Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış ikihissəli tamaşa ilə 132-ci teatr mövsümünü başa çatdırıb.
Tamaşadan əvvəl Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev çıxış edərək Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən, onların estetik zövqünün formalaşmasında, işıqlı və mütərəqqi ideyaların yayılmasında gördüyü işlərdən söhbət açıb. Qeyd olunub ki, ötən mövsümdə hazırlanmış “Yəhya bəy Dilqəm”, “Qurtuluş dastanı”, “Nadanlıq” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanan səhnə əsərləridir. Teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə muxtar respublikanın müxtəlif rayonlarında dövlətçilik, vətənpərvərlik mövzusunda qələmə alınmış “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Qurtuluş dastanı” kimi tamaşaların gənclər qarşısında nümayişini təşkil edib. Bu tamaşalarda dövlətçilik ideyaları, Vətənin müstəqilliyə qovuşması əksini tapdığı üçün gənclər tərəfindən maraqla qarşılanıb.
Xalq artisti teatrlara və sənət adamlarına diqqət və qayğıdan da söhbət açıb. Bildirib ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının son illər yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, həm də sənət ocağına diqqət və qayğının ifadəsidir. Muxtar respublikada teatr kollektivlərinə, sənət adamlarına dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir, səmərəli fəaliyyətlərinə görə yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülür, onların yubileyləri yüksək səviyyədə qeyd olunur. Xalq artisti sonda bildirib ki, Naxçıvanda fəaliyyət göstərən teatrlarımız bundan sonra da dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən səhnə əsərlərini hazırlamaqla milli dəyərlərin qorunması və gələcək nəsillərə aşılanması sahəsində şərəfli vəzifəni layiqincə yerinə yetirəcəklər.
Sonra İftixar Piriyevin “Qurtuluş dastanı” ikihissəli epik tarixi dramı əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərinin müxtəlif məqamları səhnə həllini tapıb. Dahi şəxsiyyətin zəngin həyat yolunun müxtəlif məqamlarını əks etdirən tamaşada habelə ulu öndərin ayrı-ayrı hadisələrə münasibəti də yer alıb.
“Qurtuluş dastanı” tamaşasında Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, aktyorlar Elnur Rzayev, Şölə Novruzbəyli və başqalarının ifaları maraqla qarşılanıb.
Xəbərlər şöbəsi