Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən xalq teatrlarının festivalı başa çatıb.
Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Şahbuz Rayon Xalq Teatrı böyük bəstəkar və dramaturqumuz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını göstərib.
Qeyd edək ki, Şahbuz Rayon Xalq Teatrı 2011-ci ildə yaradılıb. Bu teatrı fərqləndirən əsas xüsusiyyətlərdən biri daha çox musiqili komediyalara müraciət etməsidir. Kollektivin ötən dövr ərzində hazırladığı “Ər və arvad”, “Beş manatlıq gəlin”, “Evliykən subay”, “O olmasın, bu olsun” tamaşaları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
“O olmasın, bu olsun” komediyası çox sadə süjetli, hər bir azərbaycanlının dönə-dönə baxdığı və hər dəfə baxanda gülüş doğuran nikbin və şən tamaşa kimi sevilir. Tamaşanın rejissoru Ramiz Cəlilov, tərtibatçı rəssamı Səbuhi Tarverdiyev, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevdir.
Musiqili komediyanın baş qəhrəmanı Məşədi İbad azərbaycanlı tamaşaçı üçün o qədər məşhurdur ki, onun adı gələndə hamının dodağı qaçır. Həm də bu obraz komediyanın bütün personajları ilə münasibətdədir. Onun düşüncəsi, hərəkəti, rəftarı, fikri, danışığı daim gülüş doğurur. Bu surəti Gündüz Kəlbili pula həris, cavan qızla evlənməyi özünə ar bilməyən bədii tip səviyyəsində təqdim etməyi bacarmışdır.
Musiqili komediyanın başqa tipləri – Rüstəm bəy (İsa Qələndərov), Həsənqulu bəy (Nihad Hüseynov), Qəzetçi Rza bəy (Şahin Orucov), Qoçu Əsgər (Namiq Qəmbərov), Məşədi İbadı ifşa etsələr də, onu gülünc vəziyyətə salsalar da, əslində, özləri də gülüş hədəfidirlər.
Məşədi İbadı rüsvay edən Hambalın (Səlim Bayramov) halına acısaq da, gülürük. Dahiliyin sadəliyini, sadəliyin dahiliyini göstərən bu ölməz musiqili komediya xalq teatrının ifasında rəğbətlə qarşılandı. Dəfələrlə səhnəyə qoyulan, kinofilmə çəkilən bu musiqili komediyanın peşəkar olmayan aktyorlar tərəfindən səhnə təcəssümü cəsarətli yaradıcılıq addımı hesab edilməlidir.
Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova çıxış edərək bildirdi ki, bu gün muxtar respublikamızın müxtəlif bölgələrində xalq teatrlarının fəaliyyət göstərməsi və uğurlu tamaşalarla çıxış etməsi Naxçıvanda mədəni həyatımıza göstərilən diqqət və qayğının nəticəsidir. Xalq teatrlarının və dram dərnəklərinin işinin daha da səmərəli təşkilində, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsində, onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasında belə festivalların keçirilməsi böyük əhəmiyyət kəsb edir. 10 gündən çox davam edən festival bu kollektivlərdə maraqlı həvəskar aktyorların olduğunu göstərdi. İnanırıq ki, xalq teatrlarının kollektivləri gələcəkdə daha zəngin, rəngarəng və maraqlı tamaşalarla çıxış edəcəklər.
Natəvan Qədimova kollektivlərə professional səhnəyə gedən yolda uğurlar arzuladı.
Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə festivalın təşkilatçılarına, onun keçirilməsinə şərait yaradanlara minnətdarlıq etdi.
Festivalda Babək Rayon Xalq Teatrı birinci, Şərur Rayon Xalq Teatrı ikinci, Şahbuz Rayon Xalq Teatrı üçüncü yerə layiq görülüb. Qaliblərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun pul mükafatları, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olunub.
Əli Rzayev