyi üçün uzun zaman bu sənətlə yalnız məharətli ustalar məşğul olublar. Bu əl işləri metal, daş, taxta, şüşə üzərinə cızılan təsvirlər və ya dekorativ bəzək işlərindən ibarət idi. Çox zaman nəqqaşlar rəssamlığı və xəttatlığı gözəl bilən şəxslər olurdu. Nəqqaşlıq sənəti ilk dəfə Çində yaranıb. Sonrakı mərhələlərdə nəqqaşlıq sənəti Yunanıstan və Orta Asiyada inkişaf etməyə başlayıb. Azərbaycanda da nəqqaşlığın inkişafında böyük rol oynayan sənətkarlar yaşayıb. Şah İsmayıl Xətainin dövründə Səfəvi sarayının yanında məşhur Təbriz sənət məktəbi təsis olunub. Tanınmış rəssam Behzad Heratdan bura qayıdıb və bu məktəbə başçılıq edib. Behzad bu dövrdə xüsusilə böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olub.

Nəqqaşlığın tarixi haqqında bir çox məlumatlar olsa da, bu sənət növü tam əhatəli tədqiqata cəlb olunmayıb. Daha çox riyazi dəqiqlik, həvəs və səbir tələb etdiyinə görə kütləvi xarakter almayıb. XI əsrdə Avropa ölkələrində qrafika sənəti təşəkkül tapıb. O dövrdən metalişləmə, ağacoyma və silahların bəzədilməsi dəbə düşüb. Beləliklə, bu sənət tezliklə Yaxın Şərqdə, o cümlədən İran, Türkiyə, Misir, İspaniya və Mərakeşdə geniş yayılıb. Qaynaqlarda göstərilir ki, ölkəmizdə nəqqaşlıq sənəti XIX yüzillikdə geniş inkişaf edib. Şamaxıda Mirzə Cəfər, Şuşada Usta Qurban Qarabaği, Ordubadda Usta Zeynal Nəqqaş və başqaları bu dövrün məşhur ustaları olublar.
Mənbələrdən aydın olur ki, Usta Zeynal Nəqqaşın əl işləri özünəməxsusluğu ilə seçilib. Onun abidələr üzərinə vurduğu naxışlar zamanın sınağından çıxaraq bu günümüzədək gəlib çıxmışdır.
Qeyd edək ki, Usta Zeynal Nəqqaş dövrünün məşhur xəttat, nəqqaş və şairi kimi tanınıb. El arasında “Qızıl əlli nəqqaş” adı ilə məşhur olub. Naxçıvanda Xan sarayına, Bakıda Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə, Təbrizdə və Ordubaddakı Cümə məscidlərinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kənd­lərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu naxışlar hələ də qalmaqdadır. Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”ə möhtəşəm naxış elementləri vurub. Eyni zamanda XIX əsrin axırlarında Ordubaddakı Cümə məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə “Şiri-xurşid” gerbini işləyib. Həmçinin məscidin divarına öz şeirindən beytlər də həkk edib. Ordubadda təşkil edilən “Əncüməni-şüəra” adlı ədəbi məclisin məşğələləri bəzən Usta Zeynal Nəqqaşın evində keçirilib. Görkəmli yazıçı Məmməd Səid Ordubadinin məşhur “Tərcümeyi-halım” əlyazmasında Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var. Nəqqaş insanları düz yola, cəmiyyətə xeyir verməyə, pak və ülvi məhəbbətlə sevməyə çağıran bir sıra lirik şeirlər müəllifidir.
Nəqqaşlığın bir sıra janrları mövcuddur. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra basma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş təsvirlərə litoqrafiya, ağac üzərində həkk olunmuş təsvirlərə isə ksiloqrafiya deyilir (“lito” yunanca daş, “ksilo” ağac deməkdir). Müasir dövrdə nəqqaşlıqda, əsasən, kitab qrafikası (kitabların tərtibatı), dəzgah qrafikası (bir nüsxədə yaradılan əsərin çoxaldılması), elmi-tədqiqat qrafikası (elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri və sair) istifadə olunur.
Nəqqaşın səbri, zövqü, əllərindən savayı nəqqaşlıq alətləri də vardır ki, nəqqaşlar üçün bunlar vacibdir. Bu alətlər nələrdir, necə hazırlanır, necə istifadə olunur?
Nəqqaşlar materialı kəsmək üçün müxtəlif alətlərdən istifadə edirlər. Puanson formasına görə mismara bənzəyən alətdir. Onun köməyilə müxtəlif dərinlikdə və müxtəlif endə xətlər çəkmək (cızmaq) mümkündür. Ştixel nəqqaş qələmidir. Frezer fırlanan kəsici alətdir. Bu alətlərdən indi yalnız zərgərlikdə istifadə olunur.
Müasir dövrün nəqqaşları çox vaxt lazerdən istifadə edirlər. Bu zaman material üzərinə hərf və şəkilləri daha aydın təsvir et­mək, iti bucaqları, müx­təlif sıxlıqlı şəkilləri daha dəqiq həkk etmək olur. Metal və şüşə üzərinə təsvir salmaq üçün isə nəqqaşlar müxtəlif kimyəvi turşulardan istifadə edirlər. Hazırda nəqqaşlığın sənaye üsulundan daha çox istifadə olunur. Müasir dövrdə işlənilən səlis kompozisiyalı, mürəkkəb naxışlı bədii qutular, mücrülər, hədiyyə qovluqları və sair nəqqaşlıq nümunələri sayılır. Hazırda əsl nəqqaşlığın tətbiq edildiyi sahələrdən biri də zərgərlikdir. Ağac, metal, keramika məmulatlarına bəzək vurmaq üçün əlvan metal təbəqələrdən, fil və digər heyvanların sümüyündən, plastmasdan hazırlanan həndəsi formalı kiçik fiqurlar məmulatın üzərinə yerləşdirilir və onlardan müxtəlif formalı naxışlar yaradılır.
Xalq rəssamı Hüseynqulu Əliyev mövzu ilə bağlı söhbətimizdə qeyd etdi ki, nəqqaşlıq rəssamlığın tərkibinə daxildir. Müasir dövrümüzdə də nəqqaşlıq geniş inkişaf etdirilir. Hər bir rəssamın yaratdığı əsərdə müəyyən nəqqaşlıq elementləri yer alır. Nəqqaşlıq qədimdən bəri Naxçıvanda əhəmiyyətli yer tutmuşdur. Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir. Qədim xalq adət-ənənələri müasir zamanımızda bir çox xalq sənətkarları tərəfindən yaşadılır, inkişaf etdirilir. Lakin nəqqaşlıq kimi gözəl və lazımi sənət növü təəssüf ki, dövrümüzdə unudulub.
Rəssam Nizami Alıyev isə bildirdi ki, nəqqaşlıq bəzi sənət növlərinin tərkibində yaşadılsa da, bu, o dövrdəki nəqqaşlıq sənətini tam mənasıyla əhatə etmir, çünki əvvəllər nəqqaşlıq böyük sahə olub.
Qədim sənət növlərini inkişaf etdirmək keçmişimizi unutmamaq üçün vacibdir. Bu, keçmişə sədaqət, gələcəyə borcumuzdur.

Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR