İyulun 1-də Ordubad şəhərindəki Məmməd Səid Ordubadinin ev-muzeyində “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında” 2012-ci il 10 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq, yazıçının əsərlərinin bir qismi yenidən çap olunub.
Sərəncamdan sonra “Məmməd Səid Ordubadi: Həyatım və mühitim”, “Məmməd Səid Ordubadi: taleyi və sənəti”, Yavuz Axundlunun “Məmməd Səid Ordubadi” kitabları nəşr edilib, yazıçının 140 illik yubileyi qeyd olunub. Bu gün təqdimatına yığışdığımız “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabı da ədibin 140 illik yubileyinə həsr edilib.
Qeyd olunub ki, Azərbaycanda, eləcə də dünyada yeganə Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə xanım Salahova bu miniatür kitabın ərsəyə gəlməsində böyük zəhmət çəkib. Zərifə xanım Salahova ötən il sentyabr ayının 29-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş miniatür kitabın təqdimat mərasimində iştirak edib. Eyni zamanda o, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür kitab şöbəsinin yaradılmasında da böyük zəhmət çəkib. Ona görə də biz Zərifə xanım Salahovanın əməyini yüksək qiymətləndirir, ona muxtar respublikanın, eləcə də Ordubad rayonunun bütün ziyalıları adından dərin minnətdarlığımızı bildiririk.
Miniatür Kitab Muzeyinin ilk dəfə Azərbaycanda yaradıldığını deyən Asim Əliyev bildirib ki, bu muzey ümummilli lider Heydər Əliyevin qayğısı ilə 2002-ci il aprelin 23-də Bakıda açılıb. Bu gün həmin muzeydə dünyanın 60-dan çox ölkəsində çap olunan altı mindən çox miniatür kitab toplanıb ki, bu kitablar içərisində Azərbaycan nəşriyyatlarının çap etdirdiyi miniatür kitablar da yer alıb. 278 səhifədən ibarət olan “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabı da belə nəfis tərtibatla çap olunan kitablardandır.
Vurğulanıb ki, Məmməd Səid Ordubadinin bu miniatür kitabında onun yaşadığı dövrlə, mühitlə bağlı fikirləri geniş yer alıb. Müəllif kitabın “Familiyamız”, “Şeir və ədəbiyyatın qiyməti”, “İpək ticarəti”, “Mən ipək zavodunda”, “Qəflət”, “Culfada”, “İyul günləri”, “Naxçıvan həbsxanasında” və sair fəsillərində həyatının uşaqlıq illərindən başlayaraq 1917-ci ilə qədər olan hadisələri qələmə alıb. Onun həyatının ağır, çətin günləri, XX əsrin əvvəllərində inqilabi fəaliyyətə qoşulması, qəzetdə çalışması, sürgünlərdə olması kitabda real lövhələrlə təsvir olunur. Biz bu miniatür kitabın çap olunmasını Zərifə xanım Salahovanın Naxçıvan ədəbi mühitinin yetirməsi olan qüdrətli sənətkara böyük məhəbbətin bariz ifadəsi kimi dəyərləndiririk.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün muxtar respublikada başqa sahələr kimi, mədəni həyatımız da intibah dövrünü yaşayır. Qədim diyarımızın tarixi keçmişi ilə bağlı kitabların nəşr olunması, beynəlxalq səviyyəli elmi konfransların, simpoziumların, görkəmli tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, şair və yazıçılarımızın, elm, maarif fədailərinin ev-muzeylərinin yaradılması bir daha təsdiq edir ki, muxtar respublikada hər bir sahədə uğurlarımız saysız-hesabsızdır. Elə Ordubad rayonunda da Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin ev-muzeylərinin fəaliyyət göstərməsi, bu muzeylərin yenidən qurulması, Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması ilə bağlı sərəncamın verilməsi onu göstərir ki, qədim diyarımızda muzeylər şəbəkəsi genişləndirilir, tarixi şəxsiyyətlərimizin adı ilə bağlı muzeylərin sayı gündən-günə çoxalır. Bütün bu işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlığımızı bildiririk.
Məmməd Səid Ordubadinin ev-muzeyinin direktoru Rüstəm Rəhimov, Ordubad rayon Aşağı Əndəmic kənd kitabxanasının böyük kitabxanaçısı, Məmməd Səid Ordubadinin qohumu Sevinc Məmmədova çıxış edərək kitabın nəşr edilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarına “Məmməd Səid Ordubadi: Həyatım və mühitim” miniatür kitabı hədiyyə edilib, görkəmli yazıçının ev-muzeyinə baxış olub.
Səbuhi Həsənov