24 Dekabr 2024, Çərşənbə axşamı

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun “Palitraya sığmayan rənglər” miniatür kitab-kataloqunun təqdimat mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında rəssamlara böyük diqqət və qayğı göstərilir. Rəssam Şamil Qazıyevin yaradıcılığı ilə bağlı hazırlanan kitab-kataloqun, Naxçıvanın füsunkar təbiətinin fotoetüdlərinin və muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərindən ibarət “Naxçıvan” kataloqunun, Azərbaycan Respublikasının Əməkdar rəssamı Mircəlil Seyidovun kitab-albomunun, Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloqun, “Naxçıvan – bəşəriyyətin beşiyi” rəsm festivallarının kataloqlarının nəşr olunması muxtar respublika rəhbərinin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının nəticəsidir.

“Naxçıvan şəhərində fəaliyyət göstərən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür kitab şöbəsinin yaradılması da məhz muxtar respublika rəhbərinin dəstəyi ilə gerçəkləşib”, – deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vurğulayıb ki, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova hər zaman Naxçıvan rəssamlarına dərin hörmət bəsləyib, onların rəsm sərgilərində həvəslə iştirak edib. Bu gün Telman Abdinovun “Palitraya sığmayan rənglər” adlı miniatür kitab-kataloqunun işıq üzü görməsi də Zərifə Salahovanın, ümumilikdə, naxçıvanlı rəssamlara bəslədiyi hörmətin, rəğbətin təzahürüdür.
Ülviyyə Həmzəyeva kitab-kataloqun işıq üzü görməsi və iyulun 1-də 61 yaşının tamam olması münasibətilə Telman Abdinovu təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev bildirib ki, xalq sənəti nümunələrini və xüsusən Naxçıvan təbiətini dərindən öyrənən istedadlı rəssam rəngkarlıq və tətbiqi sənət əsərlərini ustalıqla sərgilərdə nümayiş etdirir. Bütövlük, obrazın daxili xarakteri, materiallıq, siluet cazibəsi, aydın rəng tonları Telman Abdinovun portret, mənzərə, natürmort və mövzulu əsərlərinin əsasını təşkil etdiyini bildirən Hüseynqulu Əliyev kitab-kataloqun işıq üzü görməsi münasibətilə rəssamı təbrik edib.
Telman Abdinov çıxış edərək deyib ki, miniatür kitablara, əsasən, elmin, mədəniyyətin, incəsənətin yüksək inkişaf dövrünü yaşayan ölkə­lərdə maraq göstərilir. Bu gün ölkəmiz məhz sürətli inkişaf dövrünü yaşayır, intibahın Naxçıvan nümunəsi hər kəsin diqqətini cəlb edir.
Rəssam qeyd edib ki, oxucular kitab-kataloqda portret, natürmort və digər janrlarda yaradılan rəsm əsərləri ilə birlikdə “Tariximizi qoruyaq”, “Sönməyən həyat”, “Bir millət, iki dövlət”, “Əlincə qala”, “Haça dağ” və digər əsərlərlə tanış olacaqlar.
Sonda Telman Abdinovun və digər naxçıvanlı rəssamların rəsm əsərlərindən ibarət sərgiyə baxış oldu.
Qeyd edək ki, miniatür kitab-kataloq Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salah­ovanın təşəbbüsü ilə çap olunub.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR